Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:37

Omikron: Bəzi ekspertlər ümidli, bəziləri narahatdır


DST-nin rəhbəri Tedros Adhanom Gebreyesus deyib ki, Omikronun son variant olmasını və ya pandemiyanın başa çatmasını düşünmək təhlükəlidir

Omikron Birləşmiş Ştatlarda tüğyan etməyə başlayandan bir neçə həftə sonra ekspertlər deyirlər ki, bu raket sürətilə yoluxan variantın sürəti səngiyir.

ABŞ-da artıq bir neçə ştat yeni yoluxmaların zirvəsini aşdığını elan edib.

Üstəlik ümumölkə miqyasında da yeni yoluxmaların sayı azalmağa başlayıb.

ABŞ-ın səhiyyə rəsmiləri bildirirlər ki, yanvarın 24-də Birləşmiş Ştatlarda 690 min yoluxma olub, halbuki bu rəqəm bir həftə əvvəl 807 min idi. Xəstəxanaya qəbul rəqəminin də düşdüyü bildirilir.

Bu da qeyd olunur ki, yoluxmaların azalması Cənubi Afrikadakı kimi kəskindir.

Bu son müşahidələr bir çox ekspertlərdə ümid yaradıb ki, Omikron koronavirusun endemik fazaya keçməsi mərhələsi ola bilər.

Dünya Səhiyyə Təşkilatının (DST) Avropa üzrə direktoru Hans Henri Klüge yanvarın 24-də bildirib ki, pandemiya özünün “yeni fazasına” daxil olub.

Onun sözlərinə görə, Omikron sabitləşmə və normallaşmaya keçid üçün inandıcı ümid verir.

Ümid içində narahatlıq

Vaşinqton Universitetinin Səhiyyə Hesablamaları və Təxminləri İnstitutundan professor Kristofer Murey Lancet jurnalında yazır ki, martın axırlarına doğru dünya əhalisinin yarısı Omikrona yoluxmuş olacaq.

Alimlər qeyd edirlər ki, bu ümidli ssenari üçün yeganə təhlükə vaksinlərdən yan keçə bilən yeni variantların yaranmasıdır.

DST-nin rəhbəri Tedros Adhanom Gebreyesus deyib ki, Omikronun son variant olmasını və ya pandemiyanın başa çatmasını düşünmək təhlükəlidir.

Onun fikrincə, əksinə, indi dünya boyunca yeni variantların yaranması üçün ideal şərait yaranıb.

iNews saytı yazır ki, Omikronun bu yaxınlarda Britaniyada qeydə alınmış yeni ştammı BA.2-yə yoluxmalar son bir həftə ərzində 400-dən 1431-ə çatıb.

Alimlərin fikrincə bu ştamm Omikronun əsas ştammı BA.1-dən də yoluxucu ola bilər.

Delta variantı yoxa çıxmaqdadır

Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin ekspertləri bildirirlər ki, BA.2 ştammının insanlar üçün daha təhlükəli olduğuna, vaksinlərdən yan keçməsinə və ya daha ağır simptomlar törətməsinə dair məlumatlar yoxdur.

Onlar əlavə edirlər ki, dəqiq fikir söylənməsi üçün yoluxmaların sayı kafi kəmiyyətə çatmayıb.

Lakin bütün hallarda yeni ştammın ortaya çıxması belə bir xəbərdarlıq verir ki, koronavirus mutasiyalarını davam etdirir.

Britaniya mətbuatında artıq “Omikronun bacısı” və ya “gizlin variant” adlandırılan BA.2 laboratoriya analizlərində orjinal Omikron qədər asan aşkar olunmur.

Digər tərəfdən son 28 gündə laboratoriya analizlərində üzə çıxan Delta variantının payı indi cəmi 2 faizdir. Bu, ştamların yarandığı kimi yoxa da çıxdığını göstərən hadisədir.

BA.2 Britaniya səhiyyəsi tərəfindən hələki “tədqiq olunan variant” kateqoriyasına salınıb.

Bu, “narahatlıq doğuran” variant kateqoriyasından bir pillə daha az təhlükəlidir.

Ötən həftəyə olan məlumata görə yeni ştamm artıq 40-dək ölkədə yayılıb.

XS
SM
MD
LG