Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:50

Karantindən siyasi məqsədlər üçün istifadə edilirmi?


Bakıda aksiyadan öncə... (2021)
Bakıda aksiyadan öncə... (2021)

Yanvarın 31-də müxalifət partiyaları Novxanı qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin 138-cı doğum günü ilə bağlı onun Novxanı kəndindəki abidəsini ziyarət edərkən məhdudiyyətlə üzləşdilər. Polis koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından tətbiq edilən və bu il martın 1-nə kimi uzadılan karantin rejimini əsas gətirərək ziyarətin yalnız 10 nəfərlik qruplar şəklində mümkün olduğunu açıqladı. Ziyarət elə o şəkildə də gerçəkləşdi.

Müxalifətdən sual

Müsavat Partiyasının başqanı Arif Hacılı orada dedi ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hətta qapalı məkanlarda 150 nəfərlik toy şənliklərinə ötən ildən razılıq verib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə belə bir sual səsləndirdi: "Biz Yeni ildə minlərlə azərbaycanlıların şəhərin mərkəzində maneəsiz toplaşdığına şahid olduq. O zaman pandemiya yox idi?".

Sözügedən müxalifət partiyaları hesab edir ki, bu onlara ayrıseçkiliyin təzahürüdür və karantindən siyasi məqsədlər üçün istifadə edilir.

F.Ağamalı
F.Ağamalı

Bu iddialar doğrudurmu? Suala, hələlik, Daxili İşlər Nazirliyindən cavab almaq mümkün olmayıb. Amma hakimiyyəti müdafiə edən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı "Turan"a deyib ki, M.Ə.Rəsulzadə bütün azərbaycanlılar üçün əzizdir: "Onlar mübarizə aparıb tarixi missiyasını yerinə yetiriblər və heç bir halda nə Cümhuriyyət, nə Məhəmməd Əmin Rəsulzadə inhisara alınmalı deyil. Biz hamımız onlara sayğı, hörmətlə yanaşırıq və bu da bizim borcumuzdur".

"Polislər qanunların keşiyində duran övladlarımızdır"

O qeyd edib ki, yanvarın 31-də M.Ə.Rəsulzadənin anım günü idi və ayrı-ayrı vətəndaşlar sosial şəbəkələrdə, həmin abidənin önündə öz vəfa borcunu yerinə yetirdi: "Ancaq hər bir vətəndaş mövcud məhdudiyyətləri nəzərə almalıdır və burada qayda-qanuna əməl olunmalıdır".

Deputatın sözlərinə görə, M.Ə.Rəsulzadəni anan hər vətəndaş siyasi mövqeyindən asılı olmayaraq hörmətə layiqdir: "Kimsə də həmin siyasi baxışlarından asılı olmayaraq bunu siyasi alver məsələsinə çevrilməli deyil. Polislər dövlət qanunlarının keşiyində duran bizim övladlarımızdır. Bu baxımından da onların demiş olduğu sözə hər birimiz tərəfindən əməl olunmalıdır".

R.Səfərov
R.Səfərov

"…Karantin sadəcə bəhanədir"

Hüquq müdafiəçisi Rüfət Səfərov isə AzadlıqRadiosuna bildirib ki, burada əsas problem Azərbaycan hakimiyyətinin insanların bir yerdə təmsil olunub özlərini bu və ya digər şəkildə ifadə etməsindən narahat olmasıdır: "Yeni il gecəsi Bakı şəhərinin mərkəzində insanların sıxlığını yada salaq. O zaman pandemiya və onun doğurduğu problemlər, şərtlər yada düşmürdü. Amma bundan bir neçə həftə sonra, 20 Yanvarda müxalifət nümayəndələrinin Şəhidlər Xiyabanını ziyarət etdiyində yenə də karantin rejimi yada düşdü".

O vurğulayıb ki, pandemiya dövründə hakimiyyətinin bir neçə tədbirində yüzlərlə insanlar bir araya gəlib: "Belə olan halda karantin rejimi sadəcə bəhanədir".

XS
SM
MD
LG