Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:24

Türkiyədə çeçen müxalifətçilərə sui-qəsdlə bağlı istintaq başa çatıb


İstanbul terrorizmlə mübarizə idarəsi və baş prokurorluğu Türkiyədə yaşayan çeçen müxalifətçilərə qarşı casusluq və sui-qəsdlə bağlı təhqiqatını başa vurub

İstanbul terrorizmlə mübarizə idarəsi və baş prokurorluğu Türkiyədə yaşayan çeçen müxalifətçilərə qarşı casusluq və sui-qəsdlə bağlı təhqiqatını başa vurub.

İttiham aktı İstanbul Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ötən ilin oktyabrında dördü Çeçenistan əsilli olan 6 nəfər həbs olunmuşdu.

Türkiyədə çıxan Sabah qəzetinin yazdığına görə istintaq bu qruplaşmanın başçısının Beslan Rasayev olduğunu müəyyən edib.

Qəzet iddia edir ki, o çeçen diasporasından olan dissidentlərin “ləğv edilməsi” üçün sifarişləri Rusiya Dövlət Dumasının çeçenistanlı deputatı Adam Delimxanovdan və kriminal avtoritet Kazbek Dukuzovdan alıb.

İstanbul prokurorluğunun müttəhimlər üçün 22 ildən 33 ilədək azadlıqdan məhrumetmə cəzası istədiyi xəbər verilir.

Onlar siyasi casusluqda, odlu silahla bağlı qanunvericiliyin pozulmasında və rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.

Bu da xəbər verilir ki, sözü gedən müttəhimlər həbs olunduqdan sonra Türkiyədəki çeçen müxalifətçilərə dövlət mühafizəsi verilib.

Tereşkova iclas keçirmir

Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov ilin əvvəlində federal hakim Saydi Yanqulbayev və onun ailə üzvlərinin başlarını kəsməklə hədələmişdi.

Çeçenistan hökuməti bildirir ki, respublikanın başçısı Ramzan Kadırovu tənqid edən ADAT1 teleqram-kanalının arxasında məhz Yanqulbayevlər durur.

Kreml Delimxanovun hədələri ilə bağlı ölçü götürməkdən imtina etmiş və bildirmişdi ki, onun məsələsinə üzvü olduğu Vahid Rusiya partiyası baxa bilər.

Bir qrup insan haqları müdafiəçisi Delimxanovun hərəkətindən Dumanın etika komitəsinin sədri, kosmonavt Valentina Tereşkovaya şikayət etmişdi.

Bu da xəbər verilir ki, bu şikayət daxil olandan bəri Tereşkovanın komitəsi heç bir iclasa yığılmayıb.

Türkiyə ilə qarşıdurma

Ötən ilin dekabrında Türkiyənin Kerfez şəhərində Çeçenistanın separatçı prezidenti Covxar Dudayevə abidə qoyulanda Çeçenistan Müsəlmanları İdarəsi Türkiyə prezidenti Recep Tayyip Erdoğanı “ikili oyun” oynamaqda ittiham etmişdi.

Bundan bir gün əvvəl Çeçenistanın başçısı Ramzan Kadırov Türkiyə hökumətini terrorçulara sığınacaq verməkdə günahlandırmışdı.

Çeçenistan Müsəlmanları İdarəsinin müraciətində habelə xəbərdarlıq edilirdi ki, buna cavab olaraq Çeçenistanda tanınmış müsəlman vaiz Fethullah Gülen türk xalqının əsl vətənpərvəri, Abdullah Ocalan isə vicdan məhbusu elan edilə bilər.

Türkiyədə sözü gedən abidənin açılış mərasimində Erdoğanın Ədalət və İnkişaf Partiyasının üzvü olan Kerfez şəhər meri Şener Söğut də iştirak etmişdi.

O açılış mərasimində etdiyi çıxışda Dudayevi “cəsur sərkərdə” adlandırmışdı.

Həmin tədbirdə Çeçenistanın Rusiyaya qarşı müharibəsinin veteranları da iştirak edirdilər.

XS
SM
MD
LG