Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:04

Rayonda baş həkim olmağın qiyməti 70 min manatdır?


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

İmişli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev iddia edir ki, hazırda həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev rayona baş həkim təyin olunmasından ötrü 70 min manat rüşvət almışdı. Musayev bu barədə martın 4-də keçmiş icra başçısının məhkəməsində danışıb.

Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, İmişlidə icra başçısı olduğu 2012-2020-ci illərdə birlikdə işlədiyi Musayev məhkəməsində şahid qismində dindirilib. Hacıyevin dövründə baş mühasib işləmiş Musayev indi də eyni vəzifədə çalışır. Hərçənd, özü də məhkəmədə etiraf edib ki, İmişli Rayon İcra Hakimiyyətində bir neçə il Hacıyevə rüşvət və başqa qanunsuz ödənişləri çatdıranlardan biri özü olub.

"3 milyon manat üç ayın içində yox oldu"

"2012-ci ildə Vilyam Hacıyev rayona icra başçısı təyin olundu, amma mənə 2017-ci ildən etibar eləməyə başladı. Tapşırıq verirdi ki, filan yerdə filan qədər vəsait var, get, onu götür gətir. Mən də onun dediyini edirdim. Adbaad qeyd edib, gətirib təhvil verirdim", – baş mühasibin sözləridir.

Musayev deyir ki, icra hakimiyyətinin inzibati binasının tikintisi üçün ayrılmış 3 milyon manatın bir hissəsini tikintini həyata keçirən şirkətdən alıb gətirib icra başçısına verib. Amma bu, bir neçə dəfəyə baş verib. Birinci dəfə 76 min, ikinci dəfə 152 min 900 manat alıb gətirib.

"Bina üçün ayrılan 3 milyon manat üç ayın içində yox oldu. Mən 2017-2020-ci illərdə Vilyam Hacıyevə 4 milyon manatdan çox qanunsuz yollarla toplanmış pul vermişəm", – Musayev bildirib.

O əlavə edib ki, sabiq icra başçısı rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunan şəxsdən 70 min manat, İmişli Olimpiya Mərkəzinə rəhbər təyin olunandan isə 10 min manat almışdı. Onun sözlərinə görə, aztəminatlı ailələrə mənzillərin verilməsi üçün onlardan 9 mindən 18 min manata qədər pul alınırdı.

"Bəs niyə cəzalandırılmayıb"

Şahidin bu cür ifadəsinə görə onunla təqsirləndirilən Hacıyev arasında mübahisə yaranıb. Sabiq icra başçısı onun dediklərini şər-böhtan adlandırıb. O vurğulayıb ki, Musayev, özünün də dediyi kimi, rüşvət əməliyyatlarında aktiv iştirak edibsə, bəs niyə cəzalandırılmayıb, əksinə, indi də əvvəlki vəzifəsində işləməkdə davam edir: "Dediklərinin hamısı şər-böhtandır. Mən də deyirəm ki, ona 10 milyon pul vermişəm. Deyir ki, bütün rüşvətləri qəbul edib, amma məsuliyyətə cəlb olunmayıb. Hazırda da işləyir. Xahiş edirəm, o da mənim kimi həbs edilsin".

Sabiq icra başçısının mühakiməsi martın 5-də davam edəcək.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Elə bu vəzifədə işləyərkən 2020-ci ilin mayında həbs olunub.

Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və başqa əməllərdə suçlanan sabiq icra başçısı özünü təqsirli bilmir, həbsinin sifarişli olduğunu deyir.

XS
SM
MD
LG