Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:51

Niyə Ukrayna üzərində uçuşa qapalı zona yaradılmır?


İtaliya - iki CF-18 qırıcısı Aralıq dənizi üzərində , 29 mart 2011
İtaliya - iki CF-18 qırıcısı Aralıq dənizi üzərində , 29 mart 2011

Uçuşlara qapalı zona bir dövlət və ya onun ayrı-ayrı hissələrinin uçuşlarının qadağan edildiyi hava sahəsidir. Həmin dövlətin heç bir təyyarəsi və ya hava cihazı bu hava sahəsində uça bilməz.

NATO xarici işlər nazirlərinin Brüsseldəki 4 mart görüşündən sonra alyansın Baş Katibi Yens Stoltenberq deyib ki, Kiyevin Ukrayna səmasının uçuşlara qapalı zona elan edilməsi çağırışlarına rəğmən, NATO təyyarələri münaqişə dövründə Ukraynanın hava sahəsində uçmamalıdır. Qərb liderləri bugünədək hava sahəsinin bağlanması ideyasını qəbul etməyiblər.

Onlar bunun müharibənin daha böyük eskalasiyasına yol aça biləcəyindən narahatdırlar. AzadlıqRadiosu iki hərbi ekspertlə danışaraq, “uçuşlara qapalı zonanın” mahiyyətinə, onun Ukraynaya tətbiqinin niyə bu qədər çətinlik yaratdığına, alternativlərin nədən ibarət olduğuna aydınlıq gətirməyə çalışıb.

Uçuşlara qapalı zona nə deməkdir?

Uçuşlara qapalı zona bir dövlət və ya onun ayrı-ayrı hissələrinin uçuşlarının qadağan edildiyi hava sahəsidir. Həmin dövlətin heç bir təyyarəsi və ya hava cihazı bu hava sahəsində uça bilməz. Uçuşlara qapalı zona adətən müharibə dövründə qurudakı mülki əhalini qorumaq və humanitar yardımın təhlükəsiz çatdırılmasını təmin etmək üçün elan edilir.

Bu növ hava tənzimləməsi keçmişdə bir neçə dəfə BMT tərəfindən dəstəklənib. Məsələn, 1992-ci ildə Bosniya, 2011-ci ildə isə Liviya münaqişəsində uçuşlara qapalı zonalar elan edilib. Hər iki halda qərarın icrasına nəzarət NATO-ya həvalə edilib. Bu məsələdə BMT-nin dəstəyi heç də həmişə vacib olmur. 1991-ci ildə baş verən Körfəz müharibəsində ABŞ və müttəfiqləri İraqın şimal və cənub hissələrində iki uçuşlara qapalı zona yaratmışdılar. Məqsəd bu ərazilərdə yaşayan azlıqları qorumaq idi.

Uçuşlara qapalı zonanı təmin etmək üçün nə lazımdır?

Hava sahəsinə günün 24 saatı, həftənin 7 günü nəzarət etməyin bir mühüm komponenti Hava Xəbərdarlıq və Nəzarət Sistemidir (AWACS). Ona "səmadakı göz" də deyirlər.

AWACS hava gəmiləri havadakı radar sistemləri kimi çalışır. Onlar digər hava gəmilərindən tutmuş raketlərə qədər hər şeyi təyin etməyə qadirdir. Həmin obyektlər çox uzun məsafədən buraxılmış olsa belə, AWACS onları təyin edə bilir.

Ancaq uçuşlara qapalı zonanı qorumaq üçün monitorinq kifayət deyil. Bunun üçün döyüş təyyarələrinə də ehtiyac var. ABŞ-ın Avropa qoşunlarının komandanı olmuş, hazırda isə ABŞ-da fəaliyyət göstərən Avropa Siyasi Təhlil Mərkəzində çalışan Ben Hodges deyir:

"Digər hava gəmisini vurub endirmək üçün hava-hava döyüşünə hazır hava gəminiz olmalıdır. Dronları vuraraq endirən hava gəmiləriniz olmalıdır. Yerdəki hədəfləri, məsələn, havadan müdafiə sistemlərini vurmağa qadir olan hava qüvvələrini hazır saxlamalısınız. Beləliklə, AWACS və xilas işləri üçün helikopterlər də daxil olmaqla, bir sıra imkanlara malik olmalısınız".

Uçuşlara qapalı zona hazırda Ukrayna səmasında tətbiq oluna bilərmi?

Çətin. Səbəb? Rusiya və Qərbin səmada bir-birinin hərbi gücünü münaqişəyə cəlb etmək qorxusu. Bu vəziyyət müharibənin ciddi eskalasiyasına səbəb ola bilərdi. NATO Hərbi Komitəsinin sədri olmuş istefada olan çex ordu generalı Petr Pavel deyir ki, uçuşlara qapalı zona tətbiq edilə bilməz:

“Çünki bu dərhal NATO və Rusiya arasında müharibə kimi izah olunacaq. Bu NATO qoşunlarının quruda Rusiya qoşunları ilə vuruşmaq üçün Ukrayna ordusuna qoşulması ilə eyni təsirə malik olacaq”.

Bu, NATO üzvlərindən birinin, məsələn, ABŞ-ın təkbaşına uçuşlara qapalı zona yaratmağa çalışması üçün də keçərlidir.

"Hər hansı bir NATO ölkəsi və ya NATO-nun özü təşkilat olaraq ruslarla döyüşdə Ukraynaya qoşularsa, bu faktik olaraq Rusiya ilə NATO arasında müharibə elanı demək olar. Biz özümüzü xeyli daha çox silahın cəlb edildiyi daha böyük münaqişəsinin içində taparıq. İş Rusiyanın nüvə silahından istifadəsinə qədər gedib çıxa bilər”, - Pavel deyir.

Ehtiyatlı olmaq üçün sadə səbəblər

Hodgesə görə, ehtiyatlı olmaq üçün başqa səbəblər də var:

"Biz düşmənin qurudakı hava hücumundan müdafiə sistemlərini məhv etməyə hazır olmasaq, heç vaxt havaya pilot qaldırmarıq. Bu halda isə biz Rusiyanın Ukraynanın içərisində, bəlkə hətta Rusiyanın içərisində olan hədəflərini vurmaqdan, onlara hücum etməkdən danışırıq. Başqa bir narahatlıqsa odur ki, biz vurulmuş, paraşutla yerə enməli olmuş pilotumuzu götürməyə hazır deyiliksə, havaya pilot qaldırmarıq. Beləliklə, Ukrayna və ya hətta Rusiya ərazisində yerə düşən pilotunuzu götürmək imkanına malik olmalısınız”.

Bəs humaniyar yardımın çatdırılmasına imkan yaratmaq üçün qismən uçuşlara qapalı zona tətbiq edilə bilərmi?

Yəqin ki, bu Rusiyadan asılıdır.

"Bu, humanitar əməliyyat olacaqsa, Rusiya ilə razılaşdırılmalıdır. Çünki əgər Rusiya ilə razılaşdırılmasa, ruslar humanitar təyyarəni vurub yerə sala bilərlər. Hər iki tərəfin humanitar məqsədli uçuşlara qapalı zona ilə bağlı razılığı olandan sonra hərşey qaydasındadır”, - Pavel deyir.

Bunun Liviya və İraqda yaradılmış uçuşlara qapalı zonalardan fərqi nədir?

…Liviya və Iraqda Rusiya uçuşlara qapalı zonalara etiraz etmirdi. O da o zaman yerdəki mülki əhalinin qorunmasının zəruriliyi məsələsində beynəlxalq ictimaiyyətlə razılaşırdı. Keçmiş ABŞ komandanı Hodges NATO-nun müdaxilə edə biləcəyi ehtimalını tamamilə inkar etmir. "Elə bir nöqtəyə gəlib çata bilərik ki, alyans deyə bilər ki, biz Srebrenitsadakı kimi kənarda durub ukraynalıların qətlə yetirilməsinə imkan verə bilmərik. Ancaq yenə də, alyansı güclü edən 30 dövlətin diplomatik, iqtisadi və hərbi gücünə malik olmasıdır. Odur ki, o qərara gedib çatana qədər bu cür məsləhətləşmələr olmalıdır”, - Hodges deyir.

XS
SM
MD
LG