Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:59

Rusiyada ‘polis qıtlığı’ ola bilər


Moskvanın mərkəzində Ukraynaya dəstək aksiyası, 13 mart, 2022-ci il
Moskvanın mərkəzində Ukraynaya dəstək aksiyası, 13 mart, 2022-ci il

Müharibəyə qarşı çıxanlar ya son illər, ya da fevralın 24-də Ukraynaya təcavüz başlayandan Rusiyanı tərk ediblər. Beynəlxalq sanksiyalar, rublun ucuzlaşması fonunda onminlərlə rusiyalı ölkədən gedir

Xəbər verilir ki, Rusiyada Peterburq şəhərinin və Leninqrad vilayətinin bütün özəl mühafizə şirkətləri Rosqvardiya ilə müqavilələr imzalayıb.

Bu da bildirilir ki, bu şirkətlərin əməkdaşları polisə icazəsiz aksiyaların və etirazların dağıdılmasında kömək etməlidirlər.

BBC-nin Rus xidməti yazır ki, özəl mühafizə firmalarından birinin direktorunun sözlərinə görə əslində sözü gedən firmalara Rosqvardiya ilə birgə patrul keşiyinin çəkilməsi üçün müqavilələr xüsusi göstərişlə məcburi qaydada bağlanır.

Xəbər verilir ki, müqavilələr fevral ayının sonunda bağlanıb.

Bəzi medialar yazırlar ki, sözü gedən müqavilələr hüquq-mühafizə orqanlarının kütləvi etirazlara hazırlığı hesab oluna bilər.

Bu da məlumdur ki, Rosqvardiyanın hissələri habelə Ukraynaya qarşı müharibəyə cəlb olunub və buna görə də Rusiyanın böyük şəhərlərində “polis qıtlığı” yarana bilər.

Digər tərəfdən özəl mühafizə firmaları əməkdaşlarının qanunla adamlara zor tətbiq etmək və ya onları saxlamaq hüququ yoxdur.

‘Putinin yanındayam’ deyən rusiyalılar

Rusiyada rəy sorğuları o qədər də etibarlı sayılmasa da, rusiyalıların ciddi bir qisminin Prezident Vladimir Putinin Ukraynanı işğal qərarını dəstəklədiyi aydındır. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Robert Koalson Kremlin bu dəstəyi onillər boyunca media, incəsənət və məktəblərdə fikri manipulyasiya etməklə qazandığını yazır.

Martın 6-da Ukraynanın Xarkov şəhərindən qaçan bir qadın da rus xalqına xitab edirdi ki, niyə onların adından aparılan bu müharibəyə etiraz etmirlər.

“Sovet İttifaqında hamı ayağa qalxmışdı. Hamı! İndi hardasınız? Niyə ayağa qalxmırsız? Niyə Putinə inanırsız?”, – göz yaşları və qəzəb içində boğulan qadın AzadlıqRadiosu-nun müxbirinə deyirdi. Onun yeniyetmə oğlu da yanındaydı.

Müəllif 1991-ci il martın 10-da 500 min moskvalının Kremlin qarşısına yığışaraq sovet lideri Mixail Qorbaçovun istefasını, Sovet İttifaqının dağılmasını tələb etdiyini yada salır.

Zelenski Rusiya ilə savaşda dönüş nöqtəsi yarandığını deyir
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Müharibəyə etiraz edənlər, dəstəkləyənlər...

Amma Rusiyada Ukrayna müharibəsinə qarşı etirazlar məhdud olub, yürüşlərə daha az adam çıxır, təkadamlıq etirazlar keçirilir, petisiyalar, açıq məktublar imzalanır. "OVD-Info" qeyri-hökumət təşkilatı müharibəyə qarşı etirazlarda 13 min 800-dən çox adamın saxlandığını hesablayıb.

Bir məsələ var ki, müharibəyə qarşı çıxanlar ya son illər, ya da fevralın 24-də Ukraynaya təcavüz başlayandan Rusiyanı tərk ediblər. Beynəlxalq sanksiyalar, rublun ucuzlaşması fonunda onminlərlə rusiyalı ölkədən gedir.

Di gəl, Rusiyada müharibəyə dəstək nümayişi də var, bu ya dövlət səviyyəsində təşkil olunur, ya da spontan keçirilir. Dəstək nümayişlərinə çıxanlar işğalçı Rusiya texnikasının üstünə vurulmuş Z simvolunu qabardırlar.

Martın 10-da Tatarıstan paytaxtı Kazanda belə bir nümayişdə iştirakın məcburi olduğu da xəbər verilir.

Rəy sorğuları

Rusiyada müstəqil sorğu şirkətləri, sosioloqlar sıxışdırılıb. Martın 5-də hökumətin nəzarət etdiyi VTsIOM sorğu mərkəzi rusiyalıların 71 faizinin ölkənin Ukraynaya qarşı “xüsusi hərbi əməliyyatı”nı dəstəklədiyini iddia edib.

FOM adlı digər dövlət sorğu mərkəzi isə fevralın 25-27-də keçirdiyi sorğuda rusiyalıların 65 faizinin müharibəni dəstəklədiyini bildirib.

İşğaldan az öncə CNN üçün keçirilmiş müstəqil sorğuya görə, rusiyalıların 50 faizi deyib ki, “Rusiya Ukraynanın NATO-ya qoşulmasını önləmək üçün… və digər postsovet respublikalarında xarici fəaliyyətlə təhdid olunacağı halda hərbi gücə əl atarsa, düzgün hərəkət etmiş olar”. Putin Ukraynaya qarşı təcavüzünü məhz bu iki arqumentlə əsaslandırır.

Rusiyada bu rəqəmlərin dəqiqliyini və dinamikasını ölçmək mümkün olmasa da, dəlil əhalinin əhəmiyyətli hissəsinin hökumətin tərəfində olduğunu göstərir.

“Mən Putinin yanındayam”, – martın 3-də “Current Time”ın müxbiri Ukraynadakı dağıntıların fotolarını göstərmək istəyəndə bir qadın belə deyib. “Mən Putini dəstəkləyirəm. Heç bir fotoya baxan deyiləm. Putinin yanındayam. Hər şeydə Putini dəstəkləyirəm”, – qadın söyləyib.

Ailələrdə ziddiyyət

Müharibə bəzi dostluqlara, ailə münasibətlərinə də təsir göstərir. Rostov-na-Don şəhərində 28 yaşlı fitnes məşqçisi Yekaterina AzadlıqRadiosu-nun Caucasus.Realities portalına deyib ki, Putini qətiyyətlə müdafiə edən anasını tanıya bilmir.

“Əvvəl onun əsas arqumenti beləydi ki, ‘biz heç nə eləyə bilmərik, bizdən heç nə asılı deyil’. Sonra arqumenti lap pisləşdi: ‘Onlar bizdən kömək istəyiblər’. Müharibə onu silkələməyib – onda heç bir hiss oyatmayıb. Onun reaksiyası məni sarsıdır”, – Yekaterina müharibəyə qarşı çıxdığına görə soyadını çəkmək istəmir.

Kremlin saxta iddiaları – Rusiyanın dünyada faşizmə qarşı əsas qüvvə olması, NATO və Qərb ölkələrinin Rusiyanı dağıtmağı planlaşdırması, rus dili və mədəniyyətinə təzyiq məsələləri sinif otaqlarında, muzeylərdə, filmlərdə, dövlətin nəzarətində olan televiziyada tirajlanır.

Beynəlxalq Böhran Qrupu 2018-cu ildə hesabatında yazırdı ki, “2000-ci illərin əvvəllərindən Rusiyada vətənpərvər səfərbərlik yenidən dirçəlib”. Qurum dövlətin apardığı işdə məqsədin Moskvanı qlobal güc kimi təbliğ etmək, Rusiyanın hərbi keçmişini vurğulamaq olduğunu bildirir.

Propaqandanın yaratdığı aqressivlik

“Rusiyanın gəlirli illərdə qazandığı pulun hamısı propaqanda və orduya gedib”, – Nobel Sülh Mükafatlı yazıçı Svetlana Alekseyeviç martın 5-də AzadlıqRadiosu-nun Belarus xidmətinə deyib.

Yazıçı bunun nəticəsində Rusiya cəmiyyətinin aqressivliklə qaynadığını vurğulayıb.

“Bu yaxınlarda Berlində bur rusla danışırdım. Gözəl maşında, gözəl kostyumda bir kişi əyləşib, amma Ukrayna haqda danışanda o qədər nifrət püskürdü ki”, – Alekseyeviç deyib.

Kazanda yaşayan sosioloq İsgəndər Yasaveyev də Rusiya cəmiyyətindəki aqressiv gərginlikdən danışır.

“Onlar bilirlər ki, onlara yalan danışırlar, propaqanda yayırlar. Amma aldanmaq istəyirlər. Bu onlar üçün daha asandır, onların daxili konfliktini boğmaq daha asandır”, – deyən Yasaveyev Rusiya cəmiyyətinin hərbi itkilər və iqtisadi əziyyət artacağı halda “ayıla” biləcəyini düşünür.

“Ciddi bir kəsim öz vəziyyətlərini xəbərlərdə deyilənlə müqayisə edəcək. Onda başa düşəcəklər ki, onlara yalan və propaqanda çatdırırlar”, – o söyləyir.

XS
SM
MD
LG