Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:00

'Vremya' proqramının canlı efirinə etirazçı müdaxilə edib (Video)


Rusiya mediaları söhbətin Vremya proqramının redaktoru Marina Ovsyannikovadan getdiyini bildirirlər

Martın 14-də Rusiyanın dövlət 1-ci telekanalında Vremya xəbər proqramının canlı efirinə antimüharibə aksiyaçısı müdaxilə edib.

Bir neçə saniyə davam edən aksiyanın videoklipləri sosial mediada geniş dövriyyə olunur.

Bu kadrlarda görünür ki, Vremya proqramının aparıcısı Yekaterina Andreyeva hökumətin Qərb sanksiyalarının təsirinin azaldılması üçün gördüyü tədbirlər barədə xəbəri oxuyur.

Elə bu an qəfildən studiyaya qaçıb daxil olan gənc qadın aparıcının başı üzərində plakat qaldırır.

Plakatda “Müharibəni dayandırın. Təbliğata inanmayın. Burdan sizə yalan danışırlar” yazılıb. Qadın eyni zamanda “müharibəni dayandırın” və “müharibəyə yox” şüarlarını səsləndirir.

Bir neçə saniyədən sonra proqramın rejissorları efirə əvvəlcədən yazılmış süjetlərdən birini buraxıblar.

Sonradan məlum olub ki, efiri aksiya ilə pozan elə 1-ci telekanalın əməkdaşıdır.

Rusiya mediaları söhbətin Vremya proqramının redaktoru Marina Ovsyannikovadan getdiyini bildirirlər.

O iki uşaq anasıdır.

Bu da xəbər verilir ki, Ovsyannikova hadisədən sonra polis tərəfindən saxlanıb və hazırda dindirilir.

XS
SM
MD
LG