Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:53

Kiyevdə yenə komendant saatı elan edilir


Kiyevdə dağıdılmış ticarət mərkəzi
Kiyevdə dağıdılmış ticarət mərkəzi

Kiyevin meri Vitali Kliçko martın 21-də axşamdan paytaxtda yenidən 35 saatlıq komendant saatı elan edib.

Keçmiş boks çempionu Telegram-da yazıb ki, komendant saatı bu gün axşam 8-də başlayacaq, martın 23-də səhər 7-də başa çatacaq.

Kliçko martın 22-də mağazaların, apteklərin, yanacaqdoldurma stansiyalarının işləməyəcəyini vurğulayıb. Paytaxtın ayrı-ayrı hissələri Rusiya qüvvələri tərəfindən atəşə tutulmaqdadır.

“Hamıdan evdə qalmağı xahiş edirəm, həyəcan siqnalı veriləndə sığınacaqlara gedin”, – Kliçko deyib.

Martın 15-də də Kiyevdə 35 saatlıq komendant saatı elan olunmuşdu.

Danışıqlarda irəliləyiş yoxdur

Rusiya və Ukrayna arasında sülh danışıqlarında böyük irəliləyiş əldə olunmayıb. Açıqlamanı Kreml martın 21-də verib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Prezident Vladimir Putinin həmkarı Volodimir Zelenski ilə görüşünün baş tutmasından ötrü əvvəlcə danışıqlarda ciddi irəliləyiş əldə olunmalıdır.

Rusiya Ukraynanı fevralın 24-də işğal edib. Amma Ukrayna qüvvələrinin sərt müqaviməti ilə üzləşib. Qərb isə Rusiyanı qüvvələrini geri çəkməyə vadar etməkdən ötrü ağır sanksiyalar tətbiq edib.

***

Ötən gecə Kiyevdə ticarət mərkəzi atəşə tutulub, yanğın başlayıb. Paytaxtın Podolsk rayonunda yerləşən mərkəzin parklama yerində avtomobillər və binanın 3-4-cü mərtəbələri yanıb.

İlkin məlumata görə, Ukrayna tərəf Rusiya raketini vurub.

Dörd nəfər həlak olub, bir nəfər yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gecə verdiyi məlumata görə, Rusiya qoşunları yenidən qruplaşaraq şimal və şimal-qərb tərəfdən Kiyev üzərinə hücuma hazırlaşır.

ABŞ-da yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) qeyd edir ki, Rusiya qüvvələri Kiyev ətrafında səngərlər qazırlar. Rusiya qüvvələrinin minalar basdırması barədə də xəbərlər gəlir.

“Wall Street Journal” ABŞ-ın yüksək çinli rəsmilərinə istinadla Rusiya Prezidenti Vladimir Putinin daha Kiyevi tutmaq istəmədiyini yazır. Məlumata görə, indi Rusiyanın məqsədi özünün Ukraynanın cənub və şərq ərazilərinə iddialarının bu ölkəni hakimiyyəti tərəfindən tanınması, Rusiyanın ilhaq etdiyi Krımla “quru əlaqəsi”nin yaranmasıdır. Qəzet qeyd edir ki, bu, kəşfiyyat məlumatı deyil, gizli informasiyaya çıxışı olan bəzi rəsmilərin nöqteyi-nəzəridir.

Mariupol, Sumi

Britaniyanın Müdafiə Nazirliyi xəbər verir ki, Krıma hücuma keçən Rusiya qüvvələri Qərbə, Odessaya doğru irəliləmək üçün Nikolayevdən yan keçməyə çalışırlar. Ukraynanın dəniz sahillərinin blokadası isə ölkədə humanitar vəziyyəti pisləşdirə, yerli əhaliyə həyati əhəmiyyətli yüklərin çatdırılmasını əngəlləyə bilər.

Mariupol şəhərinin hazırda blokadada olduğu, daimi atəşə tutulduğu xəbər verilir. Müxtəlif hesablamalarda şəhərin 90 faizinin dağıdıldığı deyilir.

Sumi vilayət administrasiyasının başçısı Dmitri Jivitski isə Telegram kanalında “Sumıximprom” zavodunda ammiak sızması olduğunu yazıb.

Qəza yerinin 2.5 km-lik məsafəni əhatələdiyi, sızmanın Novoselitsa şəhərinə təhlükə yaratdığı bildirilir. Jivitski Sumi şəhərinə təhlükə olmadığını bildirir. Sızmanın səbəbləri haqda məlumat verilmir.

***

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putini yenidən danışıqlara çağırıb. Martın 21-də Ukraynanın əsas cənub liman şəhəri Mariupoldan böyük evakuasiya planlaşdırılır.

“Onunla danışıqlara hazıram. Düşünürəm ki, bu müharibəni danışıqlar olmadan bitirə bilmərik”, – Zelenki martın 20-də CNN televiziyasına müsahibəsində deyib.

Martın 21-də Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsinin 26-cı günüdür.

Ukraynada 300 mindən çox adamın mühasirədə qaldığı şəhərdən reportaj
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

“Bircə faiz fürsət varsa...”

“Əgər bu müharibəni dayandırmaq üçün bircə faiz fürsət varsa, məncə, biz bu fürsətdən istifadə edərək… danışıq aparmalıyıq, Putinlə danışmaq imkanından istifadə etməliyik”, – o deyib.

“Bu səylər alınmasa, bu, üçüncü dünya müharibəsi deməkdir”, – Zelenski söyləyib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu isə deyir ki, Rusiya və Ukrayna təmsilçiləri “vacib” məsələlər üzrə razılaşmaya yaxındırlar və o, münaqişədə tezliklə atəşkəsə ümid edir.

Çavuşoğlu bu ayın əvvəlində Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla ukraynalı həmkarı Dmıtro Kulebanın görüşünə təşkil etsə də, konkret nəticə əldə olunmayıb.

Mariupol

Son iki həftəni mühasirədə qalmış strateji Mariupol şəhərində döyüşlər davam edir. Müharibə başlananadək 400 min əhalisi olan şəhərdə su, yemək, yanacaq çatışmır.

Rusiya bu şəhəri nəzarətə almaqla 2014-cü ildə ilhaq etdiyi Krımla əlaqə yaratmaq istəyir.

Rusiya qüvvələri Mariupolda incəsənət məktəbini bombalayandan sonra Zelenski və Ukraynanın digər rəsmiləri Moskvanı hərbi cinayətlərdə ittiham edib.

Yerli rəsmilər martın 20-də Telegram kanalında bildiriblər ki, məktəb binasının dağıntıları altında adamlar qala bilər. İtkilər haqda məlumat yoxdur.

Martın 16-da Mariupolda teatr binası dağıdılmışdı. Şəhər rəsmiləri 130 nəfərin xilas edildiyini, amma dağıntılar altında daha çox adamın qala biləcəyini deyirlər. Xilasetmə işləri davam edir.

Rusiya mülki hədəfləri vurmadığını deyir.

Martın 20-də Ukrayna mərkəzi hökuməti Mariupoldan çıxmaq istəyənlərə kömək üçün onlarla avtobus göndərəcəyini açıqlayıb. Baş nazirin müavini İrina Vereşçuk 50-dək avtobusun martın 21-də şəhərə çatacağını söyləyib.

Vereşçuk martın 20-də Mariupoldan 4 minə yaxın insanın 225 km-də yerləşən Zaporojye şəhərinə evakuasiya olunduğunu bildirib.

Uzadılmış müharibə?

Rusiyanın Ukraynaya qarşı işğalının ölkənin bir çox yerlərdə səngiməsi xəbərlərinin gəlməsinə baxmayaraq, Ukrayna şəhərlərinin bombalanması davam edir.

Müşahidəçilərin fikrincə, Rusiyanın hücumunu Ukrayna qüvvələri dayandırıb və münaqişə uzadılmış mərhələyə keçə bilər.

BMT-nin martın 20-də bildirdiyinə görə, Ukrayna əhalisinin dördə biri, azı 10 milyon nəfər evindən didərgin düşüb.

BMT insan haqları ofisi martın 20-də bildirib ki, martın 19-dək Ukraynada 902 dinc sakin öldürülüb, 1459 nəfər xəsarət alıb. Ancaq real itki sayının daha böyük olduğu düşünülür. İtkilərin daha çox ağır artilleriya, yaylım atəşi, raket və hava zərbələri nəticəsində baş verdiyi vurğulanır.

XS
SM
MD
LG