Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:52

Xaricdən ən çox Lənkəran-Astara bölgəsinə pul göndərilib


Xaricdən Azərbaycana köçürülən pulun 55 faizi təkcə Rusiyadan gəlir.
Xaricdən Azərbaycana köçürülən pulun 55 faizi təkcə Rusiyadan gəlir.

Mərkəzi Bankın açıqladığı göstəricilərdən üzə çıxır ki, ötən il Azərbaycana xarici ölkələrdən 1 milyard 133 milyon dollar məbləğində pul baratları göndərilib. Bu, biröncəki illə müqayisədə 39 milyon dollar və ya 4 faizə yaxın artım deməkdir.

Hər zaman olduğu kimi, 2021-ci ildə də Azərbaycana göndərilən pulun böyük bölümü Rusiyadan gəlib. Ötən il pulköçürmə sistemləriylə Azərbaycana göndərilən vəsaitin 623 milyon dolları Rusiyanın payına düşüb.

Bu o deməkdir ki, xaricdən Azərbaycana köçürülən pulun 55 faizi təkcə Rusiyadan gəlir. Deməli, Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar ucbatından orada iqtisadiyyatın zəifləməsi və rublun dəyərsizləşməsi Azərbaycanda yaşayan insanların da rifahına təsirsiz ötüşməyəcək.

Ötən il Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi 2020-ci illə müqayisədə 17 milyon dollar artıb. Pul köçürmələrinə görə Rusiyadan sonrakı iki yeri Türkiyə və ABŞ tutur. Bu iki ölkədən göndərilən pulun Azərbaycana köçürülən toplam vəsait içərisində payı, uyğun olaraq, 9.5 və 6.4 faizdir.

Cədvəl: 2021-ci ildə Azərbaycana ən çox pul köçürülən ilk 10 ölkə

Azərbaycandan ən çox pul Türkiyəyə göndərilir

Mərkəzi Bankın açıqlamasında xaricdən Azərbaycana göndərilən vəsaitlərlə yanaşı, Azərbaycandan xarici ölkələrə göndərilən pulların da həcmi açıqlanıb.

Ötən il Azərbaycandan xarici ölkələrə 661 milyon dollardan çox pul göndərilib. Bu, 2020-ci illə müqayisədə 105 milyon dollar və ya 20 faizə yaxın artım deməkdir. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycandan ən çox Türkiyəyə pul köçürülüb. Həmin pulun məbləği toplam 181 milyonu aşıb. Bu, toplam pul köçürmələrinin 27.4 faizidir.

Azərbaycandan göndərilən pulun həcminə görə ilk üçlükdə qərarlaşan digər iki ölkə Rusiya (117 milyon dollar) və Gürcüstan olub (79 milyon dollar). Sadalanan üç ölkəyə göndərilən vəsaitin həcmi ilboyu Azərbaycandan xarici ölkələrə köçürülən pul vəsaitlərinin toplamda 57 faizi olub.

Cədvəl: 2021-ci ildə Azərbaycandan ən çox pul köçürülən ilk 10 ölkə

Lənkəran-Astara zonası

Xaricdən göndərilən pullar ən çox Azərbaycanın hansı bölgəsindəki gəlirlərə təsir edir?

Dövlət Statistika Komitəsinin (DSK-nın) göstəricilərinə görə, ötən il Azərbaycanda əhalinn gəlirlərinin formalaşmasında xaricdən göndərilən vəsaitlərin payı 1.7 faiz olub. Bu göstərici şəhər yerlərində 1.4; kəndlərdə isə 2 faizə çatıb.

Həmin prizmadan iqtisadi rayonlar üzrə baxdıqda üzə çıxır ki, xaricdən göndərilən vəsaitlərin əhalinin gəlirlərində ən yüksək paya sahib olduğu region Lənkəran-Astara iqtisadi rayonudur. Bu regionda əhalinin gəlirlərində xaricdən göndərilən pulun payı 4.7 faizdir və ölkə ortalamasından təxminən üç dəfəyə yaxın yüksəkdir. Həmin iqtisadi rayonun tərkibinə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları daxildir. Mərkəzi Aran və Tovuz-Qazax bölgəsində də gəlirlərin formalaşmasında bu tip vəsaitlərin payı nisbətən yüksəkdir.

Cədvəl: Azərbaycanda iqtisadi rayonlar üzrə xaricdən göndərilən vəsaitlərin əhalinin gəlirlərinin formalaşmasındakı payı (faizlə)

XS
SM
MD
LG