Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:56

ABŞ Ukraynaya ağır silahlar göndərməyə başlayır


Polşada NATO təlimlərinə hazırlıq. Arxa planda Mi-17 helikopteri görünür (Arxiv fotosu)
Polşada NATO təlimlərinə hazırlıq. Arxa planda Mi-17 helikopteri görünür (Arxiv fotosu)

Bu yardıma artilleriya sistemləri, artilleriya sursatı, PDM-lər və heyətsiz sahil keşiyi gəmiləri, habelə çöllük avtomaşınları daxildir

ABŞ prezidenti Co Baydenin administrasiyası aprelin 13-də bəyan edib ki, Ukraynaya Rusiyanın gözlənilən böyük hücumu ərəfəsində Kiyevə əlavə olaraq 800 milyon dollarlıq hərbi yardım göstəriləcək.

Prezident Bayden Ukrayna lideri Volodimir Zelenskiyə deyib ki, ABŞ-ın Ukraynaya toplam hərbi dəstəyini 2.5 milyard dollara çatdıracaq bu yardıma artilleriya sistemləri, artilleriya sursatı, PDM-lər və heyətsiz sahil keşiyi gəmiləri, habelə çöllük avtomaşınları daxildir.

Bayden bunu da deyib ki, Ukraynaya müdaxilənin qarşısının alınması məqsədilə əlavə helikopterlər veriləcək:

"İndi dayanmaq vaxtı deyil. Mən prezident Zelenskini əmin etdim ki, Amerika xalqı azadlıq uğrunda bu mübarizədə axıradək qəhrəman Ukrayna xalqının yanında olacaq”.

Əfqanıstan üçün nəzərdə tutulan silahlar

Pentaqon bildirir ki, yardım paketinə habelə Əfqanıstanın Taleban tərəfindən devrilmiş hökuməti üçün nəzərdə tutulmuş 11 Mi-17 helikopterləri, 155mm çaplı haubitsa topları, antiartilleriya radarları və 200-dək PDM veriləcək.

ABŞ ilk dəfədir ki, Ukraynaya Haubitsa topları verir.

Pentaqonun sözçüsü Con Körbi deyib ki, haubitsa və radarlar kimi bəzi sistemlər Ukrayna qüvvələrinin təlimləndirilməsini tələb edir.

Sözçü qeyd edib ki, “vaxt hazırda bizim müttəfiqimiz deyil və biz cəld tərpənməyə çalışrıq”.

Reuters agentliyi yazır ki, bu yardım xüsusi prezident fondundan edilir və buna görə də Konqresin təsdiqinə ehtiyac yoxdur.

Rusiya ordusunun qabağına çıxarılası texnika

ABŞ ordusunun təqaüddə olan keçmiş mayoru, Madison Policy Forum analitik mərkəzinin eksperti Con Spenser deyib ki, ABŞ-ın Ukraynaya artilleriya və artilleriya mərmiləri göndərməsi sevindirici haldır.

Onun sözlərinə görə, Rusiyanın Ukraynanın şərqinə gətirdiyi qüvvələrin qarşısına yalnız belə ağır silahlarla çıxmaq olar.

Ekspertlər bildirirlər ki, ABŞ Ukrayna müharibəsinin uzanacağı təqdirdə ediləcək yardımları da götür-qoy edir.

Ukrayna prezidenti Volodimir Zelenski Qərbdən israrla ağır silahlar istəyirdi.

Rusiya artıq 7-ci həftədir davam edən hərbi kampaniyasında əsas məqsədlərinə çata bilməyib.

Aprelin 13-də Rusiya mühasirədə olan Mariuipol şəhərinin limanını ələ keçirdiyini və minədək Ukrayna hərbçisinin silaha yerə qoyaraq təslim olduğunu bildirmişdi.

Ukrayna rəsmiləri bu xəbərləri təkzib edirlər.

XS
SM
MD
LG