Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:04

Zelenski: ‘Donbas döyüşü’ başlanıb


Mariupol yaxınlığında Rusiya texnikası
Mariupol yaxınlığında Rusiya texnikası

Ukrayna mediası aprelin 19-da Donetsk regionunda Marinka, Slavyansk və Kramatorskda cəbhə xətti boyunca şiddətli atışma getdiyini xəbər verir

Ukrayna Baş Qərargahının aprelin 19-da yaydığı məlumata görə, minlərlə Rusiya əsgəri ölkənin şərqində 480 km-lik cəbhə xətti boyunca hücuma keçib.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib ki, “indi əməliyyatın digər mərhələsi başlanır”. Rusiya Ukraynanın işğalına “müharibə” demir, “xüsusi hərbi əməliyyat” terminindən istifadə edir.

Müdafiə naziri Sergey Şoyqu isə Moskvada bildirib ki, Rusiya ordusu Ukraynanın şərqini “tam azad etmək planını davamlı icra edib”. O, Birləşmiş Ştatları və digər Qərb ölkələrini, döyüşün “sonuncu ukraynalı qalanadək” davam etməsi üçün Ukraynanı silahlandırmaqda ittiham edib.


Şoyqu Rossiya 24 dövlət televiziyasında görünüb, amma onun canlı danışdığı, yaxud çıxışın öncədən yazıldığı bəlli deyil. Təsdiqlənərsə, bu, 66 yaşlı Şoyqunun son günlər ilk ictimai görüntüsü olacaq, onun səhhətində ciddi problemlərin yaranması haqda məlumatlar yayılmışdı.

***

Rusiyanın Müdafiə Nazirliyinin aprelin 19-da yaydığı məlumata görə, ötən gecə Ukraynada 1260 hədəfə zərbə endirilib, Donetsk regionunda Ukraynanın MiG-29 qırıcısı vurulub. Bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Rusiya ötən gün Lvova zərbələr zamanı Ukraynaya xaricdən göndərilmiş silahların böyük deposunu, Kiyev regionunda isə sursat anbarını sıradan çıxardığını bildirib. Bu iddia da müstəqil mənbədən təsdiqlənməyib.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk aprelin 19-da deyib ki, artıq üçüncü gündür Rusiya ilə heç bir humanitar dəhliz razılaşdırılmır. Mariupol daxil mühasirədə olan şəhərlərdə minlərlə sakinin qaldığı bildirilir.

“Təəssüf ki, humanitar dəhliz razılaşdırılmayıb. Donbasda intensiv atışma gedir. Xerson və Xarkov vilayətlərindən humanitar dəhlizlərin açılması üçün çətin danışıqları davam etdiririk”, – Vereşçuk aprelin 19-da Telegram kanalında yazıb.

Marupol təslim olmayıb

Baş nazir Denis Şmihal deyir ki, Mariupolu müdafiə edən Ukrayna qüvvələri Rusiya əsgərlərinə qarşı sonadək vuruşacaqlar. O, Rusiyanın Mariupoldakı Ukrayna qüvvələrinin təslim olması üçün qoyduğu 17 aprel tarixinə məhəl qoymadıqlarını söyləyib.

“Şəhər təslim olmayıb. Orada hələ də hərbi qüvvələrimiz, əsgərlərimiz var, sonadək vuruşacaqlar. Hazırda isə onlar hələ də Mariupoldadırlar”, – o, ABŞ-ın ABC televiziyasına deyib.

Rusiya ordusu Mariupola demək olar tamamilə nəzarət etdiyini deyir. Nəhəng Azovstal polad zavodunun ərazisi isə Ukraynanın Azov batalyonunun nəzarətindədir.

Mariupol şəhər şurası Azovstal zavodunun altındakı sığınacaqlarda azı min dinc sakinin gizləndiyini bildirir. Onlar əsasən uşaqlı qadınlar və yaşlılardır.

***

Ukrayna ordusu Rusiya qüvvələrinin ölkənin şərqində bütün cəbhə boyu “aqressiv hərəkətlər”ə başladığını bildirir. Prezident Volodimir Zelenski isə şərqi Donbas regionunda gözlənən hücumun başlandığını söyləyib.

Ukrayna mediası aprelin 19-da Donetsk regionunda Marinka, Slavyansk və Kramatorskda cəbhə xətti boyunca şiddətli atışma getdiyini xəbər verir.

Zelenskinin sözlərinə görə, Ukraynanın şərqində “Donbas döyüşü” başlanıb, “bütöv Rusiya ordusunun böyük bir hissəsi bu hücuma yönəldilib”.

“Vuruşacağıq”

“Rusiyanın neçə əsgər göndərməsindən asılı olmayaraq, vuruşacağıq. Biz özümüzü müdafiə edəcəyik”, – Zelenski aprelin 18-də videomüraciətində deyib.

Ukraynanın aparıcı təhlükəsizlik rəsmisi Aleksey Danilov deyib ki, Rusiya qüvvələri “Donetsk, Luqansk və Xarkov vilayətlərində bütün cəbhə boyu” Ukraynanın müdafiəsinə yarmağa çalışırlar. Zelenskinin aparat rəhbəri Andrey Yermak isə bunu “müharibənin ikinci fazası” adlandırıb.

Luqanskın qubernatoru Sergey Qayday da hücumların başlandığını bildirib.

Rusiya Müdafiə Nazirliyi son döyüşlər haqda açıqlama yaymayıb.

Zelenski bütün şəhərlərdə, o cümlədən Azov dənizi sahilindəki Mariupolda, Xarkov vilayətində Ukraynanın müdafiəçilərinə təşəkkür edib, onların “bütöv dövlətin taleyini müdafiə etdiyini” vurğulayıb.

Bayden Kiyevə getməyəcək

Ağ evin aprelin 18-də yaydığı məlumata görə, Prezident Co Baydenin Kiyevə səfər etmək planı yoxdur.

Zelenski ABŞ-ın Rusiyaya qarşı savaşa dəstəyini nümayiş etdirməkdən ötrü Baydeni paytaxta səfərə çağırmışdı. Ağ evin sözçüsü Yen Psaki isə prezidentin belə planları olmadığını söyləyib.

Ağ ev bildirir ki, Baydenin əvəzinə Dövlət katibi Entoni Blinken, yaxud Müdafiə naziri Lloyd Ostin göndərilə bilər.

XS
SM
MD
LG