Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:53

Rusiyaya zorla köçürülən ukraynalılar. Könüllü gedənlər də var


Ukraynalı qaçqınlar Rumıniya ilə sərhəddə
Ukraynalı qaçqınlar Rumıniya ilə sərhəddə

Ukraynalılar danışırlar ki, Rusiya əsgərləri onları mühasirəyə alınmış şəhərlərdə sığınacaq və bunkerlərdə aşkarlayıb, Rusiya ərazisinə köçürməzdən öncə sorğu-sual ediblər

Ukraynanın cənub-şərqində döyüşlərin intensivləşdiyi bir vaxtda Rusiya qüvvələrinin ukraynalıları zorla Rusiyaya köçürməsi xəbərləri gəlməkdədir.

AzadlıqRadiosu-nun tatar-başqır xidməti Mariupolda ukraynalılar və Rusiyanın cənubunda yerləşən Həştərxanda qaçqınlarla işləyən fəallarla danışıb. Qaçqınlar Rusiyaya zorla aparıldıqlarını deyiblər.

Əsasən Ukraynanın şərqindən və cənubundan gedirlər

Təzyiqlərdən qorunmaq üçün kimliklərinin gizlin saxlanmasını istəyən şəxslərin sözlərindən belə çıxır ki, Rusiya qüvvələri minlərlə ukraynalını iradəsinin zidd olaraq Rusiyaya köçürüb. Həmin şəxslər Ukraynanın şərqində və cənubunda Rusiyanın nəzarətində olan ərazilərdəndirlər.

Ukrayna rəsmiləri də Rusiya qüvvələrini dağıdılmış şəhərlərdən yüzminlərlə vətəndaşı köçürməkdə, onların sənədlərini alaraq Ukraynanın separatçıların nəzarətində olan ərazilərdə “filtrasiya düşərgələri”nə, daha sonra isə Rusiyaya aparmaqda suçlayıb. Həmin şəxslərin çoxunun Mariupoldan olduğu deyilir. Moskva fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan bu liman şəhəri mühasirəyə alınıb, Rusiya əsgərlərin onun böyük hissələrinə nəzarət edir.

Rusiya rəsmiləri isə müharibə başlayandan 674 mindən çox ukraynalının Rusiyaya köçürüldüyünü deyir, amma onların separatçıların nəzarətində olan, yaxud Ukraynanın döyüş gedən zonalarından könüllü getdiyini iddia edir.

İddialar təkzib olunur

AzadAvropa/AzadlıqRadiosu, The Guardian, The Washington Post, CNN, BBC kimi media orqanlarının üzbəüz müsahibələri, eləcə də açıq mənbədən peyk təsvirləri Rusiyanın iddialarını təkzib edir. Ukraynalılar danışırlar ki, Rusiya əsgərləri onları mühasirəyə alınmış şəhərlərdə sığınacaq və bunkerlərdə aşkarlayıb, Rusiya ərazisinə köçürməzdən öncə sorğu-sual ediblər.

Həştərxan rəsmiləri Ukraynadan 400-dən çox qaçqının gəldiyini deyirlər. Onların Donetsk və Luqanskda separatçıların nəzarətində olan yerlərdən, Mariupoldan getdiyi bildirilir.

Ukrayna rəsmilərinin “filtrasiya düşərgələri” dedikləri yerlər isə Rusiya əsgərləri üçün məlumatların yığılması mərkəzləridir. Ukraynalı qaçqınlar Rusiyaya göndərilməzdən öncə bu mərkəzlərdə barmaq izləri götürülür, şəkilləri çəkilir. Bəzi məlumatlara görə, ukraynalılardan telefonları, digər elektron cihazları, eləcə də parolları alınır.

Çeçenistan nümunəsi

Rusiyanın “Rossiyskaya Gazeta” dövlət qəzeti martda yazırdı ki, minlərlə ukraynalı Ukraynanın şərqində Bezimenne kəndində yoxlanır. Qəzet “qaçqın cildində Rusiyaya keçməyə çalışan ukraynalı millətçilər”in dayandırılması üçün tədbirlər görüldüyünü qeyd edirdi.

Ukrayna rəsmiləri bu düşərgələri 1990-cı illərdə Çeçenistandakı hərbi kampaniyalarla müqayisə edir. O zaman minlərlə çeçen müvəqqəti düşərgələrdə dindirilirdi, çoxu yoxa çıxırdı.

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 12-də Litva parlamentinə videomüraciətində yüzminlərlə insanın artıq deportasiya olunduğunu deyirdi:

“Onları xüsusi filtrasiya düşərgələrinə yerləşdirirlər. Sənədləri alınır. Onları dindirirlər, alçaldırlar. Neçəsinin öldürüldüyü bəlli deyil”.

Könüllü gedənlər

Ancaq Ukraynadan Rusiayaya öz istəyilə gedənlər də var.

Larisa Lunkina AzadlıqRadiosu-na deyib ki, müharibə başlayan kimi Donbasdakı evini tərk edib, o vaxtdan Rusiyanın cənub-qərbində yerləşən Kazan şəhərində, digər məcburi köşkün ukraynalılarla birlikdə yaşayır.

Yeniyetmə oğlu Nikitanı özüylə aparmış Lunkinanın sözlərinə görə, vəziyyətləri qeyri-müəyyəndir, amma döyüş zonasından uzaqda olmaqdan məmnundur. Onlara hər gün yemək verilsə də, pulu olmamasından narahatdır. Larisa səhhətinə görə işləyə bilmədiyini, daimi evinin olmadığını söyləyib.

11-ci sinifə keçən Nikitanın sözlərinə görə, Rusiyadakı ukraynalı qaçqınlar Kazanda hər hansı maddi yardım almayıblar. Baxmayaraq ki, rəsmilər bunun əksini söyləyir.

“Deputatlar gəlirlər, danışırlar, gedirlər. Rahatca bizi unudurlar. Adi adamlar kömək edirlər, rəsmilər yox. Dövlətdən heç bir təşəbbüs yoxdur”, – Nikita deyib.

XS
SM
MD
LG