Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:13

Ötən ay Azərbaycanda qaz gəlirləri neft gəlirlərini ötüb


Avropanın qaz ehtiyacı artır, Azərbaycan nə təklif edir?
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Avropanın qaz ehtiyacı artır, Azərbaycan nə təklif edir?

İxrac 3 milyard dollar artıb

Dövlət Gömrük Komitəsi 2022-ci ilin birinci rübünün yekunlarına dair gömrük statistikasını açıqlayıb.

Dünya bazarlarında ilin əvvəlindən neft-qaz qiymətlərinin yüksək olması ötən illə müqayisədə Azərbaycanın ticarət dövriyyəsində ciddi artımlar doğurub. Bu ilin ilk üç ayında Azərbaycanın ixracı 7 milyard 981 milyon dollar, idxalı isə 2 milyard 927 milyon dollar dəyərində olub. Beləliklə, ölkənin xarici ticarət dövriyyəsi 10 milyard 908 milyon dolları ötüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 3 milyard dollardan çox, idxalsa 400 milyon dollara yaxın artıb. Əgər ötən il toplam ticarət dövriyyəsində ixracın payı 62 faiz idisə, bu il həmin rəqəm 73 faizə yüksəlib. Gömrük Komitəsinin göstəricilərindən aydın olur ki, toplanan vergilərin də həcmində artım var. Əgər ötən ilin ilk üç ayı ərzində büdcəyə toplam 944 milyon manat gömrük ödənişi daxil olmuşdusa, bu il həmin rəqəm 1 milyard 232 milyon manata yüksəlib və, başqa deyimlə, 30 faiz artıb. Artım, əsasən, toplanan ƏDV-də əksini tapıb. Gömrük orqanının topladığı əlavə dəyər vergisi ötən illə müqayisədə təxminən 250 milyon manat çoxalıb. İlin ilk üç ayı ərzində Azərbaycanın 152 ölkə ilə ticarət əlaqələri olub.

İxrac artsa da, neft və qazdan asılılıq azalmır

Toplam ticarət dövriyyəsindəki artımla yanaşı, ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığında da artım qeydə alınıb. 2022-ci ilin ilk üç ayı ərzində Azərbaycanın bütün ixracının 90.89 faizi neft-qaz sektorunun payına düşüb. Başqa sözlə, ölkənin ticarət yoluyla qazandığı hər 100 dollardan 91-i neft-qaz sektoru hesabına formalaşıb. Eyni göstərici ötən ilə 88-ə bərabər idi. İl ərzində neft-qaz sektorundan əldə edilən gəlirin 52 faizi neft, 48 faizi təbii qaz satışından qazanılıb.

Neft-qaz ixracı ilə bağlı diqqətçəkən bir məqam da bu ilin martında Azərbaycanın təbii qaz satışından gəlirlərinin neft satışından əldə etdiyi gəlirləri ötməsi olub. Ötən ay Azərbaycan təbii qaz satışından 978 milyon dollar, neft satışındansa 736 milyon dollar gəlir əldə edib. Birinci rübdə neftdənkənar sektorun ixracı toplam ixracın cəmi 9 faizi olub (toplam 727 milyon dollar). Qeyri-neft sektorunun ixracının 17.18 faizi meyvə-tərəvəz, 15.80 faizi plastmas və ondan hazırlanan məhsullar, 13.37 faizi kimya sənayesi məhsulları, 10 faizi pambıq lifi, 9.56 faizi isə alüminium və ondan hazırlanan məhsul ixracının payına düşüb.

Bu il qeyri-neft sektorundakı ixrac bir il öncəylə müqayisədə təxminən 226 milyon dollar artıb. Hökumət bu artımı qeyri-neft sektorunun inkişafına bağlasa da, rəqəmlərdən aydın olur ki, neftdənkənar sektordakı artımı dünya bazarlarında məhsulların bahalaşması da doğurub. Məsələn, ötən ilin ilk üç ayında Azərbaycan toplam 117 min ton plastmas və ondan törəmə məhsullar ixrac edərək 90 milyon dollar ixrac gəliri əldə etmişdi. Amma bu il 112 min ton belə məhsul ixracı ölkəyə 115 milyon dollar qazandırıb. Başqa deyimlə, ixracın həcmi 5 min ton azalsa da, gəlir 25 milyon dollara yaxın artıb. Yaxud ötən il Azərbaycan 14 min ton alma ixracından 5 milyon 611 min dollar qazanmışdısa, bu il 11 min ton alma ixracı ölkəyə 7 milyon 200 min dollara yaxın gəlir gətirib.

Fiziki şəxslərin idxal məhsullarındakı payı artır

Ötən illə müqayisədə idxal gerçəkləşdirən subyektlərin strukturunda da dəyişikliklər gözə çarpır. Məsələn, ötən ilin ilk üç ayında ölkəyə gətirilən hər 100 dollarlıq məhsuldan 8 dollarını dövlət sektoru, 81 dollarını özəl sektor, 11 dollarını fiziki şəxslər gerçəkləşdirmişdi. Bu ilsə toplam idxalda dövlət sektorunun payı iki dəfəyə yaxın artıb. İlk rüb ölkəyə gətirilən hər 100 dollarlıq məhsulun 15 dolları məhz dövlət qurumlarının payına düşür. İdxalda özəl sektorun payı 75 faiz, fiziki şəxslərin payı isə 10 faiz olub. Nəzərə almaq lazımdır ki, fiziki şəxslərin idxal etdiyi malların dəyər baxımından toplam idxalda payı azalsa da, idxalın toplam həcmi ötən ilə görə artıb.

Bu ilin ilk üç ayında Azərbaycan vətəndaşları xarici ölkələrdən 291 milyon dollar dəyərində məhsul sifariş edib. Bu, ötən illə müqayisədə 20 milyon dollar çoxdur və son illərin ən yüksək nəticələrindəndir. Son bir neçə il ərzində ölkədə daşıyıcı şirkətlərin sayca çoxalması və xarici ölkələrdə yerli bazarla müqayisədə daha uyğun qiymətlərin olması bir çox vətəndaşı xaricdə alış-verişə həvəsləndirib.

Avtomobil idxalı artmağa davam edir

Azərbaycanda avtomobil idxalındakı artım da ara vermir. Bu ilin ilk üç ayında ölkəyə 17 min 102 avtomobil gətirilib. Bu, ölkəyə 189 milyon dollara başa gəlib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə sayca 10 faiz, məbləğcə 20 faizə yaxın artıb. Avtomobil idxalı ilə bağlı diqqətçəkən daha bir məqam hibrid və elektrik mühərriklilərə marağın çoxalmasıdır. Əgər ötən ilin ilk üç ayında ölkəyə 1 min 831 hibrid avtomobil gətirilmişdisə, bu il həmin göstərici 3 min 140-a yüksəlib. Elektriklə çalışan avtomobillərin idxalı da 17-dən 70-ə yüksəlib.

XS
SM
MD
LG