Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:58

Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşüb


Ceyhun Bayramov
Ceyhun Bayramov

Bakıda ABŞ-ın bölgə səfirlərinin konfransı aprelin 27-i və 28-də keçirilməlidir

Bu gün, aprelin 26-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin bildirməsinə görə, görüşdə, həmçinin ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer də iştirak edib.

Açıqlamaya görə, ABŞ rəsmisi ölkəsinin bölgədəki səfirlərinin Bakıda görüşünün keçirilməsi ilə bağlı nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib:

“Görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişafı, habelə bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıblar”.

Bildirildiyinə görə, nazir Ceyhun Bayramov iki ölkə arasında normallaşma, gələcək sülh müqaviləsinin işlənib hazırlanması, sərhədin delimitasiyası, bölgədə bütün kommunikasiya xətlərinin açılması və etimad quruculuq tədbirləri istiqamətlərində atılan addımlar barədə məlumat verib.

ABŞ səfirləri Bakıda görüşür…

Bakıda ABŞ-ın bölgə səfirlərinin konfransı aprelin 27-i və 28-də keçirilməlidir. Sözügedən konfransda ABŞ-ın Azərbaycandakı, Gürcüstandakı Ermənistandakı səfirlərindən başqa USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) təşkilatının Administratoru köməkçisinin müavini, ABŞ-ın Avropa və Avrasiya yardım məsələləri üzrə icraçı koordinatoru və Qafqaz danışıqlarına dair baş məsləhətçisi də iştirak etməlidirlər.

Bu kimi missiya rəhbərlərinin konfransları hər il keçirilir. Son konfransa 2021-ci ildə ABŞ-ın Yerevandakı səfirliyi ev sahibliyi edib.

ABŞ-ın Bakıdakı və Tbilisidəki səfirlikləri 2019, 2018 illərdə keçirilən konfransları təşkil etmişdi. COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməmışdi.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan (Rusiya, Azərbaycan və Ermənistan arasında) bəyanata əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Azərbaycan və Ermənistan liderləri Rusiyanın vasitəçiliyi ilə 2021-ci il yanvarın 11-də və noyabrın 26-da da görüşüblər. Həmin görüşlərdə regionda kommunikasiyaların açılması üzrə razılığa gəlinib.

Bu il aprelin 6-da isə prezident İlham Əliyev Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən həmin görüşdə isə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlanıb.

Azərbaycan 1994-cü ildə Ermənistanla imzalanan atəşkəs razılaşmasına qədər ərazilərinin 20 faizini itirdiyini bildirmişdi.

XS
SM
MD
LG