Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:21

'Şuşa' adından istifadə razılaşdırılacaq


Şuşa
Şuşa

Şuşa şəhərinin adından istifadə edilməsi qaydası ilə bağlı layihə Milli Məclisdə I oxunuşda qəbul edilib. Parlamentin aprelin 26-da keçirilən plenar iclasında "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qoyduğu hallar istisna olmaqla aşağıdakı hallarda "Şuşa" sözündən istifadəyə yalnız razılıqla yol veriləcək:

Razılaşdırılmalıdır…

- hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;

- mükafatların və təltiflərin adlarında;

- yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;

- kommersiya və reklam məqsədilə;

- əmtəə nişanlarında və coğrafi göstəricilərdə.

M.Abbaszadə
M.Abbaszadə

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Mahir Abbaszadə "Turan"a bildirib ki, "Şuşa" adından xüsusilə bu şəhərin işğalından sonra oradan məcburi köçkün düşən bəzi insanlar sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən istifadə ediblər: (1992-ci ildə işğal edilib, 2020-ci ildə azad olunub) "Bəlkə də, o zamanlarda bu addan istifadə məcburi köçkün düşmüş insanlar üçün bir təsəlli idi. Hamının içərisində bir Şuşa həsrəti var idi. Amma müzəffər Ali Baş komandanın rəhbərliyi ilə biz işğal altında olan bütün torpaqları azad edə bilmişik".

"Həm "Şuşa" adının müqəddəsliyini, həm də…"

Onun sözlərinə görə, Şuşada bu gün dinc quruculuq, bərpa prosesləri həyata keçirilir ki, insanlar öz ata-baba yurdlarına qayıda bilsinlər: "Sahibkar subyektlərinin böyük əksəriyyəti ya Şuşadan məcburi köçkün düşmüş, ya da Şuşa kökənli insanlarındır. Bizim o Şuşa həsrətimizə son qoyulub və ona görə də biz artıq bundan sonra Şuşa ilə bağlı olan arzularımızı məhz elə Şuşanın özündə inkişaf etdirməliyik".

Şuşaya gedənləri polis üç dəfə yoxlayır: 'Könül rahatlığı yoxdur'
Gözlə

No media source currently available

0:00 0:07:57 0:00

Deputat hesab edir ki, qanun olduqca aktualdır: "Bu qanunun qəbul edilməsi ilə həm "Şuşa" adının müqəddəsliyini, həm də Şuşaya olan ehtiramımızı bir daha qeyd etmiş oluruq".

"Sanki, hökumət Şuşaya özünə məxsus bir…"

Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, hər bir vətəndaş, işadamı Şuşa şəhərinin adından istifadə edib müəyyən iş qurursa və bu adı təbliğ edirsə, bu, yalnız təqdirəlayiqdir: "Bu, Azərbaycan xalqının mədəniyyət beşiyi olan Şuşaya sevgisinin göstəricisidir".

Onun fikrincə, "Şuşa" adının istifadəsinə məhdudiyyətlərin qoyulması yanlış qərardır.

Partiya rəhbəri hesab edir ki, təkcə "Şuşa" adına yox, bütövlükdə Şuşa və digər işğaldan azad olunmuş ərazilərdə Azərbaycan xalqının məskunlaşması, iş yerlərin açılması, kənd təsərrüfatının inkişafı kimi məsələlərə də məhdudiyyətlər qoyulub: "Sanki, hökumət Şuşaya, "Şuşa" adına, işğaldan azad olunmuş bütün ərazilərə yalnız özünə məxsus olan bir dəyər kimi yanaşır".

A.Hacılı
A.Hacılı

Üstəlik, bəzi başqa müxalifətçilərə də görə, bu layihə Azərbaycanın bir bölgəsinə ayrıcalıq qazandırmağa imkan verəcək ki, onlar bunu da düz saymırlar.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Şuşada biznes qurmaq üçün nə lazımdı?
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

XS
SM
MD
LG