Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:33

Rusiya əsgərləri əsirləri bir-bir güllələyirdilər...


AzadlıqRadiosu Ukraynanın Çerniqov vilayətinin iki kəndində Rusiya hərbçilərinin dinc sakinləri qətlə yetirməsinə dair sübutlar aşkar edib

AzadlıqRadiosu Ukraynanın Çerniqov vilayətinin iki kəndində Rusiya hərbçilərinin dinc sakinləri qətlə yetirməsinə dair sübutlar aşkar edib.

Məqalədə deyilir ki, Rusiya qoşunları Starı Bıkov kəndini işğal etdikləri ilk gündə küçədə yaxaladıqları 6 yerli sakini güllələyiblər.

Qonşu Novı Bıkov kəndində isə rusiyalı əsgərlər qazanxananın zirzəmisində müvəqqəti həbsxana qurmuşdular. Onlar burada qırx əsir saxlayırdılar.

AzadlıqRadiosunun Ukrayna xidməti bu əsirlərdən birini tapa bilib. O Rusiya əsgərlərinin sakinləri bir-bir evdən çıxararaq kənd qəbirstanlığında güllələmələrinin şahidi olub.

Jurnalistlər qətlə yetirilənlərdən üçünün şəxsiyyətini müəyyənləşdirə biliblər. Ukrayna Silahlı Qüvvələrinin dəstəyi ilə qurbanların öldürüldükləri yerlərin fotoları əldə olunub.

Jurnalistlər habelə Novı Bıkovdan ən sonda çıxan Rusiya hərbi birləşməsini müəyyənləşdiriblər.

Köhnə və Yeni Bıkov kəndlərininin arasında bir körpü var. Burada 2 min nəfər yaşayır Bu iki kiçik kənd bir ay Rusiya işğalında olub.

Burada Rusiya hərbçiləri məktəb binasını, xəstəxananı, uşaq bağçasını zəbt etmişdilər. Onlar yerli klubun bomba sığınacağını özlərinin qərargahına çevirmişdilər.

Burada gedən döyüşlər nəticəsində 100-dək ev dağılıb, demək olar, bütün infrastruktur məhv edilib.

Azadlıq radiosunun jurnalisti Kiyevdə həlak olub
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

6 dinc sakinin güllələnməsi

Fevralın 27-də Starı Bıkov kəndinin işğalının ilk günündə Rusiya hərbçiləri 6 mülki kişini güllələyiblər. Onları küçədə saxlamışdılar. Şahidlərin dediyinə görə, bu, Ukrayna qüvvələrinin körpünü dağıtmasına və onların karvanını atəşə tutmasına görə qisas aktı idi.

"Uşaqlar, mənim oğlumu və kürəkənimi buraxın” – deyə Viktoriya Vovk yalvarırıdı. Onları elə evin həyətində saxlamışdılar.

Rusiya hərbçiləri söz vermişdilər ki, kişiləri dindirib buraxacaqlar. Amma Viktoriya az sonra atəş səsləri eşidib. O şübhə etmirdi ki, oğlu Boqdan Qladkonu və kürəkəni Aleksandr Mogirçuku güllələyiblər.

Viktoriya deyir ki, onları başlarından güllələmişdilər.

Viktoriya Vovk
Viktoriya Vovk

Ertəsi gün Viktoriya Vovk həmkəndliləri ilə atəş səsləri gələn yerə yollanıb. Elə oradaca kimsəsiz binanın yanında otluqda doğmalarının meyitlərini tapıb. Burada daha dörd kənd sakininin meyitləri vardı.

Rusiya əsgərləri meyitlərin götürülüb dəfn olunmasına icazə vermirdilər. Nəhayət doqquz gün sonra meyitləri kənd qəbirstanlığında basdıra biliblər:

“Uşaqları elə əyinlərindəki paltarlarda basdırdıq...Üstlərinə yorğan üzü çəkdik”.

Rusiya qoşunları sıxışdırılıb Çerniqov vilayətindən çıxarılandan sonra Ukrayna milli polisi edam olunanların cəsədlərini eksqumasiya edib. Cəsədlərin müayinəsi onların ölümlərindən əvvəl işgəncələrə məruz qaldıqlarını göstərib.

Qəbirstanlıqda tapılan cəsədlər
Qəbirstanlıqda tapılan cəsədlər

Vovk deyir:

"Onları təkcə başlarından güllə atmaqla öldürməyiblər. Onları alçaldıblar. Kürəkənimin yuxu arteriyasını kəsiblər, oğlumun isə ürəyini deşiblər, qabırğalarını sındırıblar”.

Boqdan Qladko – 29 yaş

İqor Yavon 32 yaş

Oleq Yavon – 33 yaş

Aleksandr Mogirçuk – 38 yaş

Aleksandr Vasilenko - 39 yaş

Vladimir Putyata - 46 yaş

İqor və Oleq Yavon qardaşlarının məzarı
İqor və Oleq Yavon qardaşlarının məzarı

Dörd dinc sakinin güllələnməsi

Rusiya hərbçiləri qonşu Novı Bıkov kəndində klubun qazanxanasını qərargaha çevirmişdilər. Burada azı 40 nəfərin dindirildiyi düşünülür.

Əsirlikdə 12 gün saxlanmış Maksim Didık deyir:

"Əsirlərin başına şüşə butulkalarla zərbə endirirdilər, qulaqlarının yanından avtomatla atəş açırdılar, onları qundaqla döyürdülər, silahı ağızlarına soxub danışmağı tələb edirdilər”.

Maksim Didıkdan şübhələnirdilər ki, o Ukrayna artilleriyasına hədəfləri nişan verib.

Maksim bildirir ki, qazanxanada saxlananların hamısı mülki adamlar idi. O yalnız bir dəfə burada Ukrayna ordusunun üç əsgərinin saxlandığını da görmüşdü.

Maksim Didık
Maksim Didık

Sonradan Maksimə burada müxtəlif işlər gördürüblər. Didık başqa əsirlərdən fərqli olaraq baş verənləri görürdü.

O danışır ki, martın 29-30-da Ukrayna qüvvələrinin təzyiqi altında kəndi tərk etməyə məcbur olanda Rusiya hərbçiləri qazanxanadakı əsirləri bir-bir çıxarıb güllələyiblər.

Maksim deyir ki, onu da güllələmək istəyiblər. Amma onu işlədən Rusiya əsgərinin Maksimə yazığı gəlib. Əsgər ona 4 əsiri güllələdiyini, amma 6-sını buraxdığını deyib.

Kənd azad ediləndən sonra qəbirstanlıqda daha üç kişinin meyitləri tapılıb.

AzadlıqRadiosu Ukrayna xidmətinin jurnalistləri edam yerlərinin fotolarını əldə ediblər.

Cəlladlar və qurbanlar

Staraya Basan kəndinin 52 yaşlı sakini Aleksandr Lısak. Moskva vilayətinin Podolsk şəhərində anadan olub. İki əsirin dediyinə görə Lısakı südlü qəhvə istədiyinə görə rus zabit güllələyib.

Vladimir Vovk. Starya Basan kənd orta məktəbinin 38 yaşlı işçisi. Yetimliklə böyüyüb. Rusiya hərbçiləri şübhələnirdilər ki, onların sürücüsü həlak olanda Vovk pusquda durub. Vovkun özü bu ittihamı dəfələrlə təkzib edib. Əsirlərdən biri deyir ki, Vladimir rusca danışa bilmirdi və rusları əsəbiləşdirirdi. Bəlkə də elə bu səbəbdən güllələyiblər.

Vladimir Vovk
Vladimir Vovk

64 yaşlı Mixail İvaşko Çerniqov vilayətinin Losinovka kəndindən idi. Ruhi xəstəliyinə görə əlilliyi vardı. Martın 22-də qonşu kəndə gedən Mixaili rusiyalı əsgərlər saxlayıblar. Ona bir stəkan araq veriblər və deyiblər ki, sağ qalmaq istəyirsə, əsirlərdən birini öz əvəzinə seçsin. O bundan imtina edib və güllələnib.

Adamları əsir saxlayan və edam edən Rusiya hərbçisinin kimliyini hələki müəyyənləşdirmək mümkün olmayıb. Amma buna ümid var. Şahid ifadələrinə görə bu, 50 yaşlarında bir rus olub. Söhbətlərindən belə anlamaq olurmuş ki, bu, iştirak etdiyi ilk müharibə deyil.

Divardakı yarasa nişanı

AzadlıqRadiosu Ukrayna Silahlı Qüvvələrindəki mənbələrinin köməyi ilə Novı Bıkov kəndindən ən axırda çıxan Rusiya hərbi birləşmələrini müəyyən edib.

Rusiya Federasiyasının 30-cu motoatıcı briqadasının daimi dislokasiya yeri Samara vilayətinin Roşşinski qəsəbəsidir.

Bu, fevralın 24-də Ukraynaya ilk soxulan birləşmələrdən biridir.

Rusiya baş kəşfiyyat idarəsinin xüsusi təyinatlı 24-cü briqadası Novosibirskdə yerləşir. Bu hərbi kəşfiyyatın döyüşçüləri I və II Çeçen müharibələrində də vuruşublar. Bundan başqa Novosibirsk xüsusi təyinatlılarından azı 300 nəfəri Suriyada olub.

Rusiya əsgərlərinin Novı Bıkov kəndində qoyub getdikləri divar yazılarının arasında, ictimai ayaqyolunun divarında yarasa şəkli də var. Bu Rusiya kəşfiyyatının qeyri-rəsmi simvoludur.

Ayaqyolu divarındakı yarasa nişanı və Putin Baş Kəşfiyyat İdarəsində
Ayaqyolu divarındakı yarasa nişanı və Putin Baş Kəşfiyyat İdarəsində

Əsirlikdə olanların dediyinə görə onları saxlayan hərbçilərin əyinlərindəki geyim başqa əsgərlərdə olduğundan daha keyfiyyətli idi.

Yalnız ukraynca danışan qız

Rusiya hərbçilərinin saxladıqları əsirlərdən ikisinin taleyi naməlum qalır.

Bunlardan biri Brovarı şəhərindən 25 yaşlı riyaziyyat müəllimi Viktoriya Andruşadır. O Rusiya işğalı başlanandan sonra Starı Bıkova valideynlərinin yanına gəlmişdi. Onu martın 25-də guya Ukrayna qoşunlarına məlumat ötürdüyünə görə Rusiya əsgərləri aparıblar.

Viktoriya Andruşanı bir neçə gün həmin qazanxanada Maksim Didık və başqa əsirlərlə birlikdə saxlayıblar.

Viktoriya Andruşa - yalnız ukraynca danışan qız
Viktoriya Andruşa - yalnız ukraynca danışan qız

Didık belə xatırlayır:

"Viktoriya rus hərbçiləri ilə yalnız ukrayn dilində danışır, ukraynalı vətənpərvər olduğunu deyirdi. Onu son dəfə martın 27-də görmüşəm. Sonra əsgərlər onu harasa apardılar.”

Viktoriya Andruşadan hələ də heç bir xəbər yoxdur.

Daha bir əsir – 52 yaşlı Aleksandr İqnatovdan da xəbər yoxdur. Onu da qazanxanada saxlayırdılar. Aleksandrı iki il əvvəl maşın vurmuşdu və o komaya düşmüşdü. O vaxtdan amneziyası vardı. Şahidlərin dediyinə görə ruslar ən çox onu döyürdülər.

Rusiya əsgərlərinin Ukrayna ərazisində törətdiyi çoxsaylı vəhşiliklər dünya xəbər başlıqlarına çıxsa da, Kreml dinc sakinləri hədəflədiyini danır.

XS
SM
MD
LG