Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:32

Zelenski: Mariupoldakı yaralı hərbçilərin çıxarılması ilə bağlı danışıqlar gedir


Ukrayna prezidenti Volodymyr Zelensky. 12 may , 2022
Ukrayna prezidenti Volodymyr Zelensky. 12 may , 2022

Zelenski qeyd edib ki, danışıqlara nüfuzlu beynəlxalq vasitəçilər cəlb edilib, amma o ətraflı açıqlama verməyib.Ukrayna rəsmisinin sözlərinə görə, söhbət 60-dək ağır yaralı hərbçi və həkimlərdən gedir.

Ukrayna prezidenti Volodimir Zelenski Mariupol şəhərindəki “Azovstal” polad zavodunda mühasirədə olan yaralı əsgərlərin, əsir mübadiləsi çərçivəsində təxliyəsi ilə bağlı çox çətin danışıqlar aparıldığını bildirib.

Reütersin mayın 14-də verdiyi məlumata görə, o bunu gecə saatlarında etdiyi müraciətdə deyib.

“Hazırda evakuasiya missiyasının növbəti mərhələsi-ağır yaralılar və tibb işçilərinin çıxarılması ilə bağlı çox şətin danışıqlar gedir”, deyə Zelenski bildirib.

O, qeyd edib ki, danışıqlara nüfuzlu beynəlxalq vasitəçilər cəlb edilib, amma ətraflı açıqlama verməyib.

Ölkənin cənub-şərqində yerləşən Mariupol şəhəri hazırda Rusiya ordusunun nəzarətindədir.

Amma şəhərdəki polad zavodunda hələ də yüzlərlə ukraynalı döyüşçü var. Onlar Ukraynanın “Azov” alayının döyüşçüləridir.

Ukraynanın baş nazir müavini İrina Vereşçuk da mayın 14-də yerli televiziyaya bildirib ki, hazırda əsas səylər ağır yaralılar və tibb işçiləri də daxil olmaqla 60-a yaxın adamın təxliyəsinə yönəlib.

Azov alayının komandirlərindən olan Svyatoslav Palamar.
Azov alayının komandirlərindən olan Svyatoslav Palamar.

Reütersin məlumatına görə, Azov alayının komandir müavini Svyatoslav Palamar mayın 14-də bildirib ki, onun qüvvələri bacardıqca müqavimət göstərməkdə davam edəcəklər.

Qeyd edək ki, Mariupol Rusiyanın Ukraynaya hücumunda ən çox dağıdılmış şəhərdir.

Ukrayna rəsmilərinin sözlərinə görə uzun həftələr mühasirədə qalan şəhərdə 10 minlərlə dinc sakin ölüb.

Amma hələlik bu rəqəmi digər mənbələr tərəfindən tam təsdiqləmək mümkün olmayıb.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Moskvanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa şağırır.

XS
SM
MD
LG