Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

Türkiyə niyə Finlandiya və İsveçin NATO üzvlüyünə mane olur?


Türkiyə prezidenti Recep Tayyip Erdoğan
Türkiyə prezidenti Recep Tayyip Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu iki ölkəni terrorizmi dəstəkləməkdə ittiham edir

Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə dair danışıqlarının başlanmasını bloklayıb.

Hazırda Türkiyə bu iki Avropa ölkəsinin şimal alyansına üzvlüyünə etiraz edən yeganə NATO üzvüdür.

NATO-nun Nizamnaməsinə görə bu təşkilata üzvlük üçün bütün müttəfiqlərin razılığı zəruridir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu iki ölkəni terrorizmi dəstəkləməkdə ittiham edir.

Erdoğan bildirib ki, İsveç və Filandiya Kürdüstan İşçi Partiyası – PKK-nın üzvlərini, habelə müsəlman vaiz Fethullah Gülenin davamçılarını Ankaraya ekstradisiya etməkdən boyun qaçırır.

Erdoğan mayın 19-da ritorikasını bir az da sərtləşdirib:

"Biz razı ola bilmərik ki, Türkiyəyə sanksiyalar qoyan ölkələr NATO-ya qoşulsunlar. Onda NATO təhlükəsizlik təşkilatı yox, terrorçu təşkilat nümayəndələrinin toplandığı bir yer olardı”.

Türkiyə üçün həssas məsələ

Beynəlxalq Təhqiqatlar Mərkəzinin direktoru, Odessa Milli Universiteti beynəlxalq əlaqələr kafedrasının müdiri Vladimir Dubovik Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə niyə mane olmasının səbəbləri barədə danışıb.

O CurrentTime saytına müsahibəsində deyib ki, bu məsələ Türkiyə üçün çox mühümdür:

“Bu məsələlər Türkiyə üçün birmənalı şəkildə mühümdür. Amma biz inanmırıq ki, Türkiyə həqiqətən də İsveç və Finlandiyanın NATO-ya qoşulmasına maneçilik törədəcək. İnanırıq ki, bu məsələdə kompromis tapılacaq. Ümumiyyətlə, maraqlıdır ki, NATO və Avropa İttifaqının liberal olmayan üzvləri öz maraqları naminə demokratik hüquqi prosedur mexanizmlərindən faydalanırlar. Məsələn hazırda Macarıstan Avropa İttifaqının Rusiya neftinə embarqo qoymasına qarşıdır. İndi isə Türkiyə İsveç və Finlandıiyanın NATO-ya qoşulmaq niyyətinə mane olur”.

Bununla belə ekspert hesab edir ki, kürd separatçılığı Türkiyə üçün son dərəcə həssas məsələdir:

“Buna görə də Finlandiya və İsveçin Kürdüstanın İşçi Partiyasını terrorçu təşkilat hesab etməməsinin özü Ankara üçün ağrılıdır...Digər tərəfdən İsveç və Finlandiya insan haqları məsələsinə çox həssas yanaşırlar. Bu iki ölkə həm də müəyyən silahların Türkiyəyə ixrac olunmaslına blok qoyub”.

Türkiyə NATO-nun mühüm üzvüdür

Professor Dubovik bildirir ki, Ankaranın bu məsələdəki mövqeyini sərtləşdirən həm də elə ABŞ tərəfindən Türkiyəyə sanksiyaların qoyulmasıdır.

ABŞ Türkiyə üzərinə sanksiyaları Ankaranın Rusiyadan S-400 raket sistemləri aldığına görə qoyub.

Bundan başqa Türkiyə ABŞ-ın təkmil F-35 qırıcı təyyarələr proqramından çıxarılıb:

“Odur ki, burda söhbət kompleks problemlərdən gedir və Erdoğan hazırda bu məqamdan fürsətlənərək bu problemləri həll etməyə çalışır. Ümid onadır ki, hər halda razılıq əldə olunacaq”.

Ekspert qeyd edir ki, hazırkı şəraitdə Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması ABŞ-ın maraqlarına xidmət edir. Onun fikrincə Türkiyə NATO üçün son dərəcə mühüm müttəfiqdir:

“Türkiyə 1936-cı il Montrö razılaşması əsasında Qara dənizdəki Bosfor və Dardanel boğazlarına nəzarət edir...Türklər öz tərəflərindən belə suallar verirlər: “Bəs siz niyə bizə kömək etmirsiniz? Bizim Suriyada problemimiz çıxanda siz niyə bizə kömək etmədiniz?”

İsveçlə Finlandiya ərazilərində nüvə silahı olmayacağını deyirlər
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Türkiyəyə güzəşt edilə bilər

Dubovik bildirir ki, bu məsələlərdə Türkiyənin öz inciklikləri, ABŞ-ın isə öz narahatlıqları var:

“Hələki prezident Bayden Erdoğanla münasibətləri məsələsi ilə yaxından məşğul olmur. Bu münasibətlərin, məsələn Obama ilə olduğu kimi pisləşəcəyini indidən demək olmur. Bəlkə də münasibətlər Erdoğanın Trampla münasibətləri kimi yaxşılaşa bilər. Amma mən düşünürəm ki, Ankara Vaşinqtondan müəyyən pozitiv siqnallar gözləyir”.

Ekspert hesab edir ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qoşulmaq istəyini bloklaması ilə bağlı problemin həlli bir neçə həftə çəkə bilər:

“Düşünürəm ki, bu ölkələrin elitaları prosesin bloklanmasının heç kimin marağında olmadığını anlayırlar. Buna görə də zənnimcə imkan olduğu məqamlarda Türkiyəyə güzəştə gediləcək. Amma təkrar edirəm ki, bu ölkələrdə (Finlandiya və İsveç) insan haqlarına diqqət çox ciddi məsələdir”.

XS
SM
MD
LG