Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:19

Azərbaycanda iqtisadi proqnozlar özünü doğruldur?


Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir

Hər il bir sonrakı ilin dövlət büdcəsiylə bağlı göstəricilər hazırlanarkən həmin ilin proqnoz göstəriciləri də müəyyənləşdirilir. Bu proqnozlar büdcə vəsaitinin istiqamətlər üzrə paylanmasında əsas götürülür və bir çox iqtisadi qərarlara təməl yaradır. Bəs Azərbaycanda makroiqtisadi göstəricilərə dair proqnozlar özünü necə doğruldur?

Proqnozlaşdırma məsələsi bugünlərdə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin müzakirəsi zamanı da gündəmə gəlib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib ki, "Proqnozlaşdırma institutu Azərbaycanda necə fəaliyyət göstərir, mən bilmirəm. Proqnozdan əlavə vəsaitlər toplanır. Proqnozlaşdırma institutunun fəaliyyətinə baxmaq lazımdır, çünki vəsait proqnozdan çox olanda bəzən problemlər yaranır".

Deputatın bu iradına Maliyyə naziri Samir Şərifov cavab verib: "Biz proqnozlar sahəsindəki problemləri son iki ildə aktiv şəkildə müzakirə edirik". Nazir bunu da bildirib ki, "son iki il proqnozlaşdırma baxımından ağır illərdir: 2020-ci ildə COVID böyük qlobal bəlaya çevrildi. Nəticədə 2020-ci ildə proqnozlarımızı dəyişməyə məcbur qaldıq. 2020-ci ildə pandemiyanın nə vaxt başa çatması böyük qeyri-müəyyənlik doğururdu. Digər tərəfdən, 2021-ci ildə başqa proseslər baş verdi. İlk olaraq, ümumi olaraq tələb və təklif arasında olan natarazlıq özünü büruzə verməyə başladı. Sonradan indiki "ərzaq böhranı" kimi adlandırılan problemin ilkin əlamətləri artıq 2021-ci ildə formalaşmağa başladı. Biz büdcə proqnozu verəndə risk faktorlarını qeyd edirik. Bunlar büdcədə nəzərdə tutulan proqnozların tam icra edilməməsi ilə bağlı risk faktorlarıdır. Neftin də qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilmir".

Proqnozla real nəticə arasında ciddi fərq var

Ötən il üzrə makroiqtisadi proqnozların və ilsonunda qeydə alınan faktik göstəricilərin müqayisəsi göstərir ki, özəlliklə ümumi daxili məhsulun (ÜDM-in) proqnozuyla real nəticə arasında ciddi fərq var. 2020-ci ilin sonunda hökumət 2021-ci ildə ÜDM-in 76 milyard manat həcmində olacağını proqnozlaşdırıb. Ancaq ötən il ÜDM 93 milyard manat olub, yəni hökumətin gözlədiyindən 17 milyard manat və ya 22 faiz çox. Artım ənənəvi olaraq neft sektorundan qaynaqlanıb. Həmin sektorda formalaşan ÜDM hökumətin proqnozlarını 13 milyard manat, qeyri-neft sektorundakı ÜDM isə 4 milyard manat qabaqlayıb. Bu baxımdan, 2021-ci il üzrə əhəmiyyətli artımın müşahidə olunması aşağı baza effekti ilə, başqa sözlə, əvvəlki ildə məhdudiyyətlər səbəbindən azalmış iqtisadi aktivliyin yenidən bərpası ilə əsaslandırıla bilər.

Ötənilki büdcənin icrası ilə bağlı Hesablama Palatasının rəyində də qeyd edilir ki, ÜDM-in rüblər üzrə təhlili, ilk rüb istisna olmaqla (karantin rejiminin doğurduğu məhdudiyyətlərdən qaynaqlanaraq), digər rüblərdə iqtisadi artımın gözə çarpdığını, üçüncü və dördüncü rüblərdəsə artım tempinin daha da sürətləndiyini göstərir. Neftin qiymətinin ilsonuna doğru yüksəlməsi də əlavə dəyərin rüblər üzrə bölgüsündə öz əksini tapıb və daha çox əlavə dəyərin sonuncu rübdə yaranmasına təsir göstərib.

İnflyasiya gözləniləndən iki dəfə yüksək olub

Ötən il büdcə göstəriciləri hazırlanarkən Azərbaycanda neftin bir barelinin orta qiyməti 40 dollar olaraq müəyyənləşdirilmişdi. Amma "Büdcə zərfi"ndə digər parametrlərin hesablanması üçün mühüm göstərici olan neftin qiyməti hesabat ilində 71.6 ABŞ dollarına yüksələrək proqnoz qiymətindən 31.6 ABŞ dolları çox olub. Neftin qiymətinə dair proqnoz və faktik göstəricilər arasında önəmli fərqin yaranması digər bloklarda da parametrlərin icra vəziyyətinə təsir göstərib. Bu məqam ixrac gəlirlərinin də gözləniləndən çox olmasına səbəb olub. Ötən il ölkədə toplam 13 milyard dollar ixrac gəliri gözlənilirdisə, yekunda bu rəqəm 21 milyard dollara yüksəlib.

Hökumətin inflyasiya ilə bağlı proqnozları da özünü doğrultmayıb. 2021-ci il başlarkən hökumət illik inflyasiyanın 3 faiz olacağını açıqlamışdı. Ancaq yekunda orta illik inflyasiya göstəricisi 6.7 faiz, gözləniləndən iki dəfədən çox daha yüksək olub. Hökumətin əhalinin gəlirlərinə dair gözləntiləri də faktik nəticələrlə üst-üstə düşməyib. Hökumət əhalinin ötən il ərzində 60 milyard manat gəlir əldə edəcəyini düşünsə də, yekunda bu rəqəm daha az olub. 2021-ci ildə Azərbaycanda əhalinin toplam gəlirləri 57.2 milyard manatı aşmayıb. Bu, proznoşlaşdırılan göstəricidən 2.8 milyard manat daha azdır.

Ötən il əhalinin gəlirləri hökumətin gözlədiyindən az olsa da, xərcləri hökumətin gözləntilərini aşıb. Belə ki, 2021-ci ildə hökumət əhalinin xərclərini 52.9 milyard manat səviyyəsində proqnozlaşdırsa da, yekunda əhalinin xərcləri 55.2 milyard manat, yəni proqnozlaşdırılandan 2.3 milyard manat daha yüksək olub.

Ötən il əhalinin gəlirləri ilə yanaşı, əsas kapitala investisiyalar da hökumətin gözlədiyindən az olub. Hökumət 2021-ci ildə əsas kapitala investisiyaların həcmini 18.2 milyard manat həcmində müəyyənləşdirsə də, yekunda bu rəqəm yalnız 16.5 milyard manatı haqlayıb. Bu da gözlənilən səviyyədən 1.7 milyard manat daha az deməkdir.

XS
SM
MD
LG