Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:04

Reportyorun qətli üzrə məhkəməyə buraxılmayanlar aksiya keçirdi


Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya
Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya

Reportyor Əvəz Şıxməmmədovun qətlə yetirilməsiylə bağlı məhkəmə araşdırmaları başlayıb. Bu qətl hadisəsini Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırır. Əvəz Hafizli kimi tanınan reportyoru qətlə yetirməkdə suçlanan isə öz əmisi oğlu Əmrulla Güləliyevdir.

İyunun 20-də bu cinayət işi üzrə məhkəmə prosesi keçirilsə də, təqsirləndirilən Güləliyev məhkəməyə gətirilməyib. O, saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəmə iclasına qoşulub.

İclasa buraxılmayanlar

Prosesi izləmək üçün çoxsaylı media nümayəndələri, LGBT fəalları və s. gəlsələr də, onların heç biri məhkəmə zalına buraxılmayıb. Yalnız Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşlarına məhkəmə iclasında iştirak etmək imkanı yaradılıb. Daha iki nəfər isə özlərini Əvəzin qohumu kimi təqdim edərək məhkəmə zalına daxil olub.

Bu işdə zərərçəkmişin hüquqi varisi qismində mərhum reportyorun qardaşı tanınıb. Lakin o, eləcə də başqa yaxın qohumlarından heç kim məhkəməyə gəlməyib.

Bu cinayət işi üzrə araşdırmalar iyulun 4-də davam edəcək.

"Məhkəməni üzümüzə bağladılar"

Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına toplaşan LGBT üzvləri, ictimai fəallar etiraz aksiyası keçiriblər. Onlar əllərində qaldırdıqları "Əvəzin qatili dövlətdir!" şüarı yazılmış plakatları məhkəmə binasının divarlarına yapışdırıblar. Əraziyə cəlb olunan polislər az sonra həmin plakatları divardan çıxarıblar.

Fəallar həm də açıq məhkəmə prosesinə ictimaiyyət nümayəndələrinin buraxılmamasına etiraz ediblər.

"Açıq məhkəmə prosesində hər kəsin iştirak etmək hüququ var. Açıq məhkəmə faktiki qapalı keçirilir. Necə olur, xarici səfirliyin əməkdaşını buraxırlar, öz vətəndaşlarını yox? Deməli, dövlət öz vətəndaşına hörmət etmir. Məhkəməni bizim üzümüzə bağladılar", – LGBT aktivisti Cavid Nəbiyev bildirib.

Feminist fəal Gülnarə Mehdiyeva isə iddia edir ki, dövlət orqanları cinsi azlıqların döyülməsi, öldürülməsi çağırışlarına vaxtında reaksiya versəydi, bu qətl hadisəsinin qarşısını almaq olardı: "Biz ona görə deyirik ki, Əvəzin qatili dövlətdir...".

Reportyor və LGBT fəalı

24-yaşlı Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib. Cinayəti törətməkdə ittiham olunan Əmrulla Güləliyev hadisənin mübahisə zəminində baş verdiyini bildirib. Güləliyev CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsiylə ittiham olunur. Bu maddədə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

"Kanal 13" və bir sıra başqa internet televiziyalarıyla əməkdaşlıq edən Şıxməmmədov həm də LGBT fəalı kimi tanınırdı. O, cinsi azlıqların hüquqlarıyla bağlı etiraz aksiyalarında da iştirak edirdi.

XS
SM
MD
LG