Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:25

Qiymətləri ən çox yüksəldən xaricdir, yoxsa daxil?


Ət və yumurta bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:04:50 0:00

Ət və yumurta bahalaşıb

Son günlər Azərbaycanda həm unun, həm də çörəyin qiyməti artıb. Bahalaşma rayonlarda daha kəskin görünür - son bir həftədə un təqribən 15 faiz bahalaşıb.

Amma bahalaşan təkcə un və un məmulatları deyil. Duru yağ, ət, sabun, şampun və başqa mallarda da qiymət artımı müşahidə edilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə ərzaq mallarında inflyasiya təqribən 18 faiz olub. Amma iqtisadçılardan Nemət Əliyev və bir çox başqaları bu rəqəmin reallıqda 40 faizə yaxın olduğunu düşünürlər.

"Dünyada baş verən proseslərin nəticəsidir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, Azərbaycanda inflyasiya bütün dünyada baş verən eyni proseslərin nəticəsidir: "Bu, dünyada baş verən proseslərin, pandemiyanın nəticəsidir. Bir il yarım ərzində bütün dünya süni iqtisadi koma vəziyyətində olub. Həmin dövrdə ABŞ-da 3 trilyon dollar, Avropada da trilyonlarla dollar əhaliyə paylanılıb ki, sosial kollaps yaranmasın. Təbii ki, burada müsbət tərəf ilə yanaşı, mənfi tərəfi də var. Hələ 2008-ci ildən real iqtisadiyyatla maliyyə sektoru arasında balans pozulub. Maliyyə iqtisadiyyatının real iqtisadiyyata təzyiqi inflyasiyanın qlobal artımına gətirib çıxartdı".

R.Quliyev
R.Quliyev

"Staqflyasiyaya çevrilir"

O xatırladır ki, dünya koronavirus pandemiyası dövründən çıxmamış Ukraynada müharibə başlayıb: (Rusiya bu il fevralın 24-də Ukraynaya təcavüz edib-red.) "Dünyada taxıl təchizatının 30 faizini, digər ərzaq məhsullarının, gübrənin 15 faizini Rusiya və Ukrayna təmin edirdi. Müharibəyə görə Ukraynadakı əkinlərə zərər vurulub, taxılın ixracatına imkan məhdudlaşıb, Rusiya isə sanksiyalar altına düşüb. Nəticədə isə yenə də bazar iqtisadiyyatının maliyyə-iqtisadi balansı pozulur və inflyasiya kəskin artaraq staqflyasiyaya (yüksək inflyasiya və ressesiyanın kombinasiyası) çevrilir".

"Azərbaycan antiinflyasiya siyasəti həyata keçirir"

Komitə üzvü hesab edir ki, proseslərə iqlim dəyişikliyi və qaçqın problemi da öz təsirini göstərir: "Təbii ki, dünyada gedən inflyasiya prosesləri Azərbaycana təsir edir. Çünki ərzaq məhsullarının və ya onların komponentlərinin 50 faizə qədərini biz idxal edirik".

R.Quliyevin sözlərinə görə, Azərbaycan antiinflyasiya siyasəti həyata keçirir: "Yəni böhran dövrünün qarşısı alınır, dövlət müəyyən rıçaqlardan istifadə edərək həmin inflyasiya dalğalarını geriyə atır. Bundan əlavə, Azərbaycan hökuməti müəyyən inkişaf proqramlarını tətbiq edir. Bizim 240 hektardan ibarət 51 aqroparkımız var, onlara 3 milyard manat xərclənib. Həmin aqroparklar Azərbaycan aqrar iqtisadiyyatına bir forpost kimi xidmət edir".

R.Həsənov
R.Həsənov

"İnhisarçılıq…"

İqtisadçı Rəşad Həsənov da AzadlıqRadiosuna bildirib ki, son iki ildə inflyasiya qlobal bir problemdir. Amma qeyd edib ki, Azərbaycanda inflyasiyanı sürətləndirən digər faktorlar da var: "Məhz Azərbaycan iqtisadiyyatının quruluşundan qaynaqlanan məsələlər səbəb hesab oluna bilər. İnhisarçılıq, liberal fəaliyyət imkanlarının olmaması, idxaldan asılılıq bazarda inflyasiya təzyiqlərini artıran Azərbaycana xas faktorlardır".

Onun vurğulamasına görə, xüsusilə inhisarçılıq və təchizatçı sayının az olması qiymətlərin optimallaşma imkanlarını məhdudlaşdırır: "Bu istiqamətdə guya 2016-cı ildən islahatlar aparılır, amma bu islahatlar heç də real nəticələrə gətirib çıxartmayıb".

Ekspert hesab edir ki, qiymət artımı davam edəcək.

XS
SM
MD
LG