Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:40

Bakı ilə Yerevan Brüsseldə sülh sazişi üzrə işçi qrupun təşkilini razılaşdıra bilər


Brüssel, İlham Əliyev (sağ), Şarl Mişel, Nikol Paşinyan, 6 aprel 2022
Brüssel, İlham Əliyev (sağ), Şarl Mişel, Nikol Paşinyan, 6 aprel 2022

Azərbaycan tərəfi ümid edir ki, Brüssel görüşündə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.

Azərtac-ın məlumatına görə, bunu avqustun 27-də Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı deyib.

Daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılması ilə bağlı razılıq əldə olunduğunu xatırladan Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər. Onlar nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər.

Avqustun 31-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.

ABŞ və Fransa səfirləri Şuşaya dəvət olunsa da səfər etməyiblər

Azərtac xəbər veirir ki, Prezident köməkçisi Şuşada jurnalistlərə açıqlamasında ABŞ və Fransa səfirlərinin dəvət olunmalarına baxmayaraq Şuşaya səfər etməmələrinə də münasibət bildirib:

“Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”-Hikmət Hacıyev bildirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. O vaxtdan tərəflər arasında əsas vasitəçiliklə Rusiya məşğul olub.

ABŞ səfirliyi: "...Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur"

Bir gün sonra - avqustun 28-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi məsələ ilə bağlı Amerikanın Səsi-nin sorğusuna belə cavab verib:

“ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə bilərik. Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur.

Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir,” ABŞ Səfirliyi qeyd edib.

Fransanın Azərbaycandakı səfirliyinin hələk səslənən məsələyə münasibəti bəlli deyil.

XS
SM
MD
LG