Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:07

Mirzoyanla Lavrov Minsk qrupundan, sülhməramlılardan danışıblar


Ararat Mirzoyan (öndə solda) və Sergey Lavrov, arxiv fotosu
Ararat Mirzoyan (öndə solda) və Sergey Lavrov, arxiv fotosu

Tərəflər Qarabağda Rusiya sülhməramlı kontingentinin “müharibə zonasında atəşkəs, provokasiyaların önlənməsi, təhlükəsizliyin və Dağlıq Qarabağın erməni əhalisinin yaşam şərtlərinin təmin olunmasındakı” rolunu vurğulayıb

Bu gün – sentyabrın 6-da Ermənistanın Baş naziri Nikol Paşinyan Vladivostokda 7-ci Şərq İqtisadi Forumunun plenar iclasına qatılacaq. Tədbirdə Rusiya Prezidenti Vladimir Putin, bir sıra dövlət başçıları, o cümlədən Myanma, Monqolustan, Hindistan, Malayziya liderləri iştirak edəcəklər.

Paşinyanla Putinin Vladivostokda görüşəcəyi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcəyi bildirilir.

Rusiya sülhməramlı kontingenti...

“Rusiya Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşmasına hər vasitə ilə dəstək göstərir. Rusiya sülhməramlı kontingenti regionda təhlükəsizliyi təmin edir”, – bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.

Sentyabrın 5-də isə Ermənistan və Rusiyanın xarici işlər nazirləri Moskvada görüşüblər. AzadlıqRadiosunun erməni xidməti yazır ki, Ararat Mirzoyanla Sergey Lavrov regional təhlükəsizlik və sabitliyə dair genişmiqyaslı məsələləri götür-qoy ediblər.

Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi məsələləri, regionda iqtisadi və nəqliyyat infrastrukturunun açılması üzrə fikir mübadiləsi aparılıb. Ermənistanla Azərbaycanın münasibətlərinin tənzimlənməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinə dair məsələlərə toxunulub.

Minsk qrupu həmsədrliyi

Mirzoyan Rusiya tərəfinin səylərinin, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində münaqişənin uzunmüddətli və hərtərəfli tənzilnlənməsinə yönəlik cəhdlərin vacibliyini qeyd edib, məlumatda deyilir.

2020-ci ildə 44 günlük müharibə bitəndən sonra Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını bəyan edib. Rəsmi Bakı ATƏT-in Minsk qrupunun işinin də bitdiyini bildirir, onu “reanimasiya etmək” cəhdlərini pisləyir. Bu günlərdə ABŞ qrupa yeni həmsədr təyin etdiyini açıqlayıb.

Mirzoyanla Lavrov 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli razılaşmaların reallaşmasının vacibliyini bir daha təsdiqləyib.

Tərəflər Qarabağda Rusiya sülhməramlı kontingentinin “müharibə zonasında atəşkəs, provokasiyaların önlənməsi, təhlükəsizliyin və Dağlıq Qarabağın erməni əhalisinin yaşam şərtlərinin təmin olunmasındakı” rolunu vurğulayıb.

Ararat Mirzoyan erməni əsirlərin və digər saxlanan şəxslərin tezliklə qaytarılmasının, Azərbaycanın nəzarətini bərpa etdiyi ərazilərdə erməni mədəni-tarixi irsinin qorunmasının vacibliyini qeyd edib.

Xatırlatma

Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlarla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda erməniləri yaşayan ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Avqustun sonunda Laçın şəhəri və iki kənd də Azərbaycanın nəzarətinə qaytarılıb.

2020-ci ilin 9 noyabr sazişi ilə 44 günlük müharibə dayandırılıb. 2021-ci ildə imzalanmış üçtərəfli razılaşmalar isə əsasən regionda kommunikasiyaların açılmasını nəzərdə tutur.

Ancaq son iki ildə atəşkəs dəfələrlə pozulub, hər iki tərəf itki verib və bir-birini atəşkəs pozuntusuna görə ittiham edib. Ötən ay Azərbaycan qüvvələri bir sıra strateji yüksəkliklərə nəzarəti bərpa edib.

Ötən ilin dekabrından bəri Azərbaycan və Ermənistan liderləri Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə dörd görüşü olub. Sonuncu görüş avqustun 31-də gerçəkləşib. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh sazişinə aid məsələləri müzakirə ediblər.

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG