Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:41

ƏDV-ni azaltmaq, yoxsa daha çox geri qaytarmaq sərfəlidir?


ƏDV-nin geri alınması qeyri-ədalətli rəqabət mühiti yaradır?
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

ƏDV-nin geri alınması qeyri-ədalətli rəqabət mühiti yaradır?

İndi Azərbaycanda qeydə alınan inflyasiya göstəricisi son illərin ən yüksək həddindədir. Özəlliklə qida inflyasiyası daha kəskin artıb. Dövlət Statistika Komitəsinin (DSK) son açıqlamasına görə, Azərbaycanda ərzaq qiymətləri son bir ildə 21 faiz bahalaşıb. Ayrı-ayrı məhsullarda bu göstərici 50-60 faizə də çatır. Bu baxımdan, hazırda ölkə iqtisadiyyatının ən ciddi problemlərindən biri məhz bahalaşmadır. Bu məsələ tez-tez Milli Məclisdə də gündəmə gəlir. Məsələn, Milli Məclisin deputatı Vahid Əhmədov bir müddət öncə Azərbaycanda diferensial əlavə dəyər vergisinin (ƏDV) tətbiqini təklif etmişdi. İndi ölkədə ƏDV 18-dir. Deputat bəzi məhsullarda bu faizi azaltmağı təklif edərək deyir ki, hətta bir sıra vacib məhsullarda ƏDV-ni 1-2 faiz səviyyəsində də saxlamaq olar.

Vergi xidməti ƏDV-nin azaldılmasını dəstəkləmir

Deputatın ərzaq məhsullarının ƏDV-yə 1-2 faizlə cəlb olunması təklifinə Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva cavab verib. O, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ƏDV-nin diferensiallaşdırılmasının əleyhinə olduğunu deyib. Rəis müavininin fikrincə, alternativ variant kimi ƏDV üzrə geri ödənilən məbləğlərin artırılması gözdən keçirilir və bununla bağlı addım atılacaq.

Hazırda Azərbaycanda ƏDV 18 faizdir. "ƏDV-ni geri al" platforması vasitəsi ilə nağdsız qaydada edilmiş ödənişlərdə ƏDV-nin 15 faizinin, nağd qaydada ödənilmiş ödənişlərinsə 10 faizinin geri qaytarılması imkanı var. Məsələn, vətəndaşlar ƏDV tətbiq edilən hər hansı bir məhsula 100 manat ödəmişsə, bu məbləğin 18 manatı əlavə dəyər vergisi (ƏDV) kimi hesablanır. Mövcud şərtlərlə, əgər həmin ödəniş kartla ödənilibsə, ödənişi edən şəxs 18 manatlıq əlavə dəyər vergisinin 15 faizini - 2 manat 70 qəpiyi "ƏDV-ni geri al" platforması vasitəsi ilə geri ala bilər. Nağd ödənişlərdə qaytarılan məbləğ 10 faiz olduğundan bu məbləğ 1 manat 80 qəpik olacaq. Bu o deməkdir ki, sözügedən platforma vasitəsi ilə nağdsız ödənilən ödənişin toplam 2.7 faizini, nağd ödənilən vəsaitinsə 1.8 faizini geri almaq mümkündür.

Yeni dəyişikliklər yalnız 1 faiz fərq yaradır

Nəzərdə tutulan dəyişikliklərlə bağlı Samirə Musayevanın söylədikləri 2023-cü il yanvarın 1-dən gerçəkləşə bilər. Söhbət faiz dərəcələriylə bağlı dəyişikliklərdən gedir. Bunlar reallaşsa, nağdsız qaydada ödənişə görə ƏDV-nin qaytarılan hissəsinin 15 faizdən 20 faizə yüksəldilməsi nəzərdə tutulur. Nağd ödənişlərdə isə, əksinə, geri ödənilən məbləğ ƏDV-nin 10 faizindən 5 faizinə endiriləcək.

Bu isə o deməkdir ki, yeni yanaşmadan sonra vətəndaşlar nağdsız qaydada ödənişə görə toplam vəsaitin 3.6 faizini, nağd ödənişlərə görə isə 0.9 faizini geri qaytara biləcək.

Nağdsız qaydada ödəniş edənlər əvvəlkiylə müqayisədə ödənən məbləğin cəmi 0.9 faiz daha çoxunu geri qaytara biləcəklər. Bu isə ƏDV-nin diferensiallaşması nəticəsində yarana biləcək fərqdən dəfələrlə aşağı göstəricidir - ƏDV-nin 1-cə faiz azaldılması belə, "ƏDV-ni geri al" platformasında nəzərdə tutulan dəyişiklikdən daha çox məbləğin qənaət edilməsinə səbəb ola bilər.

Bu baxımdan, Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayevanın ƏDV-nin diferensiallaşdırılmasının alternativinin ƏDV üzrə geri ödənilən məbləğlərin artırılması olması ilə bağlı iddiası həqiqəti əks etdirmir. Axı ƏDV üzrə geri ödənilən məbləğlərin artırılmasına yönəlik dəyişikliklər ƏDV ödəyicilərinin yalnız bir bölümünü əhatə edir və əvvəlki sistemlə müqayisədə cəmi 0.9 faiz fərq yaradır. Halbuki, diferensial vergi tətbiq edilsə, məhsulların qiymətində daha 10-15 faizədək təsir imkanları yarana bilər.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, İqtisadiyyat Nazirliyinin sonuncu açıqlamasına görə, ölkədə "ƏDV-ni geri al" platformasında qeydiyyatdan keçənlərin sayı 1 milyon 900 min nəfərə yaxındır. Bu o deməkdir ki, bu platformanın fəaliyyəti heç də bütün ölkə vətəndaşlarını əhatə etmir. Ancaq ƏDV dərəcəsinin azaldılması istisnasız hər kəsi əhatə edən bir addım ola bilər. Nazirliyin açıqlamasında bildirilir ki, 2022-ci ilin ilk səkkiz ayı ərzində platformaya 304 milyon çek daxil edilib və bunun nəticəsində vətəndaşlara 133 milyon manatdan çox vəsait geri qaytarılıb.

XS
SM
MD
LG