Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:04

Borrel: Azərbaycan Ermənistan ərazisini işğal edib, sanksiya isə...


Qarabağdakı separatçı rejimdən Paşinyana cavab gəldi
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Qarabağdakı separatçı rejimdən Paşinyana cavab gəldi

Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı sanksiyaları, eləcə də qaz kontraktını ləğv etməyi, yaxud dondurmağı nəzərdən keçirmir.

Bunu Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel Avropa Parlamentinin dünənki iclasında deyib.

Ancaq o eyni zamanda Azərbaycanın Ermənistana “hücum etdiyini”, ərazisinin bir hissəsini “işğal etdiyni” deyib.

“Aydındır ki, Azərbaycan raketləri və dronları Ermənistan ərazisini hədəfə alıb, mülki infrastruktura zərbə vurub. Azərbaycan Ermənistanın ərazisinin bir hissəsini işğal edib və bu, tamamilə qəbuledilməzidir. Bu, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasıdır və indi qoşunlar bir-birinə o qədər yaxındırlar ki, yeni münaqişə təhlükəsi var”, – o vurğulayıb.

Deputatlar narazı qalıblar

AzadlıqRadiosunun erməni xidmətinin (Azatutyun) məlumatına görə, Aİ-nin beynəlxalq münasibətlər üzrə ali komissarı Azərbaycanın Ermənistan ərazisini işğal etdiyini bir neçə dəfə vurğulayıb. O qeyd edib ki, Aİ Bakını qoşunları çıxarmağı, əsirlərin güllələndiyi iddia olunan yeni videoları araşdırmağa çağırıb.

Azərbaycan Ermənistan ərazisinə hücumla bağlı ittihamları rədd edir, sərhədlərin hələ delimitasiya olunmadığını deyir. Ötən həftəsonu hər iki tərəfdən yayılmış videolara gəlincə, Azərbaycan araşdırma apardığını bildirib, eyni zamanda Ermənistanı indiyədək hərbi cinayətlərə görə heç kəsi cəzalandırmamaqda suçlayıb.

“Azatutyun” yazır ki, deputatlar Borrelin tənqidindən razı qalmayıblar. Bəziləri Azərbaycanla imzalanmış qaz sazişini ləğv etməyə, heç olmasa, dondurmağa çağırıblar.

Borrel isə cavabında bunun baş verməyəcəyini deyib.

Avropa parlamentində müzakirələr sentyabrın ortasında Azərbaycan-Ermənistan sərhədində qanlı toqquşmalarla əlaqədar keçirilib. Həmin qarşıdurmada Azərbaycan 79, Ermənistan azı 207 hərbçisinin öldüyünü açıqlayıb. Ermənistan Azərbaycanı öz suveren ərazisinə girməkdə, Bakı isə Yerevanı provokasiyada ittiham edib.

Sanksiya

İclasda Borreldən soruşublar ki, Azərbaycana sanksiya tətbiqinə hazırdırlarmı.

“Bildiyim qədərilə, üzv ölkələrdən heç biri masaya belə bir təklif çıxarmayıb. Sanksiya tətbiqi üzv ölkələrin işidir”, – Borrel deyib.

O, Avropa Komissiyası sədrinin Bakıyla qaz sazişi imzalayarkən prinsipləri pozmadığını, güzəştlərə getmədiyini söyləyib.

“Azərbaycan bizə milyardlarla kubmetr qaz satır və bu il imzalanmış saziş sayəsində həcmdə ciddi artım olacaq – 8-12 milyard kubmetr. Sizi əmin edə bilərəm ki, bunun qarşılığında heç bir siyasi güzəştə gedilməyib...” – Borrel deyib.

İyulun 18-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə Aİ-yə təchiz edilən qazın həcminin ikiqat artırılması nəzərdə tutulub.

Müşahidə missiyası

Diplomat Aİ-nin gərginliyi azaltmaq, regionda sülhü bərqərar etmək üçün bütün imkanlara sadiqliyini, ancaq reallıqda belə alətlərin az olduğunu vurğulayıb. O, Azərbaycan-Ermənistan sərhədinə müşahidə missiyası göndərməyə hazır olduqlarını, amma Bakının buna razılıq vermədiyini qeyd edib.

“Sərhədə Aİ-nin vasitəçi missiyasını yerləşdirməyi təklif etdik. Ermənistan razılaşdı, Azərbaycan yox. Başqa nə etməyimizi istəyirsiz? Hər iki tərəfin razılığı olmadan Aİ qoşunlarını göndərə bilmərik”, – diplomat söyləyib.

Azərbaycanla sərhədə beynəlxalq müşahidə missiyası göndərilməsi təklifini Ermənistanın Baş naziri Nikol Paşinyan da bir neçə dəfə dilə gətirib. Azərbaycan isə bu məsələyə münasibət açıqlamayıb.

Əsirlərlə davranış: Azərbaycanla Ermənistan bir-birlərini hərbi cinayətdə günahlandırırlar
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Komissiyaları görüşdürməyə çalışırlar

Borrelin sözlərinə görə, hazırda Avropa tərəfi ona çalışır ki, iki ölkənin sərhəd delimitasiyası komissiyası bu ayın sonunadək Brüsseldə görüşsün.

Belə bir görüşün keçirilməsi haqda təklif iki ölkənin xarici işlər nazirlərinin oktyabrın 2-də Cenevrə görüşündə də səslənmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG