Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:59

Blinken Əliyevlə danışıb. Qarabağda yaşayan etnik ermənilərin hüquqları və təhlükəsizliyi...


İlham Əliyev (solda) və Entoni Blinken
İlham Əliyev (solda) və Entoni Blinken

Dövlət katibi Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün danışıqların mühümlüyünü vurğulayıb, hər iki tərəfi atəşkəsi saxlamağa çağırıb

ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyevlə telefonda danışıb.

Bu barədə məlumatı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays verib. Məlumat ABŞ Dövlət Departamentinin saytında dərc olunub:

“Dövlət katibi Blinken Azərbaycan və Ermənistanın, xarici işlər nazirləri və liderlərinin bu yaxınlarda keçirilmiş danışıqları da daxil davamlı sülh razılaşmasına doğru atdıqları pozitiv addımları dəyərləndirdiyini ifadə edib”.

Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Blinken söhbət zamanı habelə prezident Əliyevə oktybarın 4-də 17 erməni hərbi əsirini azad etdiyinə görə təşəkkürünü bildirib və onu sülh prosesinin davam etdirilməsi üçün əhəmiyyətli addımlar atılmasını davam etdirməyə çağırıb.

Bundan başqa ABŞ dövlət katibi sərhədin delimitasiyası, nəqliyyat qovşaqlarının açılması, itkinlərin identifikasiyası, məhbusların qaytarılması və başqa məsələlərdə Birləşmiş Ştatların dəstəyini bildirib.

O habelə Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün danışıqların mühümlüyünü vurğulayıb, hər iki tərəfi atəşkəsi saxlamağa çağırıb.

Blinken deyib ki, bu, uzunmüddətli sülhə gedən yeganə yoldur.

Bu telefon söhbəti barədə Bakı da məlumat yayıb

Oktyabrın 10-da Amerika Birləşmiş Ştatları dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı ABŞ dövlət katibi son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib.

Bildirildiyinə görə, Azərbaycan tərəfindən 17 erməni əsirin geri qaytarılmasını müsbət dəyərləndirən Blinken ABŞ-ın sərhədlərin ( Azərbaycan və Ermənistan arasında) delimitasiyası, nəqliyyat xətlərinin açılması və itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi məsələlərinin həllində dəstək göstərməyə hazır olduğunu bildirib.

“Dövlət katibi, eyni zamanda, konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib”.

Məlumata görə, öz növbəsində prezident İlham Əliyev Cenevrədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçirilmiş birinci ikitərəfli görüşü müsbət qiymətləndirib.

O, həmçinin Praqada keçirilmiş görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib:

“Prezident İlham Əliyev inandığını bildirib ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər.”

Bildirildiyinə görə, görüşdə Azərbaycan-Ermənistan əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılıb.

Jozep Borrel (solda) və Ceyhun Bayramov, arxiv fotosu
Jozep Borrel (solda) və Ceyhun Bayramov, arxiv fotosu

Bayramov Borrellə danışıb

Bugün, oktyabrın 10-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellə telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı, Praqada oktyabrın 6-da Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası prezidentləri və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş dördtərəfli görüşün nəticələri və ondan irəli gələn məsələlər, habelə bölgədəki vəziyyət müzakirə edilib:

“Borrel Avropa İttifaqının missiyası üzrə hazırlıq işləri barədə məlumat verib. Aİ tərəfi Praqa görüşünün nəticələrini yüksək qiymətləndirib, bölgədə sülh və sabitliyin yaradılması istiqamətində Aİ öhdəliyini qeyd edib.”

Nazir Ceyhun Bayramov öz növbəsində Praqa görüşünün bölgədə sülhə töhfə verilməsi baxımından gözləntilərini diqqətə çatdırıb.

Bundan əvvəlki görüşlər…

Oktyabrın 2-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Cenevrədə ikitərəfli formatda görüşmüşdülər.

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilirdi ki, “Ararat Mirzoyan bu görüşdə Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması ilə bağlı erməni tərəfinin mövqeyini bir daha təsdiq edib”.

AzadlıqRadisounun Erməni xidməti – Azatutyun XİN-in məlumatına istinadla yazırdı ki, danışıqlarda “sərhəddəki vəziyyətə beynəlxalq müşahidənin mexanizmlərinə” başlıca diqqət yetirilib:

“Ermənistan Respublikasının xarici işlər naziri bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi cinayətlərinə beynəlxalq instansiyalar tərəfindən dəqiq qiymət verilməlidir, cinayətkarlar isə məsuliyyətə cəlb olunmalıdır”.

Azərbaycan XİN isə yada salırdı ki, avqustun 31-də iki ölkə liderinin Brüssel görüşündə xarici işlər nazirlərinə sülh müqaviləsinin mətnini hazırlamaq tapşırığı verilmişdi. Onda prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüşmüşdü.

Azərbaycan XİN onu da bildirirdi ki, Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu, sülh müqaviləsinin imzalanmasına hazırlığını qeyd edib.

Amma Azərbaycan rəsmiləri silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olduğunu təsdiqləmir, həmin ərazilərdə sərhəddin müəyyən edilmədiyini vurğulayırdılar.

4 gün əvvəl (oktyabrın 6-da) isə, Praqada Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dördtərəfli görüş olub.

Yelisey sarayının həmin görüşdən sonra yaydığı bəyanatda qeyd edilib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır:

“Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Missiya oktyabrda başlayacaq, maksimum iki ay müddətinə gerçəkləşəcək. Missiyanın məqsədi inam yaratmaq, hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir”.

Ermənistanda ehtiyatda olan hərbçiləri toplanışa çağırırlar
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Daha əvvəl…

Ötən ilin dekabrından bəri sırf Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin 4 görüşü keçirilib (sonuncu görüş avqustun 31-də gerçəkləşib). Bu görüşlərdə iki ölkə arsında sülh sazişi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmişdi.

Amma bu görüşlərdən sonra da, sentyabrın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə Nyu-Yorkda görüşmüşdülər.Orada nazirlərin bir ay ərzində yenidən görüşməsi ilə bağlı çağırış da səslənmişdi.

Elə ondan az öncə (sentyabrın 12-13-də) Azərbaycan və Ermənistan sərhəddində vəziyyət yenidən gərginləşmişdi. Hər iki tərəfdən hərbi qulluqçunun həlak olduğu bildirilirdi. Azərbaycan 80 civarında, Ermənistan isə 200-dən çox hərbi qulluqçu itirdiyini açıqladı.Bundan başqa Ermənistan tərəfi 20-ə yaxın hərbi qulluqçusunun itkin düşdüyünü bildirmişdi.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbayca isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayıb.

Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG