Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:48

Azərbaycanda Putinin dediklərini belə yozurlar…


V.Putin
V.Putin

Oktyabrın 27-də Valday Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan münasibətlərinə və iki ölkə arasında sülh müqaviləsinə də toxunub. Vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin "Vaşinqton variantı" Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur: "Sülh müqaviləsi, əlbəttə, lazımdır. Və biz sərhəd məsələsinin dinc yolla tənzimlənməsi və həllini dəstəkləyirik. Hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz işidir. Bütün hallarda hansı variant olursa olsun, sülhə gətirib çıxaracaqsa, biz bunun yalnız tərəfdarıyıq".

V.Putin həmçinin deyib ki, Moskva heç nə sırımaq istəmir: "Biz Ermənistana nəyisə diktə edə bilmərik və buna hazırlaşmırıq. Əgər erməni xalqı və Ermənistanın bugünkü rəhbərliyi sülh müqaviləsinin hansısa konkret variantını, məsələn, Vaşinqton variantını seçmək lazım olduğunu düşünürsə, buyursun. Bu variant Azərbaycanın Qarabağ üzərində suverenliyini nəzərdə tutur".

E.Məmmədov
E.Məmmədov

"Qərbin Cənubi Qafqaza girməməsi üçün…"

Milli Məclisin deputatı Elman Məmmədov bu açıqlamalarla bağlı "Turan"a deyib ki, tarixən Rusiya Federasiyası Cənubi Qafqazda öz nüfuzunu, mövqelərini qoruyub saxlamaq üçün əlindən gələn hər şeyi edib və etməkdə davam edəcək: "Yəni, Qərbin Cənubi Qafqaza girməməsi üçün, Cənubi Qafqazın həmişə Rusiyanın nəzarətində olması üçün Putin bir çox rıçaqlardan istifadə edir. O cümlədən də Ermənistanla Azərbaycan arasında gərginliyin həmişə qorunub saxlanması üçün lazımi tədbirləri görürlər".

"Putin "mən burdayam,…" bəyan edir"

Deputatın fikrincə, bu məqsədlə də çox az rus mənşəli insan yaşayan Qarabağ bölgəsində rus icmasını yaradıblar: "Hələ 1988-ci ildən qabaq vəziyyəti bilən insan kimi deyə bilərəm ki, Xankəndidə yalnız 366-cı alayda xidmət edən rus hərbçilərinin və ötən dövrlərdən qalma üç-dörd başqa ailələr yaşayırdı. Yəni, orada yenidən rus icmasının yaradılması, pravoslav kilsənin tikilməsi, Rusiyanın tarixi şəxsiyyətlərinə heykəl qoyulması ondan xəbər verir ki, Putin birmənalı olaraq pərdəarxası "mən burdayam, burdan çıxmaq fikrim yoxdur" bəyan edir".

O, habelə vurğulayıb ki, Putin Valday Forumundakı çıxışında Ermənistana mesaj verib: ""Ermənistana Vaşinqton variantını qəbul etmək istəyirsə, etsin" deyəndə, onu hədə mənasında deyir ki, sonra görün Ermənistanın başına nə oyun açacağam. Çünki Rusiyanın bütöv bir ordusu Ermənistanda yerləşir, Ermənistanın İran və Türkiyə ilə sərhədlərində Rusiya hərbçiləri dayanır".

"Rusiyanın öhdəlikləri icra etməməsi nəticəsində…"

E.Məmmədov hesab edir ki, bir neçə gün sonra Soçidə baş tutacaq görüş də ondan qabaqkı görüşlərin biri olacaq: "Rusiya ondan qabaqkı görüşlərin, imzalanan sənədlərin aqibətinə diqqətlə nəzər salıb nəticə çıxarmalıdır ki, Rusiyanın götürdüyü öhdəlikləri icra etməməsi nəticəsində bu gün Qərb Ermənistanın çağırışı ilə artıq bölgəyə ayaq açır. Putin nəticə çıxarmalıdır və ciddi addımlar atmalıdır, Ermənistana qarşı tədbirlər görməlidir ki, sülh müqaviləsi imzalansın və irəliləyiş olsun. Əks təqdirdə, Rusiya-Qərb arasında münasibətlər baxımından bölgədə vəziyyət getdikcə gərginləşəcək".

A.Hacılı
A.Hacılı

"…Forpostuna çevirməyə cəhd göstərir"

Müsavat başqanı Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, Rusiyanın Cənubi Qafqazla, o cümlədən Azərbaycanın bir hissəsi olan Yuxarı Qarabağla bağlı mövqeyi əslində əvvəlcədən məlumdur: "Rusiya Qarabağ konflikti vasitəsilə həm Azərbaycanı, həm Ermənistanı nəzarət altında saxlamağa çalışır. 44 günlük müharibədən sonra isə buraya silahlı qüvvələri yeritməklə həmin ərazini Rusiyanın Cənubi Qafqazda olan bir forpostuna çevirməyə cəhd göstərir".

Partiya rəhbərinin sözlərinə görə, Putin hətta Ermənistanı Yuxarı Qarabağla əvəz etməyə çalışır: "Bu siyasət çoxdan aparılır. Orada Rusiya icmasının yaradılması, Rusiya vətəndaşlarının Yuxarı Qarabağa köçürülməsi və onlar üçün orada üstün şəraitin yaradılması, Yuxarı Qarabağda rus dilinin ikinci ana dili elan edilməsi, ora Azərbaycan hakimiyyətinin, Azərbaycan jurnalistlərinin buraxılmaması bunun göstəricisidir. Bu dəfə Putin Qarabağla bağlı apardığı siyasətinin mahiyyətini açıq ortaya qoyub".

"Azərbaycan xarici siyasətinə yenidən baxmalıdır"

A.Hacılının fikrincə, Azərbaycan bu vəziyyətdən çox ciddi nəticə çıxarmalıdır: "Putin ABŞ-ın və Qərb strukturları vasitəsilə aparılan sülh danışıqlarının qarşısını almaq niyyəti ilə belə bir açıqlama verib. İstər Azərbaycan hakimiyyəti, istər Azərbaycan cəmiyyəti Putinin bu açıqlamalarından çox ciddi nəticələr çıxarmalıdır. Xüsusilə Azərbaycan hakimiyyəti xarici siyasətinə yenidən baxmalıdır".

"Rusiyanın mövqeyi isə belədir ki…"

Siyasi şərhçisi Şahin Cəfərlinin fikrincə isə, Putinin açıqlamalarından belə çıxır ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı ABŞ-ın təklifi olan və Avropa İttifaqının dəstəklədiyi "Vaşinqton variantı" mövcuddur: "Putin bildirib ki, "Vaşinqton variantı" Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur. Onun "əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik" sözlərində narazı ton açıq hiss olunur. Aydındır ki, Rusiya Qərbin təklif etdiyi sülh anlaşmasına dəstək verməz".

Ş.Cəfərli
Ş.Cəfərli

Onun deməsinə görə, həmin cümlənin bəsit dilə tərcüməsi budur: "Əgər siz - ermənilər bütün Qarabağ üzərində Azərbaycanın hakimiyyətinə razısınızsa, onda özünüz bilərsiniz, qərar sizindir, bu halda Moskvadan bir şey gözləməyin. Yəni, günah bizdən getdi..."

Siyasi şərhçiyə görə, Rusiyanın mövqeyi isə belədir ki, Qarabağın "özünəməxsus xüsusiyyətləri" var və sülh müqaviləsində bu xüsusiyyətlər əksini tapmalıdır.

Gedən danışıqlar

Oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənir. Buna qədər ötən ilin dekabrından başlayaraq iki ölkə arasında aparılan sülh danışıqlarında əsas vasitəçiliyi Avropa İttifaqı edib.

Azərbaycan prezidenti və Ermənistan baş naziri sonuncu dəfə Praqada oktyabrın 6-da görüşüblər. Görüşdə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişel da iştirak edib. Yelisey Sarayının həmin görüşdən sonra yaydığı bəyanatda qeyd edilib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır: "Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib…".

Artıq həmin missiyanın fəaliyyətə başladığı bildirilir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma bu il sentyabrın ortalarında iki ölkə sərhədində yenidən vəziyyət gərginləşib, ağır silahlar işə düşüb. Nəticədə hər iki tərəfdən ümumilikdə 300-dən çox hərbi qulluqçu həlak olub. Lakin bir neçə günə tərəflər arasında yenidən atəşkəs bərpa edilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG