Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:33

Etnik qazaxlar rusdilli əhali yaşayan vilayətlərə yerləşdirilir


Manqıstauda neftçilərin tətili, avqust, 2022-ci il
Manqıstauda neftçilərin tətili, avqust, 2022-ci il

Qazaxıstan hökuməti son illər bəzi etnik rusların moskvayönlü əhval-ruhiyyəsindən narahatdır

Son aylarda xaricdən vətənə dönən etnik qazaxların çoxu hökumətin onlara ölkənin Rusiya sərhədinə yaxın şimal bölgələrində yerləşməyi tapşırdığını deyir.

Hökumət əhalisi seyrək əyalətlərdə işçi qıtlığını azaltmağa çalışdığını iddia edir. Ancaq çoxları Astananın əhalisi əsasən rusdillilərdən ibarət bölgələrdə etnik balanslaşdırma apardığını düşünürlər.

Hökumət ölkəyə qayıdanların yerləşdirilməsi üçün kvota tətbiq edir. Kvota ölkənin şimal-şərqindən şimal qərbinə doğru 7 əyaləti əhatələyir.

Şimal bölgələrində məskunlaşanlara əlavə maliyyə güzəştləri edilir. Bu güzəştlərə hər ailə üzvü üçün 450 dollarlıq birdəfəlik ödəniş, habelə kirayə və kommunal xərclərin ödənməsi də daxildir.

800 qazaxdan 44-ü...

Hökumətin şimal bölgələrinə daha çox adam yerləşdirmək proqramı yeni deyil. Hökumət ölkəyə yeni qayıdanlardan başqa daxili miqrantları da şimala köçməyə təşviq edib.

Ancaq son zamanlar bu siyasət daha da intensivləşib. Ölkəyə yeni qayıdanlar hökumətin onları özünün seçdiyi əyalətlərdə yerləşdirməyə çalışdığını və bu zaman vətəndaşların öz seçimini nəzərə almaq istəmədiyini deyirlər.

Məsələn, bu yay Türkmənistandan gələn 800 etnik qazaxın yalnız 44-ünə özlərinin seçdiyi Manqıstau əyalətində yerləşməyə icazə verilib.

Digərlərinə isə hökumət dövlətin seçdiyi ərazilərə köçməyi tapşırıb və əks halda “deportasiya olunacaqlarını” deyib.

“Pavlodara getməsəniz, deportasiya olunacaqsınız”

İyulda Türkmənistanın Balkan əyalətindən köçən Kuralay Esenmuratova Manqıstauda yaşlı anası və oğlunun yanında yaşamağa ümid edirmiş. Ancaq o bir neçə başqa qazaxla sərhədi keçərək Qazaxıstana daxil olanda məmurlar onlara məskunlaşacaqları regionun artıq müəyyən edildiyini deyiblər. 57 yaşlı Esenmuratovanın pasportuna vurulan vizada onun şimaldakı Pavlodar bölgəsinə köçməli olduğu yazılıb. Bu bölgədə onun nə qohum-əqrəbası, nə də dost-tanışı var.

"Biz Manqıstauya çatanda məmurlar tələb etdilər ki, dərhal vizalarımızda göstərilən əyalətlərə gedək. Onlar “Pavlodara getməsəniz, deportasiya olunacaqsınız” deyərək bizi hədələdilər”, –Esenmuratova AzadlıqRadiosunun qazax xidmətinə deyib.

Dövlətin tətbiq etdiyi bu xüsusi proqram sayəsində 1991-ci ildən bəri 1,1 milyonadək etnik qazax Qazaxıstana qayıdıb. Xaricdə yaşayan etnik qazaxların Qazaxıstana köçməsini təşviq edən proqram sayəsində qayıdanların 70%-i Özbəkistandan, 10%-i Çindən, 7%-i isə Türkmənistandan əcdadlarının vətəninə gəlib.

Onların çoxu əsasən qazaxdilli Türkistan, Jambıl və Almatı əyalətlərində yerləşib. Bunlar ölkənin sıx məskunlaşmış cənub və cənub-şərq əyalətləridir.

İqtisadi inkişafa yatırım

Astanada yerləşən “PaperLab” tədqiqat mərkəzinin direktoru Serik Beysembayev deyir ki, hökumət insanları istəklərinin ziddinə yerləşdirməkdənsə, “şimalı miqrantlara cəlbedici etmək üçün bölgənin iqtisadi inkişafına yatırım” etməlidir.

Bir çoxları Astananın Rusiya sərhədi boyu etnik balanslaşdırma siyasətinə qayıdışını Moskvanın həmin ərazilərin əhalisi üzərində təsirini azaltmaq istəyi ilə əlaqələndirirlər. Bu məsələ Qazaxıstanla 7600 kilometrlik sərhədi olan Rusiyanın Ukraynaya hücumu kontekstində xüsusilə aktuallaşıb.

Qazaxıstan hökuməti son illər bəzi etnik rusların moskvayönlü əhval-ruhiyyəsindən narahatdır.

Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etdiyi və Ukraynanın şərqində iki yeni münaqişə ocağı yaratdığı dövrdə etnik ruslar arasında bu cür meyllər xüsusilə çox nəzərə çarpırdı.

Kollektivləşdirmə siyasəti

Həmin il Rusiya Prezidenti Vladimir Putin qazaxların “heç vaxt dövlətçiliyə malik olmadığını” deməklə onları qəzəbləndirdi. Putin və digər ultramillətçi rus liderlər o zamandan bəri dəfələrlə Qazaxıstanın dövlətçilik və ərazi bütövlüyünü sorğulayan bəyanatlar veriblər.

Qazaxıstanda etnik qazaxların sayı 1930-cu illərdə kəskin azalmağa başlayıb. O zaman sovet hökumətinin kollektivləşdirmə siyasəti 1,3 milyon qazaxın acından ölməsinə və milyonlarla insanın xaricə köç etməsinə səbəb olmuşdu.

Paralel olaraq Moskva rusları Qazaxıstana köçürürdü.

1991-ci ildə Qazaxıstan müstəqilliyini bərpa edəndə etnik qazaxlar ölkə əhalisinin 40%-dən azını təşkil edirdi. İndi bu göstərici 70%-ə çatıb. Etnik ruslarsa 19,4 milyonluq əhalinin 15%-ni təşkil edir. SSRİ-nin dağılmasından əvvəl bu göstərici 37% idi.

XS
SM
MD
LG