Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:44

Polşaya düşən raket xəbərinə görə jurnalist işdən çıxarılıb


Polşa hökumətinin sözçüsü Pyotr Muller mətbuat nümayəndələri ilə danışır
Polşa hökumətinin sözçüsü Pyotr Muller mətbuat nümayəndələri ilə danışır

Bir sıra kütləvi informasiya vasitələrinə göndərilən bu xəbərdə insidentə görə Rusiyanın cavabdeh olduğu bildirilirdi

“The Associated Press” agentliyi dünən – noyabrın 21-də ötən həftə Polşaya düşən raketlə bağlı xəbərlə əlaqədar reportyorunu işdən çıxarıb. Bir sıra kütləvi informasiya vasitələrinə göndərilən bu xəbərdə insidentə görə Rusiyanın cavabdeh olduğu bildirilirdi.

35 yaşlı Ceyms LaPorta qısa araşdırmadan sonra işdən çıxarılıb. Məlumatı “The Washington Post”a agentlikdəki şəxslər təsdiqləyiblər.

Noyabrın 15-də Polşanın Ukrayna ilə həmsərhəd kəndindəki partlayış iki nəfərin həyatına son qoyub. “Associated Press”in bundan bir neçə saat sonra yaydığı xəbərdə deyilirdi ki, “ABŞ-ın aparıcı kəşfiyyat rəsmisi Rusiya raketlərinin NATO üzvü Polşa ərazisinə düşərək iki nəfərin ölümünə səbəb olduğunu bildirir”.

Ancaq bu informasiyanın yanlış olduğu üzə çıxıb. Polşa və Avropa İttifaqı rəsmilərinin sonradan bildirdiyinə görə, Ukrayna qüvvələrinin atdığı raket təsadüfən Polşa sərhədini keçib.

+++

Polşa rəsmiləri iki raketin NATO üzvü Polşanın ərazisinə düşməsi ilə bağlı ölkə Təhlükəsizlik Şurasının təcili iclasını çağırıblar. Bu hadisə nəticəsində iki nəfərin öldüyü xəbər verilir.

Polşa rəsmiləri hökumətin noyabrın 15-də təcili iclas keçirəcəyini bildirib.

Prjevodov kəndi xəritədə
Prjevodov kəndi xəritədə

Zelenski “xəbərdarlıq etmişdim” deyir

Ukrayna prezidenti Volodimir Zelenski də Rusiya raketlərinin Polşaya düşdüyünü təsdiq edib və bildirib ki, Kiyev Rusiyanın hərəkətlərinin Ukrayna ilə məhdudlaşmayacağı barədə çoxdan xəbərdarlıq etmişdi.

O bildirib ki, raket zərbələrinin NATO ərazisini vurması “əhəmiyyətli eskalasiyadır”.

AFP naməlum mənbəyə istinadla NATO-nun bu məsələyə “baxdığını” yazıb.

Polşa hökumətinin sözçüsü Pyotr Muller Twitter-də yazıb ki, “baş nazir Moravetski təcili qaydada Nazirlər Şurasının Milli Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin iclasını çağırıb”.

Rusiya inkar edir

Rusiya raketlərin Polşa ərazisinə düşdüyünü inkar edib və bildirib ki, bu xəbərlər vəziyyətin eskalasiyası üçün “bilərəkdən törədilən təxribatdır”.

Rusiya Müdafiə Nazirliyi bildirib:

"Ukrayna-Polşa sərhədi yaxınlığında hədəflərə zərbələr olmayıb. Polşa kütləvi informasiya vasitələrində Prjevodov kəndində əks etdirilən dağıntıların Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur”.

ABŞ Dövlət Departamentinin sözçü müavini Vedant Patel deyib ki, Polşadan gələn xəbərlər “son dərəcə narahatedicidir” və Vaşinqton baş verənləri araşdırmağa və növbəti addımları müəyyənləşdirməyə çalışır.

Patel əlavə edib ki, Dövlət Departamenti bu xəbərlərlə bağlı partnyorlarla və Polşa hökuməti ilə məsləhətləşmələr aparır.

Noyabrın 15-də Rusiya Ukrayna şəhərlərindəki enerji obyektlərinə 90-dək raket zərbəsi endirib.

Polşanın NATO üzvü olması alyans ölkələri arasında ciddi narahatlığa səbəb olub.

XS
SM
MD
LG