Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:07

Media Reyestrinə alınmayanlara verilən cavablar…


Yeni qanunla xaricdən yayımlanan media qurumları da cəzalandırıla bilər
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Yeni qanunla xaricdən yayımlanan media qurumları da cəzalandırıla bilər

Media haqqında yeni qanuna əsasən, bu il oktyabrın 14-də Media Reyestri fəaliyyətə başlayıb. Qeydiyyat üçün müraciət edən saytlardan bir çoxu artıq müsbət cavab alsalar da, bəzilərinə Medianın İnkişafı Agentliyi (MEDİA) imtina cavabı verib.

Bir müddət əvvəl Agentlikdən bildirilmişdi ki, Qanunun 78.3-cü bəndə əsasən, fəaliyyətdə olan KİV-lər Reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. Habelə əlavə edilmişdi ki, onlara rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda media subyektlərinin fəaliyyətinin qanuna uyğunsuzluğu məsələsi məhkəmə qaydasında mübahisələndiriləcək.

İndi isə Media Reyestrində qeydiyyat üçün müraciət edən, amma imtina almış bəzi saytların rəhbərləri hesab edir ki, həmin cavab obyektiv deyil.

Hökumətin siyahısında yoxdursa, jurnalisti nələr gözləyir?
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

"Sıradan çıxarmaq məqsədi daşıyır"

Onlardan 24saat.org saytının rəhbəri Vüqar Qurdqanlı düşünür ki, imtinanın səbəbi saytın fəaliyyəti ilə bağlı deyil, sadəcə bəzi media resurslarını sıradan çıxarmaq məqsədi daşıyır: "Bizim saytımız bütün kriteriyalara uyğundur. Saytın iki domeni var - 24saat.org və az.24saat.org. Bizim 24saat.org domenimiz heç bir məhkəmə qərarı olmasa da, Azərbaycanda bloklanıb. Ona görə də oxucular saytımızı oxuya bilsin deyə, az.24saat.org domenini işə qoşmuşuq".

Sayt rəhbəri deyir ki, ilk dəfə qeydiyyat üçün müraciət edəndə müraciət baxılmamış saxlanılıb və baxılma müddəti ötürülüb: "İkinci dəfə hər iki domen üçün müraciət edəndə isə bildirildi ki, saytın davamlılığı yoxdur".

Lakin, onun sözlərinə görə, müraciət etdiyi dövrdə sayta qoyulan xəbərlər çox idi: "Sayt beş dildə fəaliyyət göstərir – Azərbaycan, türk, rus, ingilis və alman dillərində. Misal üçün, yalnız 1-5 sentyabr dövründə 865 yazı dərc olunub, Google Analytics-in göstəricilərinə görə isə, həmin tarixlərdə gündəlik sayta giriş 10-15 mindir".

"Qərarı məhkəmədə mübahisələndirəcəyik"

Saytın rəhbəri hesab edir ki, onlara imtina verilməsinin səbəbi başqadır: "Bu o deməkdir ki, hansı saytları ki, özləri məsləhət bilirlər, onları qeydiyyata alırlar, hansıları məsləhət bilmirlərsə, onları qeydiyyata almayıb sıradan çıxarmaq niyyətləri var. Biz bu qərarı məhkəmədə nübahisələndirəcəyik".

X.Ağalıyev
X.Ağalıyev

Media hüququ üzrə ekspert Xalid Ağalıyev isə AzadlıqRadiosuna bildirib ki, məsələyə bir neçə aspektdən yanaşmanı doğru sayır: "Birincisi, qanunla müəyyən edilmiş tənzimləmələr həmin qanun qəbul edildikdən sonra təsis olunmuş medialara şamil edilməlidir. Qanun qəbul edilənə qədər mövcud olan medialar əgər istəyirlərsə, avtomatik Reyestrə daxil olunmalıdır. Bu, Konstitusiyanın tələbidir. Bu aspektdən yanaşanda hazırda tətbiq edilən tənzimləmələr Konstitusiyaya uyğun deyil".

"Pis qanuna uyğun, azadlığa müdaxilə"

X.Ağalıyevə görə, məsələyə dar, hərfi çərçivədə, "Media haqqında" Qanunun işığında yanaşdıqda Reyestrə daxil edilməkdən imtina qanunidir: "Qanun Reyestrə daxil olmaq üçün şərtlər müəyyən edib. Həmin şərtlərdən biri fəaliyyətin davamlı olmasıdır. Bu, o deməkdir ki, Reyestrə daxil olmaq istəyən media hər həftə azı 100 material yaymalıdır. Başqa medialardan istinadla yayılanlar, agentliklərin məlumatları, rəsmi press-relizlər bu 100 material sırasına daxil edilmir. Bu, qanuni müdaxilədir, ancaq pis, keyfiyyətsiz qanuna uyğun olan, redaksiya siyasətinə, azadlığına müdaxilədir".

"Yerli məhkəmələr bu mübahisələrə ədalətli baxsalar…"

Üstəlik, ekspert Medianın İnkişafı Agentliyinin Reyestrdə qeydiyyat proseduru ilə bağlı qanunu yanlış tətbiq etdiyini, medialara qarşı ayrıseçkiliyə yol verdiyini deyir: "Mən imtina cavabı alan bir neçə mediaya hüquq dəstək verirəm. Araşdırma zamanı məlum olur ki, Reyestrdə qeydiyyat zamanı qəbul edilən qərarlar əsaslandırılmış deyil. Məsələn, agentlik 24saat.org saytının, "Mingəçevir işıqları" qəzetinin Reyestrdə qeydiyyatından imtina olunmasına qərar verib. Əsas kimi fəaliyyətin davamlı olmaması göstərilib. Amma biz detallı yoxlama zamanı görürük ki, hər iki media bu şərtə əməl edib".

O, ad çəkmədən vurğulayıb ki, elə sayt var ki, həftədə resursa ümumilikdə 320 material daxil edib, həmin materialların cəmi 50-si özünündür, ancaq agentlik onu qeydiyyata alıb.

X.Ağalıyev hesab edir ki, yerli məhkəmələr bu mübahisələrə ədalətli baxsalar, agentliyin imtina qərarları ləğv olunmalıdır: "Yerli məhkəmələr bu qərarları ləğv etməsə, Avropa İnsan Hüquqları Məhkəməsi bunu ifadə azadlığının ciddi pozuntusu kimi qəbul edəcək".

Azərbaycanın "oxunmayan" qazetləri
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

"100-ə yaxın subyekt Reyestrə daxil edilib"

Medianın İnkişafı Agentliyindən də "Turan"a bildirilib ki, Qanunun 74.1.2-ci maddəsinə əsasən, Media Reyestrinə media subyekti kimi düşmək üçün müraciət edənlərin fəaliyyəti davamlı olmalıdır: "Həmin Qanunun 60.5-ci maddəsində fəaliyyətin hansı halda davamlı olduğu müəyyənləşdirilib. Onlayn media subyekti hər ay 20 gün ərzində... gündəlik azı 20 kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur".

Habelə bildirilib ki, müraciətlərə Qanunun 74.1-ci maddəsi və prezident fərmanı ilə təsdiq edilmiş "Media Reyestrinin aparılması Qaydaları" əsasında baxılır: "Hal-hazıradək 160-dan çox müraciət daxil olub, 100-ə yaxın subyekt Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə baxılmaqdadır".

Media haqqında yeni qanun ötən il qəbul edilib. Həmin vaxt bəzi beynəlxalq qurum və yerli ekspertlər onu tənqid ediblər. Xüsusilə orada reyestr məsələsi ayrıseçkiliyə imkan yaradacaq amil kimi dəyərləndirilib. Amma ölkə parlamentində çoxluq bununla razılaşmayıb.

XS
SM
MD
LG