Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:32

İranın Kürdüstan 'qarabasması'. Qərbi Azərbaycanda 'hərbi rejim'


İranın Kürdüstan vilayətində məscid
İranın Kürdüstan vilayətində məscid

Qərbi Azərbaycan vilayətindən deputat Cəlal Mahmudzadə oktyabrın 27-dən şəhərdə 11 nəfərin öldürüldüyünü deyib

İranın xristian icmasının aparıcı üzvü deyir ki, təhlükəsizlik rəsmiləri dini azlıqlara sakit durmaq və hökumət əleyhinə etirazlara qatılmamaq üçün təzyiq göstərir.

Yarırəsmi ISNA agentliyi Tehran Assuriya Cəmiyyətinin başçısı Yonatan Betkoliyaya istinadla məlumat yayıb. O deyib ki, İslam respublikasının kəşfiyyat və təhlükəsizlik orqanları xristianların təmsilçiləri, yepiskoplar və Assuriya keşişlərinin xristian və assuriyalıların etirazlara qatılmasını önləməsini istəyib.

Betkoliyaya ittiham

22 yaşlı Məhsa Əmininin polisdə ölümündən sonra İranı etirazlar bürüyüb. Azı 300 etirazçının öldürüldüyü, minlərlə insanın saxlandığı bildirilir.

İran hakimiyyəti artıq üçüncü aya keçmiş etirazlara görə Qərbi günahlandırır, etirazçılara daha ağır divan tutulacağını bildirir.

Betkoliya indiyədək etirazların kökündə xarici provokasiyaların durması fikriylə razılaşdığını bildirib. Ancaq o ilk dəfədir İran xristianlarının bir qisminin antihökumət siyasətini dəstəklədiyini etiraf edir.

İran xristianları parlamentin 5 il müddətinə üzvü olan Betkoliyanı hakimiyyətə yaxın olduğuna görə tənqid edir.

Kilsələr Şurası məcburi hicaba qarşıdır

İranın Birləşmiş Kilsələr Şurası daha öncəki bəyanatında “İranda qadınların sistematik əzilməsini və insan haqları pozuntuları”nı pisləyib, “bütün iranlılar üçün azadlıq, ədalət və bərabər hüquqlar” tələb edib. Şura məcburi hicab qaydasına qarşı çıxdığını, bunun insan haqları pozuntusu olduğunu bildirib.

Bu arada İran hakimiyyətinin ölkənin qərbi Kürdüstan vilayətində etirazçılara daha güclü divan tutması xəbərləri gəlir. İnsan haqları qrupları hökumət qüvvələrinin son günlər azı 12 nəfəri öldürdüyünü bildirir. Regiona xeyli sayda silahlı əsgər yerləşdirilib.

AzadlıqRadiosunun əməkdaşı Gülnaz İsfəndiyari fəallara istinadla yazır ki, güc strukturları bu zorakılıqla etirazçıları qorxutmaq, etirazları yatırtmaq istəyir.

Kürdüstandan olan Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib.

Zorakılığın məqsədi

“İslam respublikası Kürdüstanda belə intensiv zorakılığa əl atmaqla İran ərazisində etirazları susdurmağa çalışır. Hakimiyyət düşünür ki, Kürdüstanda etirazları yatırmaqla ölkənin digər yerlərində insanlara xəbərdarlıq göndərəcəklər”, – Norveçdə qeydiyyata alınmış, İranın kürd regionuyla bağlı xəbərlər yayan “Hengaw” insan haqları qrupundan Jina Mostajar radioya deyib.

“Hengaw” bildirir ki, noyabrın 20-dən əsas kürd şəhərlərində azı 13 nəfər öldürülüb.

Osloda yerləşən İran İnsan Haqları təşkilatının məlumatına görə, etirazlarda ümumilikdə 378 nəfər, o cümlədən 47 uşaq qətlə yetirilib. Kürdlərin sıx yaşadığı Kürdüstan, Kirmanşah, Qərbi Azərbaycan vilayətlərində azı 83 nəfər öldürülüb.

Kirmanşahda vəziyyət

Kirmanşah vilayətindəki Cavanrud şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında “intensiv qarşıdurma” olduğu bildirilir. Noyabrın 21-də sosial mediaya yüklənmiş videolarda küçələrə səpələnmiş yaralı etirazçılar görünür, atışma səsi eşidilir.

Vilayət paytaxtı Kirmanşahda etirazçıların Ali dini lider Əli “Xameneyiyə ölüm” qışqırdığı eşidilir.

Noyabrın 20-də Qərbi Azərbaycan vilayətinin Piranşəhr şəhərində öldürülənlərdən biri 16 yaşlı oğlan idi.

Fransada yerləşən Kürdüstan İnsan Haqları Şəbəkəsinin prezidenti Fatimə Kərimi AzadlıqRadiosuna deyir ki, Kürdüstan vilayəti hakimiyyət üçün “qarabasma”ya çevrilib.

“Adamlar ağır bədəl ödəyirlər, ölü və yaralı sayı çoxdur, amma yenə də etirazlara davam edirlər”, – o söyləyib.

Məhabadda 11 nəfər öldürülüb

Qərbi Azərbaycan vilayətinin Məhabad şəhərində vəziyyətin də gərgin olduğu bildirilir. Sosial mediada yayılmış videolarda oraya hərbi qüvvə və texnikanın yerləşdirildiyi görünür. Fəallar şəhərdə hərbi rejim tətbiq olunduğunu deyirlər.

Mostajarın sözlərinə görə, təhlükəsizlik qüvvələri son bir neçə gündə Məhabadda “hərbi rejim” yaradıb, etirazçılara birbaşa atəş açıb.

Qərbi Azərbaycan vilayətindən deputat Cəlal Mahmudzadə oktyabrın 27-dən bu şəhərdə 11 nəfərin öldürüldüyünü deyib. Açıqlamanı İranın “Etemad” qəzeti yayıb.

Sünni ruhaninin xəbərdarlığı

İslam respublikası etnik azlıqları, o cümlədən kürdləri sıxışdırmaqda, onlara qarşı ayrıseçkilikdə ittiham olunur. Kürdlər İranın 84 milyonluq əhalisinin 10 faizə yaxınını təşkil edir. Kürdlərin çoxu sünni müsəlmanlardır.

Tanınmış sünni ruhani Molavi Abdulhəmid noyabrın 20-də hökumət qüvvələrini etirazçılara atəş açmaqdan çəkinməyə çağırıb. O xəbərdarlıq edib ki, repressiya regionda əhalinin narazılığını dərinləşdirə bilər.

İran hakimiyyəti İraqda yerləşən “terrorçu və separatçı qrupları” və İranın kürd müxalifətini vilayətdə iğtişaşları qızışdırmaqda ittiham edib. İran cavabında İraqın şimalındakı qrupları dron və raket atəşinə tutub.

XS
SM
MD
LG