Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:06

Rusiya onun neftinə qiymət həddi qoyulmasına cavab hazırlayır


Rusiya onun neftinə ən yüksək qiymət həddi qoyulmasıına qarşı cavabın üç mexanizmini nəzərədən keçirir.

Rusiya neftinə qiymət həddi qoyulmasına dair qərarı G7 və Avropa İttifaqı ölkələri, habelə Avstraliya qəbul ediblər.

Bundan məqsəd Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq və onun müharibəni maliyyələşdirməsinə mane olmaqdır.

“Vedomosti” saytı hökumətə yaxın mənbələrə istinadən yazır ki, Rusiya hazırda bu məhdudiyyətlərə cavabın üç variantını nəzərdən keçirir.

Üç variant

Birinci variant Rusiya neftinə qiymət həddi qoyulmasını dəstəkləyən ölkələrə, o cümlədən araçı ölkələr vasitəsi ilə neft satışının tam qadağan edilməsini nəzərdə tutur.

Bu halda nefti əgər neytral bir ölkə alırsa da, amma onun son müştərisi G7 ölkələrindən biri olarsa, onda həmin neytral ölkəyə də neft satılmayacaq.

İkinci variant ən yuxarı qiymət həddinin daxili edildiyi bütün kontraktlar üzrə neftin satışını qadağan edir.

Üçüncü variant isə indikativ qiymətin qoyulmasını nəzərdə tutur.

Bu varianta əsasən Rusiyanın Urals markasından olan neftinə Brent neftinə nisbətdə maksimum güzəştli qiymət qoyulmalıdır.

Güzəştin artırıldığı hallarda neftin satışı qadağan ediləcək.

Mənbələr bu variantın az ağlabatan olduğunu deyirlər.

Ən aşağı qiymət həddi

Bloomberg agentliyi Rusiya rəhbərliyinə yaxın mənbələrə istinadla yazır ki, Rusiya hakimiyyəti neftə minimum qiymətin müəyyən edilməsi üzərində işləyir.

Plana görə Rusiya nefti bu minumum qiymətdən aşağı qiymətə satıla bilməz.

Mənbələr bildirirlər ki, Moskva bu mənada iki variantı nəzərdən keçirir: ya dəyişməz ən aşağı qiymət həddi, ya da Brent və WTI neftləri ilə nisbətdə maksimum güzəşt həddi müəyyən edilməlidir.

Agentliyin müsahibi bidlirib ki, Rusiya öz müştərilərinə neytral ölkələrə ziyan vurmayacaq sadə başadüşülən qiymətyaratma mexanizmi təklif edir.

Lap hasilatı azaltmaq lazım gəlsə də

Dekabrın 5-dən tankerlərlə daşınan Rusiya neftinə Aİ ölkələrinin embarqosu, habelə ən yüksək qiymət həddi qüvvəyə minib.

G7, Aİ ölkələri və Avstraliya Rusiya neftinin bir barrelinə 60 dollar civarında ən yüksək qiymət həddi qoyublar.

Embarqo yalnız tankerlərlə daşınan neftə aiddir.

Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib ki, Rusiya hökuməti Rusiya neftinə ən yüksək qiymət həddi qoymuş ölkələrə neftin ixracından imtinaya imkan verəcək tədbirlər hazırlayır.

Novak deyib ki, Rusiya hasilatı azaltmaq hesabına olsa belə, öz neftini ona sərf etməyən qiymətlərlə satmayacaq.

XS
SM
MD
LG