Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:52

Özbəkistan Rusiya və Qazaxıstanla qaz ittifaqına getmir


Arxiv fotosu
Arxiv fotosu

Özbəkistan Rusiya ilə qaz tədarükü üzrə kommersiya kontraktları imzalamağa hazırdır, ancaq Moskvanın təklif etdiyi, Rusiya və Qazaxıstanla qaz ittifaqına girmək niyyəti yoxdur. Bunu Özbəkistanın Energetika naziri Jurabek Mirzamaxmudov deyib. Xəbəri “Reuters” yayıb

Nazirin sözlərinə görə, Daşkənd “heç vaxt qaz qarşılığında siyasi şərtlərə razılaşmayacaq”. Moskva və Daşkənd Rusiya qazının tədarükü üzrə danışıqları qonşu Qazaxıstan vasitəsilə aparır, ancaq bu, “texniki kontrakt olacaq”, “ittifaq anlamına gəlmir”, Mirzamaxmudov vurğulayıb.

Çinə qaz ixracı dayandırılıb

“Reuters” qeyd edir ki, Özbəkistan soyuq qış dönəmində istilik qıtlığı ilə üzləşib, hətta Çinə günə 6 milyon kubmetr qaz ixracını dayandırmalı olub. Ölkə hakimiyyəti digər ölkələrlə də (hansı ölkələrdən söhbət getdiyi dəqiqləşdirilmir) əlavə təbii qaz, elektrik enerjisi, kömür və mazut alışı üzrə danışıqlar aparır. Ölkədən sıxılmış qaz ixracına qadağa qoyulub.

Özbəkistanla qaz ittifaqı yaratmaq təşəbbüsünü Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevlə müzakirə edib. Ancaq ekspertlərin fikrincə, Astana və Daşkənd ikinci dərəcəli sanksiyalar səbəbindən belə bir ittifaqda maraqlı deyil.

XİN müavinin dedikləri

Qazaxıstan Xarici işlər nazirinin müavini Roman Vasilenko noyabrın 30-da deyib ki, ölkə ərazisinin sanksiyalardan yayınmaqdan ötrü istifadəsinə icazə verilməyəcək. O məhz üçtərəfli qaz ittifaqı təklifini şərh edərkən belə deyib.

Rusiya bu ilin fevralında Ukraynaya hərbi müdaxiləyə başlayandan Qərbin davamlı sanksiyaları ilə üzləşib, Rusiya şirkətləri ilə əməkdaşlıq ya qadağan olunur, ya da məhdudlaşdırılır.

Asiya ölkələri məhdudiyyətləri əsasən dəstəkləyirlər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoev bugünlərdə Fransaya rəsmi səfər edib. Onlar çoxsaylı razılaşmalar imzalayıblar, Fransadan bu ölkəyə sərmayələr haqda da sənədlər imzalanıb.

XS
SM
MD
LG