Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:04

Türkmənistanda Qərb mediası, ‘agent’ xəbərdarlığı


Vladimir Putin Aşqabadda, 2019-cu il
Vladimir Putin Aşqabadda, 2019-cu il

Türkmənistanın avtoritar hökuməti ölkədə Rusiya təbliğatı aparır, Qərbi Kiyevi dəstəklədiyi üçün tənqid edir, Rusiyanın Ukraynaya hücumuna isə haqq qazandırır.

Ölkənin təhsil, polis və dövlət təhlükəsizlik əməkdaşları son günlərdə Balkan və Lebap əyalətlərində şagirdlər və işçilərlə görüşlər keçirərək insanları “gənc türkmənlərin beynini yuyan” Qərb mediası və mədəniyyətindən uzaq durmağa çağırıblar.

Xəbərdarlıq

Dekabrın 8-də Balkan əyalətində görüşdə rəsmilər Qərbin Türkmənistanın gəncliyinə “zəhərli” təsiri barədə xəbərdarlıq ediblər. Bu məlumatı AzadlıqRadiosuna tədbir iştirakçılarından biri verib.

"Rəsmilər deyiblər ki, əgər gənclərimizi Qərb media və mədəniyyətindən uzaq tutmasaq, Ukraynadakı müharibəyə bənzər müharibə sabah Türkmənistanda da baş verə bilər. Onlar əlavə etdilər ki, gənclərin beynini zəhərləyən Amerika və Avropa mediası Ukraynadakı müharibənin əsas səbəbidir”, – deyə anonimlik şərtilə danışan həmin şəxs bildirib.

Məktəblər, hökumət qurumları və digər müəssisələrdə tədbirlərə qatılan bir neçə vətəndaşın dediyinə görə, məmurlar insanları müharibə barədə Qərb mediasının xəbərlərini oxumamağa çağırıblar.

“Ukraynanı tənqid etsəydilər, normal olardı”

Həmin şəxslər deyirlər ki, məmurlar auditoriyanı Türkmənistanda sabitliyi pozmağa çalışan xarici “agentlər” barədə də xəbərdar ediblər.

"…Dedilər ki, aramızda Qərbin agentləri var və onlar Türkmənistandakı problemlər haqda Qərb mediasına məlumat verməklə ölkəmizdə müharibəni qızışdırmaq və türkmən xalqını təxribata cəlb etmək istəyirlər. …Dedilər ki, neft və təbii qazla zəngin neytral, müstəqil ölkəmiz Rusiya ilə dostluq və qardaşlıq əlaqələrini gücləndirir”, – liman şəhəri olan Türkmənbaşıda yerli şirkətdə çalışan, adının çəkilməsini istəməyən bir kişi deyib.

Dövlət kibertəhlükəsizlik agentliyinin bir əməkdaşı da Türkmənbaşıda son görüşlərə qatılan hökumət rəsmilərinin arasında olub. Həmin əməkdaş bəzi tələbələrin Ukrayna müharibəsi haqda onlayn şərhlərdə Rusiyanı tənqid etməsindən danışıb.

"Türkmən tələbələr Ukraynanı tənqid etsəydilər, normal olardı. Ancaq bu aydın göstərir ki, [Qərb mediası] gənclərin beynini zəhərləyib”, – həmin təhlükəsizlik əməkdaşı deyib.

Kremllə əlaqələr sıxlaşır

Türkmənistan hökuməti Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıq mövqe bildirməyib. Ancaq Aşqabad müharibə dövründə Kremllə sıx əlaqələrini qoruyub saxlayıb.

Prezident Serdar Berdımuhammedov iyunda rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edib. Onun atası və sələfi Qurbangulı Berdımuhammedovsa noyabrda Moskvaya gedərək Kremldə Putinlə görüşüb.

Türkmənistanın ATƏT-dəki nümayəndəsi Hemra Amannazarov dekabrın 1-də Ukrayna Xarici İşlər Naziri Dmitro Kulebanın ATƏT Nazirlər Şurasının iclasındakı çıxışı zamanı zalı tərk edib.

Amannazarov Kulebanın çıxışından sonra zala qayıdıb. Polşanın Lodz şəhərində keçirilən bu görüş Rusiyanın Ukraynaya hücumu nəticəsində regional təhlükəsizliklə bağlı meydana gələn problemlərə həsr olunmuşdu.

Xalq narazılığı

Türkmənistan hökumətinə yaxın mənbələr AzadlıqRadiosuna bildiriblər ki, rəsmilər ölkənin nəhəng təbii ehtiyatlarına rəğmən yoxsulluq və qida qıtlığından əziyyət çəkən xalqın artan narazılığından narahatdırlar. Ölkə xroniki işsizlik və korrupsiya məngənəsində ilişib qalıb.

Hökumət ölkə daxilində hər hansı müxalif düşüncəni amansızlıqla boğur. Müstəqil mətbuat qadağan edilir, sosial media və müstəqil mətbuata çıxış bloklanır, hökuməti tənqid edənlər həbs olunur və ya ölkədən getməyə məcbur edilir.

Ancaq fəallar xaricdə yaşayan türkmən mühacirlər haqda get-gedə daha çox danışırlar. Onlar öz mesajlarını yaymaq üçün sosial media və müstəqil mətbuatdan istifadə edirlər.

Bir mənbənin dediyinə görə, hökumətin pandemiya zamanı beynəlxalq uçuşlara qoyulan qadağaları qaldırmaq istəməməsi fəalların ölkəyə qayıdaraq sabitliyi poza bləcəyi sarıdan əndişəsindən qaynaqlanır.

XS
SM
MD
LG