Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:09

Ağ Evdə Bayden-Zelenski görüşü başa çatdı


ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski Ağ Evdə görüşüblər
ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski Ağ Evdə görüşüblər

Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Co Bayden (Joe Biden) və Volodimir Zelenskinin görüşü başa çatıb.

Bayden bu görüşün əvvəlində deyib ki, Amerika xalqı Ukraynanı “iftixar hissi ilə dəstəkləyir” və onun “ədalətli sülhə canatımına” şərikdir.

ABŞ prezidenti Rusiyanın Ukraynanın mülki infrastrukturuna zərbələrini pisləyib və qeyd edib ki, Rusiya “qışdan silah kimi istifadə etməyə çalışır”.

Bayden vurğulayıb ki, Ukrayna xalqı “dünyanı ilhamlandırmaqda” davam edir.

Zelenski Ağ Evə dəvət olunmasını özü üçün böyük şərəf saydığını deyib, habelə Ukraynaya köməklərinə görə ABŞ prezidentinə, Konqresə və amerikalılara təşəkkürünü bildirib.

Bu görüşdən sonra iki prezident birgə mətbuat konfransı keçirib.

Xəbər verilir ki, Zelenski ABŞ-a Birləşmiş Ştatlar hərbi hava qüvvələrinin təyyarəsi ilə gəlib.

Ukrayna prezidentinin teleqram-kanalında onun Vaşinqtona gəlişini əks etdirən videolar dərc olunub.

Bayden Twitter-də yazıb ki, iki prezidetin müzakirə edəcəyi çox məsələlər var.

Zelenski bildirib ki, onun bu səfərdən əsas məqsədi Ukraynanın müdafiə imkanlarının artırılmasıdır.

Mətbuat konfransı

Prezidentlər arasında görüşün ardınca birgə mətbuat konfransı keçirilib.

Bayden mətbuat konfransında deyib ki, Ukraynada müharibə artıq 300 gündən çox müddətdə davam edir.

O bir daha bu müharibədə Ukrayna xalqının Rusiya təcavüzünə müqavimət göstərdiyini vurğulayıb və deyib ki, ABŞ Ukraynanın öz azadlığı uğrunda mübarizəsini dəstəkləyir.

Prezident qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin müasir silahlarla təchizatı, habelə Kiyevə maliyyə yardımı davam etdiriləcək.

Bayden bildirib ki, Ukraynanı dəstəkləməklə ABŞ və onun müttəfiqləri azadlığı, demokratiyanı və beynəlxalq hüququn təməl prinsiplərini dəstəkləyirlər.

ABŞ prezidenti əlavə edib ki, Vladimir Putin hələ ki, sülhə meyl göstərmir.

Bayden bildirib ki, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinə Patriot hava hücumundan müdafiə raketləri də daxildir.

Zelenski mətbuat konfransında Ağ Evdə keçirilmiş görüşü “tarixi” adlandırıb.

O vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynanın əsl partnyoru və müttəfiqinə çevrilib.

Ukrayna prezidenti qeyd edib ki, onun səfəri əsnasında gələn il üçün planlarla bağlı strateji məsələlər, Ukraynanın mülki əhalisinə yardım, habelə təcavüzdə təqsirkar olanların məsuliyyətə cəlb olunması müzakirə edilir.

Hər iki prezidentə “onlar ədalətli sülhü necə görürlər” sualı verilib.

Bayden deyib ki, bu məsələdə onun fikirləri Zelenskinin mövqeyi ilə üst-üstə düşür və sülh müqaviləsi Ukraynanın şərtləri əsasında və onun bu müharibədə qələbəsi ilə əldə olunmalıdır.

ABŞ prezidenti bəyan edib ki, Putin “iflasa” uğrayıb və məqsədlərinə çata bilməyib.

Bayden bunu da izah edib ki, ABŞ Kiyevin istədiyi silahların heç də hamısını ona vermir, çünki bir yandan bəzi NATO üzvləri bununla razılaşmaya bilər, digər tərəfdən isə Rusiya ilə birbaşa qarşıdurma arzuolunmazdır.

Baydenlə görüşdən sonra Zelenski ABŞ Konqresinin hər iki palatası qarşısında çıxış etməli idi.

Donbasda ağır döyüşlər gedir

Son 24 saat ərzində Ukraynanın şərqində ağır döyüşlər davam edib, Rusiyanın onlarla hücumunun dəf olunduğu xəbər verilir. Məlumatı Ukrayna ordusunun Baş Qərargahı yayıb.

Məlumata görə, Donetsk vilayətinin Baxmut və Avdiyevka şəhərləri bombardman altındadır. Luqansk və Xarkov vilayətlərində Ukraynanın mövqeləri və mülki yaşayış məntəqələri atəşə tutulub. Rusiyanın mövqelərinə cavab zərbələri endirildiyi xəbər verilir.

Cəbhədə baş verənləri müstəqil təsdiqlətmək mümkün deyil.

Xerson atəş altında

Ötən gün Rusiya qüvvələrinin Xerson vilayəti və şəhərini atəşə tutduğu, bir nəfərin öldüyü, altı nəfərin yaralandığı bildirilir. Bir gün öncə isə Rusiya qüvvələrinin atəşi nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb.

Xerson noyabrın 11-də Ukraynanın nəzarətinə qayıdıb. Ancaq Rusiya qüvvələri Dnepr çayının əks tərəfindən şəhəri bombalamağa davam edir.

Rusiya Kiyevdə və ölkənin digər yerlərində elektrik infrastrukturu və digər mülki hədəfləri vurur. Kiyev vilayətinin qubernatoru dekabrın 20-də deyib ki, regionun 80 faizi elektriksiz qalıb.

ABŞ hökuməti isə Ukrayna və NATO müttəfiqlərinə 45 milyard dollarlıq yardımı qanun layihəsinə salıb. Bu vəsait hərbi təlimə, avadanlığa, logistikaya, kəşfiyyat dəstəyinə, eləcə də Ukraynaya avadanlıq göndərməyə sərf olunacaq. Konqresmenlər dekabrın 23-də gecəyarıyadək layihəni qəbul etməyə çalışacaqlar.

Dünya Bankı isə dekabrın 20-də Ukraynaya təcili yarım və bərpa məqsədilə 610 milyon dollarlıq maliyyə paketini təsdiqləyib.

Rusiyalıların ən çox axışdığı ölkələrdən biri də Özbəkstandır
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Zelenski Konqresdə çıxış edəcək

Ukrayna Prezidenti Volodimir Zelenskinin dekabrın 21-də Vaşinqtona çatacağı gözlənir. O, Rusiyanın onuncu ayı tamam olan işğalı başlayandan ilk dəfədir xarici ölkəyə səfər edir.

Zelenski ABŞ Prezidenti Co Baydenlə (Joe Biden) görüşməlidir.

“Səfər zamanı Prezident Bayden Ukraynanın Rusiyanın təcavüzünə qarşı müdafiə olunmasına yardım məqsədilə yeni təhlükəsizlik yardımı paketini açıqlayacaq”, – Ağ ev bəyanatında bildirib. Məlumatda Zelenskinin “Konqresin birgə iclasında çıxış edəcəyi, bunun Ukraynaya güclü, hər iki partiyandan dəstək nümayişi” olduğu qeyd edilir.

Administrasiyanın aparıcı rəsmisinin dekabrın 20-də mediaya dediyinə görə, Bayden Ukraynaya artıq təsdiqlənmiş 1.8 milyard dollarlıq hərbi yardımı açıqlayacaq. Buraya ilk dəfə olaraq Patriot raket batareyası və qırıcı təyyarələr üçün dəqiq idarəolunan bombalar daxildir.

XS
SM
MD
LG