Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:46

Qonşu ölkələr minimum maaşı artırır, bəs Azərbaycan?


'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır'
Gözlə

No media source currently available

0:00 0:06:26 0:00

'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır'

2022-ci il qlobal iqtisadiyyat üçün yetərincə ağır keçdi. Bir çox ölkədə inflyasiyanın kəskinləşməsi əhalinin rifahına ciddi təsir göstərdi. Bu durum hökumətlərdən də ötrü yeni çağırışlar ortaya çıxarır, axı əhalinin sosial rifahını yüksəltmək də onların işidir. Bu baxımdan, bir çox ölkədə iqtisadi islahatlarla yanaşı, əhalinin gəlirlərinin artırılmasına yönəlmiş addımlar da atılır. Həmin addımların ən vaciblərindən biri məhz minimum əməkhaqqının artırılmasıdır. Qanunvericiliyə görə, minimum maaş — iqtisadi, sosial ortam gözə alınmaqla, ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının qanunvericiliklə ən aşağı səviyyəsini müəyyənləşdirən sosial normativdir. Ölkədə heç kim bu məbləğdən aşağı maaş ala bilməz. İqtisadi nəzəriyyədə minimum əməkhaqqının vacibliyi onunla izah edilir ki, bu tələb əməyin istismarının, haqsız rəqabətin önünün kəsilməsini, əmək haqlarının qorunmasını, gəlir bölgüsündə ədalətin təmin edilməsini və yoxsulluğun azaldılmasını hədəf götürür.

Qonşu ölkələrdə durum necədir?

Son zamanlar Azərbaycanla eyni bölgədə yerləşən ölkələrdə də minimum əməkhaqqı artımlarına dair qərarlar qəbul edilir. İndilər ciddi iqtisadi problemlər yaşayan Türkiyədə yanvarın 1-dən minimum əməkhaqqı 5 min 500 lirədən 8 min 500 lirəyə - təxminən 775 manata (456 ABŞ dollarına) yüksələcək. Başqa deyimlə, gələn ildən Türkiyədə minimum maaş alanların gəliri 55 faiz və ya 270 manat artacaq. Unutmaq lazım deyil ki, orada müəyyənləşdirilən minimum əməkhaqqı məbləği (775 manat) vergilər çıxıldıqdan sonra nəzərdə tutulan məbləğdir. Deməli, gələn ildən ölkədə ən az maaş alan adam 775 manat qazanacaq. Bu da unudulmasın ki, 2022-ci il başlarkən ölkədə minimum əməkhaqqı 4 min 250 lirə idi. İlin ortasında - iyulun 1-də bu rəqəm 5 min 500 lirəyə yüksəldildi. İndiki artım Türkiyədə ilboyu minimum əməkhaqqının yüksəldilməsi ilə bağlı qəbul edilən ikinci qərardır.

İqtisadiyyatı, Türkiyədəki kimi, "üzə gülməyən" Rusiyada da gələn il minimum əməkhaqqının artırılmasına qərar verilib. Yanvarın 1-dən etibarən Rusiyada minimum əməkhaqqı 16 min 242 rubl olacaq. Bu, hazırki məzənnə ilə təxminən 395 manat deməkdir. Artımın təxminən 3.5 milyon insanın gəlirlərinə təsir etməsi nəzərdə tutulur. İndi Rusiyada minimum maaş 15 min 279 rubldur (təxminən 371 manat). Bu baxımdan aydın olur ki, ölkədə minimum əməkhaqqı gələn il 6.3 faiz artacaq.

Ermənistanda da 2023-cü ilin ilk günündən minimum maaş artırılacaq və 75 min dram (indiki məzənnə ilə təxminən 315 manat) olacaq. Hazırda Ermənistanda minimum əməkhaqqı 68 min dramdır (286 manat). Deməli, gələn il minimum əməkhaqqı təxminən 10 faiz artacaq və bu artım 300 minə yaxın şəxsin gəlirinə təsir göstərəcək.

Azərbaycanda durum necədir?

Hazırda Azərbaycanda minimum əməkhaqqı 300 manatdır. 2022-ci il yanvarın 1-də ölkədə minimum maaş 250 manatdan 300 manata yüksəldilmişdi. Azərbaycanda minimum əməkhaqqının artırılmasına dair sonuncu prezident sərəncamı 2021-ci il dekabrın 17-də imzalanmışdı. Ancaq həmin tarixdən öncə də bəzi hökumət rəsmiləri minimum əməkhaqqının artırılacağını açıqlamışdı. Artıq dekabr ayı sona yaxınlaşsa da, bu il nə rəsmi sərəncam var, nə də açıqlama. Güman etmək olar ki, hökumət 2023-cü ildə minimum əməkhaqqını artırmağı düşünmür. Halbuki 2022-ci ilin ilk 11 ayında ölkədə inflyasiya 14 faizə çatıb. Sırf qida inflyasiyası isə 20 faizi ötüb. Bu göstəricilər son illərin ən yüksək qiymət artımı göstəriciləridir və, deməli, milli valyutanın alıcılıq qabiliyyətinin il ərzində ciddi ölçüdə azalmasını gözardı etmək olmaz.

Onu da nəzərə almaq lazımdır ki, sonuncu rəsmi açıqlamaya görə, Azərbaycanda median əməkhaqqı (ortalama deyil, ən yüksək maaşla ən aşağı maaş arasındakı orta maaş -red.) cəmi 410 manatdır. Başqa sözlə, ölkədə maaş alanların yarısının rəsmi maaşı 410 manatdan azdır və az qala minimum əməkhaqqı səviyyəsindədir. Bu rəqəm ölkədə minimum maaşla bağlı qəbul ediləcək qərarın yetərincə çox şəxsin gəlirinə birbaşa təsir imkanı olduğunu göstərir. Biröncəki minimum əməkhaqqı artımına dair qərar qəbul edilərkən rəsmilər bildirmişdi ki, bu qərar ölkədə muzdlu işçilərin 40 faizinin gəlirini artıracaq. O zaman söhbət təxminən 600 min insandan gedirdi. Onu da nəzərə almaq lazımdır ki, minimum əməkhaqqındakı dəyişiklik təkcə minimum əməkhaqqı alanların deyil, cəmiyyətin böyük bir hissəsinin maraq dairəsindədir. Belə ki, bəzi dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsi Vahid Tarif Cədvəli əsasında aparılır. Əməyin ödənilməsi dərəcələrinə uyğun təyin edilən aylıq maaş miqdarının formalaşması da minimum əməkhaqqı miqdarından asılıdır. Başqa deyimlə, dərəcələrə uyğun verilən maaş minimum əməkhaqqının misllərindən ibarətdir.

Minimum yaşayış xərcləri də artıb

Minimum əməkhaqqı baxımından diqqətçəkən daha bir məqam da yaşayış minimumudur. Axı yaşayış minimumu haqqında qanunda deyilir ki, bu göstərici "ölkə üzrə təsdiqlənmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir". Yaşayış minimumu ölkə üzrə 2023-cü ildən 17 faiz artırılaraq 210 manatdan 246 manata yüksəldiləcək. Uyğun qanuna görə, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Deməli, hökumətin yaşayış minimumunu artırması ölkədə minimum xərclərin də yüksəldiyinin sübutudur.

Hələ onu da ayrıca qeyd etmək lazımdır ki, müstəqil ekspertlər minimum əməkhaqqı miqdarının (300 manat) Azərbaycanda gerçək minimum ehtiyaclara cavab verməsinə şübhə ilə yanaşır. Nəzərə almaq lazımdır ki, bu rəqəmin mahiyyəti insanlara ən azı minimum standartlarda normal yaşamağa imkan yaratmaqdan ibarətdir. Lakin hazırda 300 manat məbləğlə ölkədə nəinki bir ailənin, bir şəxsin belə ayı başa vurması çox çətindir.

XS
SM
MD
LG