Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:39

Səlim Müslümovun cinayət işindəki 27 milyonun qalan 7-sini başqaları ödəyəcək


Səlim Müslümov
Səlim Müslümov

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov onunla bağlı mənimsəmə, rüşvət və s. ittihamlara dair cinayət işindəki 27 milyon manatlıq ziyanın 20-sini ödəsə də, qalan 7 milyonu ödəməyəcək. Bu, yanvarın 9-da sabiq nazirin işi üzrə məhkəmə iclasında məlum olub.

Müslümov hazırda ev dustaqlığında olsa da, altı aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Müslümovun işi məhkəməyə göndəriləndə ondan daha bir cinayət işi ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bu qurumun tabeliyindəki qurumlarda baş verənlərlə bağlı araşdırmalar həmin cinayət işi çərçivəsində davam etdirilib. Nazirlikdə keçirilmiş tenderlərin qalibi olan şirkətlərin rəhbərləri, nazirliyin idarə rəisləri, onların müavinləri və başqa vəzifəli şəxslərin əməlləri ilə bağlı qanunsuzluqlar aşkarlanıb.

Yanvarın 9-da sabiq nazirin məhkəməsində məlum olub ki, ona qarşı irəli sürülmüş ittihamdakı 27 milyon manatın 20-si mənimsəmə və rüşvətalmadır, 7-si isə israfetmədir. İsrafetmə ilə bağlı cinayət işində bəhs olunan əməllər Müslümovun nazir olduğu dövrdə baş verdiyinə görə ona ittiham irəli sürülüb. Lakin konkret həmin əməllərə yol verən şəxslər başqaları (tenderdə qalib gələn şirkət rəhbərləri, nazirliyin idarə rəisləri, müavinləri və s.) olub.

7 milyondan 1 milyondan çoxu ödətdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nazirin işini araşdıran hakim Faiq Qəniyev məhkəmə prosesinin iştirakçılarına məlumat verib ki, 7 milyonluq ziyanın 1 milyondan çox hissəsi artıq həmin şəxslərə ödətdirilib: "Qalan 6 milyon manata yaxın hissəsinin də ödənilməsi istiqamətində işlər davam etdirilir".

Sabiq nazirin işi üzrə yarım ildir davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bu işdəki 350-yə yaxın şahidin əksəriyyəti dindirilib. Həm Müslümovun özü və vəkilləri, həm prokuror, həm də məhkəmə bunu yetərli sayıb. Vəkillər hətta məhkəmə araşdırmalarını yekunlaşdırmağa da razılıq verib.

Prokuror isə istintaqın yekunlaşması və çıxış üçün məhkəmədən vaxt istəyib. Ona yanvarın 23-nə qədər vaxt verilib. Həmin gün prokuror keçmiş nazirə cəza istəyəcək.

Xatırlatma

2021-ci ilin yanvarında həbs olunan Səlim Müslümov cinayət işi üzrə ziyanın 20 milyonluq hissəsini ödəyəndən sonra 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, məhkəmədə ifadə verməkdən imtina etsə də, qısaca özünü qismən təqsirli bildiyini söyləyib. Deyib ki, israfetmə ilə bağlı hissədə ittihamla razı deyil. Qalan ittihamları (mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə) isə qəbul edir.

62-yaşlı Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

Müslümova qarşı irəli sürülən ittiham maddələrində 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG