Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:48

Soledar döyüşləri Rusiya üçün ‘tələ’dir?


Soledar
Soledar

Rusiya və Ukrayna qüvvələri Soledar duz mədənləri şəhərinə nəzarətlə bağlı ziddiyyətli bəyanatlar səsləndirdikləri bir vaxtda ölkənin şərqində ağır döyüşlər gedir, böyük dağıntılar baş verir.

Hər iki tərəf şəhərə nəzarətin onun əlində olduğu deyir. AzadlıqRadiosu bu iddiaları təsdiqlətmək iqtidarında deyil. Ancaq Rusiyanın hərbi müxbirləri və bloqerlərinin Telegram platformasındakı geolokasiyalarına əsasən demək olar ki, Rusiya qüvvələri Soledarı demək olar, bütünlükdə ələ keçirib. Ukrayna qüvvələri şəhərin şimal-qərb ucqarında mövqelərini saxlayır, 46-cı Hava Hücum Briqadası döyüşçülərin mühasirəyə alındığını, ancaq döyüşdüklərini bəyan edib.

“Salamat bina qalmayıb”

AzadlıqRadiosunun “Amerikanın Səsi” ilə birgə rusdilli platforması olan “Current Time” Ukrayna Milli Qvardiyasında batalyon komandirinin müavini Volodimir Nazarenkodan müsahibə alıb. Onun sözlərinə görə, Soledarda gedən ağır döyüşlər nəticəsində şəhərin çox hissəsi dağılıb, ancaq Ukrayna qüvvələri rusiyalıları mövqelərindən çıxarmaq əzmindədirlər.

“Orada demək olar salamat bina qalmayıb”, – Nazarenko Donetskdən müsahibəsində deyib.

Hərbi təhlilçilər Soledarın, yaxud yaxınlıqdakı Baxmut şəhərinin strateji dəyərini sual altına alsalar da, Rusiyanın irəliləməsi Kreml üçün yaxşı xəbər olacaq. Rusiya qüvvələri 2022-ci ilin iyulundan Ukraynada bircə şəhəri belə tuta bilməyib.

“Tez, ya gec taqətdən düşəcəklər”

Bu iki şəhər uğrunda ağır döyüşlərdə hər iki tərəfdən minlərlə əsgər həlak olub. Nazarenko bildirir ki, Rusiyanın şərq cəbhəsində irəliləməsi Pirr qələbəsi olacaq, çünki Moskva bu qədər itkidən sonra hansısa mövqeni çətinliklə qoruyub saxlayacaq.

“İşimiz düşməni tükəndirməkdir. Baxmut və Baxmut istiqaməti düşmən üçün bir növ tələydi… Onlar tez, ya gec taqətdən düşəcəklər”, – o vurğulayıb.

Soledar və Baxmut döyüşləri ötən yaydan gedir. Ukrayna rəsmiləri bu döyüşlərlə Rusiya qüvvələrinin qeyri-mütənasib itki verməsinə nail olmağa çalışsalar da, minlərlə ukraynalı əsgər də itirilib.

600-dək sakin

Prezident Volodimir Zelenski Soledarda bircə divarın salamat qalmadığını deyib. Onun aparat rəhbəri Andrey Yermak isə bu döyüşləri 1-ci Dünya müharibəsindəki ən uzunmüddətli Verden döyüşləri ilə müqayisə edib. Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko ərazini “qan çanağı” adlandırıb.

Kirilenko müharibəyədək 10 mindən çox əhalisi olan Soledarda 600-dək sakinin qaldığını deyib. Rusiyanın çoxsaylı agentlikləri qüvvələrinin qonşu kənd və şəhərlərdən 170 nəfəri evakuasiya etdiyini bildirib.

Soledar döyüşləri Rusiyanın nizami qüvvələri ilə Vaqner muzdlu döyüşçü qrupu arasında ziddiyyətləri də üzə çıxarıb. Vaqner aylardır Soledar və Baxmuta hücumun önündə gedir. Bir çox təhlilçilərin fikrincə, Vaqner-in başçısı Yevgeni Priqojin Rusiya əsgərlərinin dalana dirəndiyi ərazini öz qüvvələrinin tutmasıyla Moskvada siyasi mövqeni gücləndirməyə ümid edir.

Rusiyanın Müdafiə Nazirliyi yanvarın 13-də Soledara nəzarətin götürülməsi haqda bəyanat yaysa da, Vaqner-in adını çəkməyib. Az sonra Vaqner-də komandirlərdən biri Andrey Troşev Telegram postunda nazirliyi “başqalarının uğurlarını” oğurlamaqda ittiham edib.

Üç ordu...

“Ukraynanın şərqində sanki üç ordu döyüşür: Ukrayna ordusu və Rusiyanın bir-birilə zəif əlaqələri olan və bir-birilə rəqabət aparan iki ordusu. Ümumilikdə, onlar bir-birini sevmirlər”, – “Rus Sedentary” fondunun başçısı Olqa Romanova “Current time”a deyib.

ABŞ rəsmiləri Soledar və Baxmutda cəbhə xətlərində Vaqner-in 50 min muzdlusundan 4 mininin öldürüldüyünü, 10 mininin yaralandığını bildirir. Bu döyüşlərin Moskvanın qüvvələri arasında ziddiyyətləri ortaya qoymasına baxmayaraq, Soledarda əsasən Vaqner-in döyüşməsi Rusiya bölümlərinin digər yerlərə göndərilməsinə şərait yaradıb.

Son aylar Vaqner minlərlə məhbusu sıralarına cəlb edib. Priqojin şəxsən həbsxanaları gəzərək təbliğat aparıb.

XS
SM
MD
LG