Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:50

Bələdiyyələr min azalıb, yenə azala bilər…


"600-800 adam olan bir kəndin 10-12 nəfəri bələdiyyə üzvüdür".
"600-800 adam olan bir kəndin 10-12 nəfəri bələdiyyə üzvüdür".

Son günlər hakim düşərgənin bəzi təmsilçiləri bələdiyyələrlə bağlı tənqidi düşüncələr dilə gətirirlər. Hətta, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Siyavuş Novruzov deyib ki, "nəinki bələdiyyələrin, hətta bələdiyyə üzvlərinin sayı azaldılmalıdır".

Əvvəlki illərdə də belə çağırışlar və bununla paralel kiçik bələdiyyələrin birləşdirilməsi halları olub. Hazırda Azərbaycanın bir çox rayonlarında bir neçə kiçik kəndin bir bələdiyyəsi var.

Amma müxalifət partiyaları da, bir qayda olaraq, bələdiyyələrin statusunun artırılmasının vacibliyindən danışırlar.

Rəsmi məlumata görə, Azərbaycanda hazırda 1 min 606 bələdiyyə və 15 minə qədər bələdiyyə üzvü var.

A.Abbas
A.Abbas

"Bir neçə kənddə bir bələdiyyənin olması daha məqsədəuyğundur"

Milli Məclisin deputatı Aqil Abbas da "Turan"a bildirib ki, mərkəzləşməyə ehtiyac var: "Mərkəzləşmənin nə pis cəhəti var? Axı hər balaca kənddə bələdiyyə ola bilməz. Mərkəzləşsə, həm idarəetmə asanlaşar, həm də bələdiyyələr güclənər. 600-800 adam olan bir kəndin 10-12 nəfəri bələdiyyə üzvüdür, axı bu bələdiyyələrin torpağı yox, sahəsi yox, çox az miqdarda da onlara pul ayrılır. Bu mənada bələdiyyələrin sayının azaldılması, mərkəzləşməsi - bir neçə kənddə bir bələdiyyənin olması daha məqsədəuyğundur".

Deputat da qeyd edib ki, bələdiyyələrə səlahiyyətlər, demək olar ki, verilməyib: "Digər tərəfdən, bələdiyyə sədrləri kənd camaatı tərəfindən seçilmir, üzvlər yığışır sədr seçir. Mənə elə gəlir ki, bələdiyyə sədrlərini seçki yolu ilə seçmək lazımdır. Onda o daha məsuliyyətli olar".

Türkiyə modelinə keçidlə bağlı fikirlərə gəlincə, A.Abbas hesab edir ki, buna uzun müddət lazımdır: "Türkiyədə icra hakimiyyətləri yoxdur, valilər var. Amma bütün funksiyalar bələdiyyədədir, pul, idarəetmə bələdiyyədədir. Bizdə icra hakimiyyətlərində olan funksiyalar Türkiyədə bələdiyyələrə verilib".

O bildirib ki, islahatlar aparılır və hansı model daha uyğundursa, o da tətbiq ediləcək: "Mən də istərdim bələdiyyələr gücləndirilsin, amma inanmıram bu dəqiqə nəsə edə biləcəyik. Bunun üçün xüsusi qanun qəbul edilməlidir, bələdiyyələrin səlahiyyətləri müəyyənləşməlidir".

"Bu, yerli özünüidarəetmədə vətəndaşların rolunu azaldacaq"

Hüquqşünas Sübhan Həsənli isə AzadlıqRadiosuna bildirib ki, bələdiyyələrin sayının azalmasını doğru hesab etmir: "Əksinə, bu, yerli özünüidarəetmədə vətəndaşların rolunu azaldacaq. Ona görə də, sayının azalmasının heç bir faydası yoxdur".

S.Həsənli
S.Həsənli

Onun fikrincə, verilən açıqlamalar onu göstərir ki, hökumət daha çox böyük inzibati vahidlər yaratmaqla problemləri həll etmək istəyir: "Amma bələdiyyələrin funksiyası lokal ərazidə yaşayan insanların ehtiyaclarını qarşılamaq, onların gündəlik problemlərini həll etməkdir. Ona görə də, bu ideya effektiv olmayacaq".

"Heç olmasa, indiki icra hakimiyyətlərinin…"

S.Həsənli bələdiyyələrin zəifliyini icra hakimiyyəti orqanlarının güclü olması ilə əlaqələndirir: "İndi bizdə xüsusi nümayəndəlik institutu təsis edilib. Bunun özü də bir problematik vəziyyət yaradıb, çünki burada hesabatlılıq prinsipində ciddi problemlər var. Heç olmasa, indiki icra hakimiyyətlərinin üzərinə qanun öhdəlik qoymuşdu ki, ildə bir dəfə hesabat verməlidirlər. Biz formal da olsa, icra hakimiyyətlərə sorğu verə, vəziyyətlərini öyrənə bilirdik. Amma xüsusi nümayəndəliklərdə bunun heç biri yoxdur, şəffaflıqla bağlı tələblər yoxdur".

Ekspert qeyd edib ki, indiki "Bələdiyyələrin statusu haqqında" Qanunla seçkilər şəffaf keçirilsə belə, bələdiyyələrin vəziyyətinin yaxşılaşdırılmasını gözləmir: "Əvvəl həmin qanun dəyişməlidir. İndi insanların bələdiyyələrə marağı yoxdur. Halbuki bələdiyyə insanların seçdiyi, təyin olunmayan quruma çevrilməlidir. Hazırda bunun üçün şans da var. İcra hakimiyyəti strukturları ləğv olunduqca, səlahiyyətlər regional idarələrə verildikcə yaxşı olardı ki, bələdiyyələrin səlahiyyətləri artsın".

Xatırlatma

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. O dövrdə ölkədə 2 min 700 civarında bələdiyyə yaradılıb. İkinci dəfə bələdiyyə seçkiləri 2004, üçüncü dəfə 2009, dördüncü dəfə 2014, beşinci dəfə isə 2019-cu ildə keçirilib. Növbəti bələdiyyə seçkiləri gələn il gözlənir. Amma 2006-cı ildə bəzi bələdiyyələrin birləşdirilməsi, ləğvi, yenidən təşkili səbəbi ilə yeni, təkrar və əlavə bələdiyyə seçkiləri keçirilib.

Azərbaycanda bələdiyyə-qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur. O, Azərbaycan Konstitusiyası və qanun ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll etməlidir.

XS
SM
MD
LG