Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:40

Etirazları dəstəkləyən professorlar işdən çıxarılıb


Kanadada İran qadınlarına dəstək aksiyası, arxiv fotosu
Kanadada İran qadınlarına dəstək aksiyası, arxiv fotosu

İranın şimal-şərqi Məşhəd şəhərindəki Firdovsi Universitetinin azı 10 professoru ölkədəki etirazlara dəstək nümayişindən sonra işdən çıxarılıb. Ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini polisdə öləndən sonra İranı kütləvi etirazlar bürüyüb.

İran Tələbələrinin Birlik Şurasının məlumatına görə, 11 professor “tələbələrin hüquqlarını dəstəklədiyinə və müdafiə etdiyinə görə” işdən çıxarılıb.

Şura professorların adlarını açıqlamasa da, onların təmsil etdiyi fakültələrin adlarını yayıb.

Əmini guya hicab qaydasını pozduğuna görə saxlanandan sonra polisdə vəfat edib. Bunun ardınca minlərlə iranlı küçələrə çıxaraq daha çox azadlıq, qadınların hüquqlarının müdafiə olunmasını tələb edib.

Tələbə etirazları

Bir çox universitetlərdə, xüsusilə Tehranda saysız etirazlar keçirilib, bir çox tələbə dərslərə girməkdən imtina edib. Tələbələr “qadın, həyat, azadlıq”, “diktatora ölüm” şüarları səsləndiriblər. Bəzi qadın tələbələr baş örtüklərini çıxararaq yandırıblar.

Tələbələr etirazlar vaxtı professorlardan dəstək istəyiblər və bəzi universitetlərdə professorlar və mühazirəçilər etirazçılarla həmrəylik bildiriblər.

İranda universitetlər və tələbələr daim daha böyük sosial və siyasi azadlıq tələbinin önündə gediblər. 1999-cu ildə tələbələr islahatçı qəzetin qapadılmasına etiraza çıxıblar. Bundan sonra Tehran Universitetinin yataqxanalarına amansız reydlər keçirilib, bir tələbə həlak olub.

Hakimiyyət isə illər boyu tələbə fəalları və liderlərini həbs edib, onları həbsə məhkum edib, təhsil almalarını yasaqlayıb.

Azı 700 tələbə saxlanıb

HRANA xəbər agentliyinin yanvarın 26-da bildirdiyinə görə, azı 700 universitet tələbəsi son iğtişaşlarda həbs olunub.

Onların çoxuna həbs, şallaq cəzaları kəsilib. Onlara tələbə universitetlərdən qovulub.

Təhlükəsizlik qüvvələri ölkədə etirazçılara amansızlıqla divan tutub. İnsan haqları təşkilatları indiyədək etirazlarda 500-dən çox insanın öldürüldüyünü, yüzlərlə xəsarət alanların olduğunu bildirir.

Etirazlarla bağlı jurnalistlər, vəkillər, fəallar və başqaları da daxil minlərlə şəxs saxlanıb. Onların bir çoxuna ölüm cəzası nəzərdə tutan ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG