Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:57

Avropa Parlamenti: Saakaşviliyə azadlıq, İvanişviliyə sanksiyalar


Kollaj: Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili (solda) və keçmiş baş naziri Bidzina İvanişvili
Kollaj: Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili (solda) və keçmiş baş naziri Bidzina İvanişvili

Avropa Parlamenti fevralın 15-də “Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ilə bağlı vəziyyət” adlı qətnaməni təsdiq edib.

Bu qətnamədə Gürcüstan hökumətinə siyasətçinin azad edilməsinə və xaricdə müalicə almasına imkan yaradılmasına çağırış edilir.

Bundan bir neçə gün əvvəl Tbilisi məhkəməsi 6 illik həbsxana cəzası çəkən Saakaşvilinin vaxtından əvvəl azad olunmasına və ona Avropa klinikalarından birində müalicə olunması üçün imkan verilməsinə dair vəsatəti rədd edib.

Tərəfdarları deyirlər ki, keçmiş prezidentin səhhəti getdikcə pisləşir, Saakaşvilinin özü isə iddia edir ki, onu həbsxanada zəhərləyiblər.

Gürcüstan hökuməti bu iddianı rədd edir.

“Oliqarx İvanişvili”

Avropa Parlamenti habelə qətnaməyə Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişviliyə sanksiyalar elan edilməsinin zəruriliyi barədə düzəlişi təsdiq edib.

O hazırda vəzifə tutmasa da Gürcüstana qeyri-rəsmi rəhbərlik etdiyi düşünülür.

Düzəlişdə İvanişvili “oliqarx” adlandırılır və Saakaşvilinin təqib olunmasının arxasında onun dayandığı vurğulanır.

Bu qətnamənin leyhinə 577, əleyhinə 33 Avropa deputatı səs verib. İvanişvili ilə bağlı düzəliş 362 leyhinə, 121 əleyhinə nisbətilə qəbul olunub.

Avropa Parlamentinin qətnamələri tövsiyə və çağırış mahiyyəti daşıyır.

Ötən il dekabrın 22-də Avropa Parlamenti Aİ və Gürcüstan arasında assosiasiya sazişinin icrası ilə bağlı qətnamə qəbul etmişdi.

Hələ o qətnamədə Saakaşviliyə azadlıq, İvanişviliyə sanksiyalar çağırışı yer almışdı.

Gürcüstanın Avropa gələcəyi bundan asılıdır

Ötən il Gürcüstan Ukrayna və Moldovadan fərqli olaraq Avropa İttifaqı üzvlüyünə namizəd statusu ala bilməyib.

Brüsseldə hesab edirlər ki, Gürcüstanın Avropa gələcəyi onun Avropa Komissiyasının 12 tövsiyəsinə necə əməl etməsindən asılı olacaq.

Bu tövsiyələrdən biri də məhkəmə hakimiyyətinin siyasi təsirlərdən müdafiə olunmasıdır.

Avropa rəsmiləri hesab edirlər ki, Saakaşvilinin məhkəmə təqibi məhz belə bir siyasi təsirin nəticəsidir.

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili vəzifə səlahiyyətlərinin aşılması ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Müxalifət bu ittihamın siyasi motivli olduğunu bildirir.

XS
SM
MD
LG