Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:22

ABŞ Gürcüstanın ‘xarici agent’ qanunu layihəsindən narahatdır


Birləşmiş Ştatların Dövlət Departamenti Gürcüstan parlamentində müzakirəyə təqdim olunmuş “xarici agent” media qanunu layihəsinə görə “dərin narahatlıq” bildirib.

Dövlət Departamenti bildirir ki, bu qanunun qəbul olunması Gürcüstanın Avro-Atlantika inteqrasiyasına ziyan vura bilər.

Fevralın 15-də Vaşinqtonda jurnalistlərin suallarına cavab verən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) deyib ki, təklif olunan layihə “müstəqil səsləri susdura və öz icmaları üçün daha yaxşı gələcək qurmaq istəyən Gürcüstan vətəndaşlarına damğa vura bilər”.

Təklif olunmuş qanun layihəsinə görə gəlirinin 20 faizini xarici mənbələrdən alan medialar “xarici agent” kimi qeydiyyatdan keçməlidir.

Qanun layihəsi Xalqın Gücü adlı populist partiyanın üzvləri tərəfindən təklif olunub.

Xalqın Gücü Partiyası

Bu partiyanı 2022-ci ildə Gürcüstanın hakim “Gürcü arzusu” partiyasını tərk etmiş siyasətçilər təsis ediblər.

ABŞ-ın Gürcüstandakı fəaliyyətinə tənqidi yanaşan Xalqın Gücü partiyası 150 yerlik ölkə parlamentində 9 mandata malikdir.

Partiyanın parlament debatına təklif etdiyi qanun layihəsi “Xarici Təsirin Şəffaflığı” adlanır.

Bu layihə qanun kimi qüvvəyə minərsə, Gürcüstanda maliyyələşməsinin 20 faizi xaricdən gələn medialar “xarici agent” kimi qeydiyyatdan keçməli və illik gəlirləri barəsində hesabat verməli olacaqlar.

Prays bildirib ki, Vaşinqton bu qanun layihəsi ilə bağlı narahatlığını Tbilisiyə bildirib:

"Biz bunun Gürcüstanda ifadə azadlığı və demokratiya üçün mümkün mənfi nəticələrindən dərin narahatlıq keçiririk. Biz bu narahatlığımızı Gürcüstan hökumətindəki həmkarlarımıza birbaşa bildirmişik”.

“Rəngarəng”, amma “qütbləşmiş”

Ötən sentyabrın 6-da Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel demişdi ki, Avropa İttifaqı üzvlüyünə namizəd statusu almazdan əvvəl Gürcüstanın qanunun aliliyi, müstəqil ədliyyə və media azadlığı sahəsində islahatları sürətləndirməsinə ehtiyac var.

Gürcüstan Sərhədsiz Reportyorlar təşkilatının 2022-ci il üçün media azadlığı indeksində 180 ölkə arasında 98-ci yeri tutub.

Təşkilatın hesabatında deyilir ki, 2021-ci il ərzində Gürcüstanda jurnalistlərin üzərinə “misli görünməmiş” fiziki hücumlar qeydə alınıb.

Sənəddə bildirilir ki, “rəsmi müdaxilələr” bu ölkədə mətbuat azadlığı sahəsində göstərilən səylərə kölgə salıb.

Təşkilat qeyd edir ki, Gürcüstanın mətbuat landşaftı “rəngarəng” olsa da, “kəskin şəkildə qütbləşib” və media qurumlarının sahibləri onların redaksiya siyasətinə nəzarət ediblər.

Hesabatda deyilir ki, mətbu medianın oxucu auditoriyası kiçilsə də, regional və icma radiostansiyaları artıb, internet mediasının auditoriyası genişlənib.

XS
SM
MD
LG