Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:31

İranda kürd gəncin ölümünə görə polis əməkdaşı həbs olunub


İranlıların Brüsseldə etiraz aksiyası
İranlıların Brüsseldə etiraz aksiyası

İran hakimiyyəti kürd gəncin ölümünə görə polis əməkdaşının həbs olunduğunu bildirir. Bu, islam respublikasında təhlükəsizlik orqanı işçisinə qarşı nadir addım sayılır.

Ötən sentyabrda başlanan antihökumət etirazları güc strukturları tərəfindən amansızlıqla yatırdılıb.

Gənc necə güllələnib

Fevralın 18-də yayılmış ilkin rəsmi xəbərdə deyilirdi ki, Muxtar Fəthi Saqqız şəhərində polisin birbaşa atəşi nəticəsində öldürülüb. Ölkədə böyük etirazların başlanmasına Saqqız şəhərindən olan 22 yaşlı Məhsa Əmininin polisdə vəfatı səbəb olmuşdu. Onun hicab qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən saxlandığı bildirilirdi.

Fəthinin şəhərin divarlarında islam respublikasına qarşı şüarlar yazandan sonra öldürüldüyü bildirilirdi. İslam İnqilab Keşikçiləri Korpusuna bağlı “Tasnim” xəbər agentliyi Fəthinin polis gülləsindən öldüyünü təsdiqləmişdi.

Ancaq “Hengaw” insan haqları qrupu mənbələrə istinadla xəbər verib ki, Fəthi valideynlərinin evi yaxınlığında iki dostuyla maşında oturarkən təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

Qrupun bildirdiyinə görə, “hökumət qurumları Fəthinin ailəsini hədələyərək ictimaiyyətə məsələ barədə məlumat verməməyi tapşırıb”.

Rəsmi təsdiq

Kürdüstan vilayətinin baş hakimi Hüseyn Hüseyni rəsmilərin qurbanın ailəsindən şikayət aldığını, “ittiham olunanlara qarşı iş açıldığını, bir polis əməkdaşının həbs olunduğunu” təsdiqləyib.

Əmininin sentyabrın 16-da vəfatından sonra İranı iğtişaşlar bürüyüb. Hökumət narazılığı yatırtmaq üçün əksyürüşlər də təşkil edib, ancaq adamlar küçələrə çıxmağa davam ediblər. Təhlükəsizlik qüvvələr ölkə boyunca məktəblərə reydlər təşkil edib, xüsusilə etiraz olaraq hicablarını çıxarmış qızlar zorakılıqla saxlanıb.

ABŞ-də yerləşən İnsan Haqları Xəbər Agentliyinin məlumatına görə, yanvarın 29-dək iğtişaşlarda azı 527 nəfər öldürülüb, onlardan 71-i azyaşlı olub.

XS
SM
MD
LG