Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:31

İran fondu Salman Rüşdiyə hücum edənə torpaq bağışlayır


Hadi Matar
Hadi Matar

İran fondlarından biri ötən il yazıçı Salman Rüşdiyə hücum edərək ona ağır xəsarət yetirən şəxsə təşəkkür olaraq 1 hektar əkinə yararlı torpaq sahəsi vəd edib.

Bu barədə məlumat İran dövlət televiziyasının teleqram kanalında yayılıb.

75 yaşlı yazıçı bu hücum nəticəsində bir gözünü və bir əlinin hərəkət qabiliyyətini itirib.

Hücum ötən ilin avqustunda Nyu Yorkun qərbində yerləşən Eri gölü yaxınlığında keçirilən ədəbiyyat tədbirində baş verib.

Nyu Cersi ştatından olan şiə müsəlman Hadi Matar qətlə qəsd və hücumda ittiham olunsa da, təqsirini etiraf etməyib.

İranın Xomeyni Fətvalarının İcrası Fondunun katibi İsmayıl Zareyi bu barədə deyib:

"Biz Rüşdinin bir gözünü kor və əllərindən birini şikəst etmiş gənc amerikalıya mərd hərəkətinə görə səmimi təşəkkürümüzü bildiririk. Rüşdi indi yaşayan ölüdən başqa bir şey deyil və biz sözü gedən igidliyi göstərmiş şəxsə və ya onun hər hansı təmsilçisinə 1 hektarlıq əkinə yararlı torpaq hədiyyə edirik”.

Mühacir ailəsində doğulub

Reuters agentliyi yazır ki, Hindistan əsilli Britaniya yazıçısı Rüşdi hücuma məruz qalarkən Çatakva İnstitutunda (Chautauqua Institution) sənət azadlığına dair mühazirə oxumağa hazırlaşırdı.

Polis bildirir ki, Matar məhz bu anda səhnəyə atılaraq Rüşdiyə bıçaq zərbələri endirib.

Bu hücumdan 33 il əvvəl İranın ovaxtkı ali rəhbəri ayətüllah Ruhulla Xomeyni “Şeytan ayələri” ("The Satanic Verses") romanını yazdığına görə Rüşdi barədə ölüm fətvası vermişdi.

Livanda Xomeyni fətvasının icrasına çağıran aksiya
Livanda Xomeyni fətvasının icrasına çağıran aksiya

Bəzi müsəlmanlar romanın Məhəmməd peyğəmbərə aid hissələrini küfr hesab edirlər.

Matarın ailəsi Amerikaya Livanın cənubundakı Yarun şəhərindən köçüb.

NBC News telekanalının məlumatına görə hüquq-mühafizə orqanlarının Matarın sosial media hesablarında apardığı təhqiqat onun şiə ekstremizminə və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) rəğbətli olduğunu göstərib.

Xomeyniyə rəğbətli şəhər

Yarun şəhərinin küçələrində Xomeyninin portretləri asılıb və Livanda İranın Hizbullah qrupu döyüşçülərinə abidələr qoyulub.

Yarun şəhərinin meri Əli Tehfe deyib ki, Matarın valideynləri ABŞ-a mühacirət ediblər və o Amerikada dünyaya gəldiyindən onun siyasi baxışları barədə məlumata malik deyil.

Hindistanda kəşmirli müsəlman ailəsində doğulmuş Salman Rüşdi bu fətvaya görə 9 il Britaniyada polis mühafizəsi altında məxfi bir evdə yaşayıb.

İranın islahatyönlü keçmiş prezidenti Məhəmməd Xatəmi 1990-cı illərin sonlarında hökumətin Xomeyni fətvası ilə bağlı olmadığını elan etsə də, həmin fətvanın icrası üçün yaradılmış fondda vəsaitlər yığılmaqda davam edib. Sözü gedən fətva heç vaxt rəsmən geri çağırılmayıb.

İranın hazırkı ali rəhbəri ayətüllah Əli Xameneyi 2019-cu ildə Xomeyni fətvasının ləğvinin mümkün olmadığını elan etdikdən sonra onun Twitter hesabı bağlanıb.

XS
SM
MD
LG