Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:32

Rasim Məmmədovun işi birinci instansiya məhkəməsinə qaytarıldı


Rasim Məmmədov kimdir? Müttəhim kürsüsünə hansı kreslodan gəlib? ARXİVƏ NƏZƏR
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

Rasim Məmmədov kimdir? Müttəhim kürsüsünə hansı kreslodan gəlib? ARXİVƏ NƏZƏR

"Baku Steel Company" MMC-nin (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş sədri, 2 ildən çoxdur həbsdə olan Rasim Məmmədov fevralın 24-də yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində onun 14 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verdiyi şikayətə baxılır.

Məmmədovun vəkilləri deyir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm çıxarmasından 2 aydan çox vaxt keçir, amma onlar bu iş üzrə məhkəmə iclas protokollarında nə yazıldığını hələ də bilmirlər. Çünki nə birinci instansiya məhkəməsinin gedişində, nə də hökmdən sonra onlara protokollarla tanış olmağa şərait yaradılıb.

Vəkillərin sözlərinə görə, qanunda hər məhkəmə iclasından sonra 3 gün ərzində tərəflərin protokollarla tanış olmaq hüququ nəzərdə tutulsa da, onların bu hüququ pozulub. Dəfələrlə bu hüquqlarının təmin olunması üçün vəsatət qaldırsalar da, əhəmiyyət verilməyib.

Bakı Apellyasiya Məhkəməsində Məmmədovun şikayətinə baxan hakimlər qərar verib ki, iş birinci instansiyaya – Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılsın. Çünki təqsirləndirilən şəxs və vəkilləri protokollarla tanış olmalı, razılaşmadıqları məsələlər olarsa, öz qeydlərini verməlidirlər.

Xatırlatma

2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədova 2022-ci il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. O, 14 il azadlıqdan məhrum edilib.

Məmmədov "Baku Steel Company"dən 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. Hökmə əsasən, onun təxminən 70 milyon manatlıq əmlakı da müsadirə olunub. Onların arasında aşağıdakı daşınmaz əmlaklar var:

- Sumqayıtda yerləşən zavod;

- Xəzər rayonu, Mərdəkan və Şüvəlan qəsəbələrində yerləşən bağ evləri;

- Ziya Bünyadov prospektində 2600 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsi;

- Sabunçu qəsəbəsində obyekt;

- Azadlıq prospekti-54 ünvanında mənzil;

- Əhməd Cavad küçəsində mənzil;

- Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən Bakı Oksford Məktəbinin binası...

Rasim Məmmədov özünü təqsirli bilmir və apellyasiya şikayətində də ona bəraət verilməsini istəyib.

"Bir adam mənə izah eləmir ki, bütün bunlar niyə baş verir. Mən heç bir cinayət eləməmişəm, ona görə bəraət istəyirəm. Son sözüm budur...", - Məmmədov birinci instansiya məhkəməsində son sözündə belə demişdi. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə "Baku Steel Company" ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələləri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.

XS
SM
MD
LG