Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:51

Keçmiş rektoru yenidən polislə məhkəməyə gətirməyə cəhd ediləcək


Nurlana Əliyeva
Nurlana Əliyeva

Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Nurlana Əliyeva onun haqqında məcburi gətirilmə qərarı çıxarılmasına baxmayaraq, yenə də məhkəməyə gəlməyib. Söhbət universitetin Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyevanın işi üzrə məhkəmə prosesindən gedir. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

"Ona dəfələrlə çağırış göndərilib"

Martın 6-da məhkəmədə bu işə baxan hakim Əli Məmmədov bildirib ki, sabiq rektorun gətirilib dindirilməsi üçün dəfələrlə cəhd göstərilib: "Dəfələrlə polisə müraciət ünvanlamışıq. Lakin məhkəməyə gətirilməsi mümkün olmayıb. Əvvəlki məhkəmə iclasında məlumat daxil oldu ki, səhhətindəki problemlərə görə Türkiyəyə gedib. Sonradan mediada məlumat yayıldı ki, Nurlana Əliyeva ölkədədir. Hətta özü də ölkədə olduğunu təsdiqlədi, məhkəmənin ona çağırış göndərmədiyini dedi. Lakin ona dəfələrlə çağırış göndərilib...".

Hakim keçmiş rektorun istintaqdakı ifadəsinin elan olunmasını təklif edib. Lakin təqsirləndirilən Dürdanə Əliyeva da, onun vəkili də buna etiraz edib. Onlar israrlıdır ki, Nurlana Əliyeva özü məhkəməyə gəlsin. Deyirlər ki, ona veriləsi sualları var.

"Burada mənim taleyim həll olunur. Belə çıxır ki, Nurlana Əliyeva bu qədər adamı saymır, ona görə məhkəməyə gəlmir", – təqsirləndirilən Əliyeva belə deyib.

100-dən çox adamın təhsil haqqının mənimsənildiyi deyilir

Hakimlər bir daha müşavirə keçirib və sabiq rektorla bağlı məcburi gətirilmə qərarını qüvvədə saxlayıb. Əliyevanı növbəti dəfə polis vasitəsilə məhkəməyə gətirməyə cəhd göstəriləcək.

Növbəti məhkəmə iclası martın 13-nə təyin edilib.

226 min manatlıq mənimsəmə, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə ittiham olunan keçmiş şöbə müdirinin ikinci ali təhsil alan tələbələrin verdiyi ödənişləri xəzinəyə köçürmədiyi, işə düzəltmək və başqa adlarla pul alıb aldatdığı iddia edilir. Cinayət işində 100-dən çox adamın təhsil haqqı kimi ödədiyi pulların ələ keçirilməsindən söhbət gedir. İttiham verilən maddələr üzrə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Təqsirləndirilən Əliyeva isə bu işləri tək görmədiyini, baş verənlərdən rektorun da xəbəri olduğunu deyir. Onun sözlərinə görə, Nurlana Əliyeva da, hətta universitetin mühasibi də prosesin iştirakçısı olub. Lakin onlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq zamanı məsuliyyətdən kənarda saxlanılıblar.

"Aydan arı, sudan duruyam"

77-yaşlı Nurlana Əliyeva 2016-cı ildə rektor vəzifəsinə təyin edilib. Tələbələrin şikayəti əsasında cinayət işi başlanandan və Dürdanə Əliyeva məsuliyyətə cəlb olunandan sonra bir neçə ay sonra – 2021-ci ilin iyununda o da rektor vəzifəsindən azad edildi. O, həmçinin 2009-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasına da sədrlik edib.

Nurlana Əliyeva hələ rektor işlədiyi dövrdə onun da yeyinti hallarından xəbərdar olması haqda iddialara cavab olaraq, universitet açıqlama yaymışdı ki, Dürdanə Əliyevanın əməllərinin araşdırılması üçün elə rektorun özü həm Baş Prokurorluğa, həm də Təhsil Nazirliyinə müraciət edib.

Nurlana Əliyeva bir müddət öncə gununsesi.info-ya açıqlamasında bu cinayət işi və məcburi gətirilmə qərarı ilə bağlı məsələyə belə münasibət bildirmişdi: "Mən hazırda evimdə oturmuşam, mən aydan arı, sudan duruyam. Mənim heç bir günahım yoxdur, mənə rəsmi bildiriş göndərsinlər və gedim şahid qismində ifadəmi verim...".

XS
SM
MD
LG