Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:50

Laçın yolundakı aksiyanın Qarabağ ermənilərinin dolanışığına hansı təsiri olub?


Xankəndidən müsahibə: 'Sülhməramlıların buraxdığı yük 10 faiz ehtiyacımızı ödəmir'
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Xankəndidən müsahibə: 'Sülhməramlıların buraxdığı yük 10 faiz ehtiyacımızı ödəmir'

Dekabrın 12-dən bəri Laçın-Xankəndi yolundakı etiraz aksiyası davam edir. Bir qrup azərbaycanlı ekofəal Laçın dəhlizinin Şuşadan keçən hissəsində aksiya keçirdiyindən yolda hərəkət nisbətən məhdudlaşıb. Aksiyaçılar separatçıların nəzarətində olan faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edirlər. Azərbaycan hakimiyyəti bunadək həmin yolla Ermənistandan Qarabağdakı erməni icmasına silah daşındığını da deyir.

Üç aya yaxındır sürən aksiya Qarabağ erməniləri üçün iqtisadi itkilərə də yol açıb. Separatçı qurumun açıqladığı göstəricilərdən aydın olur ki, 2023-cü ilin yanvar ayında Qarabağda toplam 1 milyard 902 milyon dram (təxminən 8 milyon 321 min manat) vergi və rüsum toplanılıb. Bu, planlanan göstəricinin (2 milyard 800 milyon dramın – azı, 12 milyon 249 min manatın) cəmi 68 faizi deməkdir. Başqa sözlə, yanvar ayında Qarabağda toplanan vergi və rüsumlar plandan 900 milyon dram (azı, 3 milyon 937 min manat) və ya 32 faiz geri qalıb. Bu göstərici ötən ilin yanvarı ilə müqayisədə də aşağıdır, çünki həmin ilk ayında bu ilin yanvarı ilə müqayisədə 28.5 faiz daha çox daxilolma qeydə alınmışdı. Vergi daxilolmalarının azalmasına dair açıqlamada bildirilir ki, qeydə alınan aşağı nəticələr 2022-ci ilin dekabrından bəri azərbaycanlıların Qarabağa gedən yolu bağlamasından qaynaqlanır. Özəlliklə bir sıra iri vergi ödəyicisinin öz fəaliyyətini dayandırması və satış dövriyyələrinin aşağı düşməsi daha az vergi öhdəliklərinin yaranmasın əsas səbəb olaraq göstərilir.

5 min 700 nəfər işini itirib

Qarabağdakı rejimin açıqladığı göstəricilərə görə, aksiya üzündən yolların bağlı olduğu dövrdə Qarabağda fəaliyyət göstərən 755 sahibkarlıq subyekti fəaliyyətini dayandırıb. Bu, bölgədəki bütün bizneslərin 17.7 faizi deməkdir. Yerdə qalan sahibkarlıq subyektləri ya qismən, ya da separatçı qurumun dəstəyi ilə fəaliyyət göstərə bilir. Dekabrdan bəri bağlanan sahibkarlıq subyektlərində çalışan 5 min 700 nəfər işini itirib. Separatçı qurumun hesablamalarına görə, yolların bağlı olması Qarabağa toplam 150 milyon ABŞ dolları həcmində zərər vurub. Bu, bir il boyunca Qarabağda formalaşan ÜDM-nin, azı, 16 faizi deməkdir. Həmin dövrdə Qarabağın ermənilər məskunlaşan bölümünə çatdırılacaq 33 min 200 ton yük gətirilməyib.

Separatçı qurumun açıqlamasında o da bildirilib ki, Qarabağa gedən yolların bağlı olduğu dövrdə burada 320 uşaq doğulub. Planlaşdırılmış əməliyyatlar dayandırıldığından 780-nə yaxın insana tibbi xidmət göstərilməyib. Uyğun tibbi yardım almaq üçün 144 xəstə Ermənistana göndərilib. Açıqlamada ayrıca deyilir ki, Qırmızı Xaç Komitəsinin təcili yardım maşını olmadığından və xəstələr yalnız adi maşınla daşına bildiyindən yataq xəstələrini daşımaq mümkün olmayıb.

Yolların bağlı olmasının biznesə təsiri

Yolların bağlı qalması Qarabağda fəaliyyət göstərən şirkətlərin fəaliyyətində də problemlərə yol açıb. Məsələn, "Artsax Fruit" meyvə-tərəvəz emalı və konservləşdirmə şirkətinin nümayəndəsi Ermənistan mediasına açıqlamasında bildirib ki, məhsullarını qablaşdırmaq üçün gərəkən ləvazimatlar yollar qapandığından Qarabağa gətirilə bilmir. Bu üzdən şirkətin fəaliyyətində problemlər yaranıb. O, hazırda Ermənistanda nar siropu və doşabın qablaşdırılması üçün xeyli miqdarda qabların olduğunu, amma yollar bağlı olduğundan bu qabların gətirilmədiyini də söyləyib. Şirkət nümayəndəsi hər ilin aprel ayında daha aktiv fəaliyyət göstərdiklərini və bu səbəbdən mövsümi işçilər cəlb etdiklərini də sözlərinə əlavə edib. O vurğulayıb ki, aprelədək yollar açılmasa, mövsümi işçilər də işsiz qala bilər.

Separatçı qurum sahibkarlara dəstək olacaq?

Separatçı qurum yol bağlandığından problem yaşayan biznesmenlərə yardım edəcəyini açıqlayaraq bildirib ki, vergi ödəyiciləri nəzərdə tutulan ödənişi əldə etmək üçün martın 15-dək elektron ərizə ilə üz tutmalıdırlar. Sahibkarların ödədiyi gəlir vergisi və sosial ödənişlər onlara veriləcək məbləğin hesablanmasına əsas sayılacaq. Martın 3-də açıqlanan bilgilərə görə, artıq 1 min 231 sahibkarlıq subyekti bu yardımı əldə edə bilib. Yardımların toplam məbləği 234 milyon dram, yəni indiki məzənnə ilə, azı, 1 milyon manatdır. Bu isə o deməkdir ki, bir sahibkarlıq subyektinin əldə etdiyi birdəfəlik yardımın orta məbləği təxminən 800 manatdır.

Yeni təyin edilən "dövlət naziri" Qurqen Nersisyan da Qarabağda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib. O bildirib ki, konstruktiv və praktik münasibətlərin tərəfdarıdır və müxtəlif narahatlıq doğuran məsələləri müzakirə etməyə hazırdır. Nersisyan "Artsax İş Adamları İttifaqı" adlı qeyri-hökumət təşkilatının yaradılmasından məmnunluğunu da dilə gətirib.

XS
SM
MD
LG