Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:57

Gürcüstanda saxlananlar buraxılıb, aksiyalar davam edir


Tbilisi, 8 mart, 2023-cü il
Tbilisi, 8 mart, 2023-cü il

Gürcüstanın paytaxtı Tbilisidə, habelə Batumi və Kutaisi şəhərlərində martın 9-da axşam etiraz aksiyaları bərpa olunub.

Etirazçılar hakim “Gürcü arzusu” partiyasından “xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsinin rəsmi qaydada dayandırılmasını tələb edirlər.

Onlar deyirlər ki, hakimiyyət bir müddət sonra bu qanun layihəsini bir də müzakirəyə çıxara bilər.

Hazırda ABŞ-da səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan xalqını “qələbə” münasibətilə təbrik edib və bildirib ki, onun ölkəsini Avropa İttifaqına inteqrasiyadan uzaqlaşdıran heç bir qanunu imzalamayacaq.

Tbilisidə martın 7-də və 8-də “xarici agentlər haqqında” qanunun qəbul edilməsinə qarşı izdihamlı küçə etirazları keçirilib.

Polis etirazların gedişində 134 nəfərin saxlandığını bildirmişdi. Gürcüstanın insan haqları üzrə müvəkkili bir neçə aksiya iştirakçısının xəsarətlər aldığını bildirib.

Bu da xəbər verilir ki, xüsusi istintaq xidməti martın 7-də və 8-də polisin aşırı gücdən qanunsuz istifadə etməsi barədə iddiaların araşdırılmasına başlayıb.

ABŞ səfirliyindən daha bir xəbərdarlıq

Gürcüstan DİN xəbər verir ki, martın 9-da axşam bundan əvvəl saxlanmış 130 nəfər sərbəst buraxılıb.

Məlumatda deyilir ki, bəzilərinin təcridxanada saxlanma müddəti qurtarıb, digərləri isə cərimə ödəyiblər.

Bu da bildirilir ki, polislərə hücumda ittiham olunan bir nəfər hələ də həbsdədir və təqsiri təsdiq olunarsa, ona 4 ildən 7 ilədək iş kəsilə bilər.

Hakimiyyət orqanları aksiyaların gedişində 70-dək polisin xəsarət aldığını bildirir.

ABŞ-ın Gürcüstandakı səfirliyi hakim partiyanın xarici agentlər haqqında qanunun hər iki layihəsini geri götürməsini alqışladığını bildirib.

Səfirliyin bəyanatında deyilir ki, hakimiyyət layihənin geri götürüldüyünü rəsmi qaydada təsdiq etməli və “bir daha Gürcüstan xalqının Avropa dəyərləri arzusuna qarşı çıxan belə təşəbbüslərdə bulunmamalıdır”.

Gürcüstanda hakim partiya 'xarici agent' qanununu geri götürüb

Gürcüstanın hakim partiyası ikigünlük zorakı toqquşmalar və Qərbin sərt tənqidindən sonra qalmaqallı “xarici agentlər” qanununu parlamentdən götürüb.

“Cəmiyyətin hər bir üzvü üçün məsuliyyət daşıyan hökumət partiyası olaraq dəstəklədiyimiz bu qanunu qeyd-şərtsiz götürmək qərarına gəldik”, – Gürcü Arzusu partiyası martın 9-da vebsaytında bildirib.

Qalmaqallı qanuna etirazlar martın 7-də başlanıb. Həmin gün qanun layihəsi parlamentdə birinci oxunuşda qəbul edilib. Qanun maliyyəsinin azı 20 faizini xaricdən alan mülki cəmiyyət təşkilatlarının “xarici agent” hesab olunmasını nəzərdə tuturdu.

Bəziləri bu layihəni Rusiyanın oxşar qanunu ilə müqayisə edirdilər. Rusiyada xaricdən maliyyə dəstəyi olan bütün təşkilat və fərdlə “xarici agentlər” sayılır.

Gürcüstanda iki gün ərzində etirazlarda “Rusiya qanununa yox” şüarı səslənib, iştirakçılar Gürcüstanın, Ukraynanın, Aİ-nin himnlərini oxuyublar.

Müxalifət etirazların davam edəcəyini deyir

Onlarla etirazçı saxlanıb. Daxili İşlər Nazirliyi toqquşmalarda azı 50 polis əməkdaşının xəsarət aldığını bildirir.

Gürcü Arzusu bəyanatında bildirib ki, qanun layihəsi “pis və yanlış təqdim olunub”. Hakim partiya qanunun məqsədinin “daha yaxşı izah olunması üçün” ictimai dinləmələrə başlayacağını bildirib.

Müxalifət partiyası təmsilçiləri isə bəyan ediblər ki, hökumət “xarici agentlər” qanununu tamamilə ləğv etməyincə və etirazlarda saxlananların hamısını buraxmayınca etirazlar davam edəcək. Ölkə müxalifəti Gürcü Arzusunu Moskva ilə yaxınlığına görə tənqid edir. Rusiya Gürcüstanın Abxaiya və Cənubi Osetiya regionlarında separatçıları dəstəkləyir.

Prezident Salome Zurabişvili qanuna veto qoyacağını demişdi, amma parlament vetonu rədd edə bilərdi.

Aİ-nin reaksiyası

Bu qanunvericiliyin təqdimatı Avropa İttifaqı və ABŞ diplomatlarının tənqidinə səbəb olmuşdu.

Aİ-nin Gürcüstandakı nümayəndə heyəti tvitində hakim partiyanın açıqlamasını alqışlayıb. Blok daha öncə Gürcüstanda demokratiyanın gələcəyinə dair ciddi suallar qaldırmışdı.

“Gürcüstanın bütün siyasi liderlərini Aİ-yönlü islahatları inklüziv və konstruktiv yolla bərpa etməyə, 12 prioritetə uyğun olaraq Gürcüstan üçün namizəd statusu almağa çağırırıq”, – tvitdə deyilir.

Tbilisi Aİ üzvlüyü yönündə addımlasa da, blok rəsmiləri deyirlər ki, “xarici agentlər” qanunu ölkənin üzvlüyünü çətinləşdirəcək. Ötən il blok Gürcüstana namizəd statusu verməyib, siyasi və ədliyyə islahatlarının yubanmasını əsas gətirib.

XS
SM
MD
LG