Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:20

Rusiya indi də müharibəyə qadın məhkumları aparır?


Samaradakı qadın koloniyası (Arxiv fotosu)
Samaradakı qadın koloniyası (Arxiv fotosu)

Rusiya qadın məhkumları şərqi Ukraynada işğal olunmuş ərazilərdə işləməyə göndərir.

Bu barədə məlumatı Rusiya fəallarından biri verib.

Martın 13-də məhkumların hüquqlarını müdafiə edən qrupun rəhbəri Olqa Romanovanın bu məlumatını Ukraynanın hərbi rəsmiləri də təsdiq ediblər.

Hərbçilər bildiriblər ki, işğal olunmuş ərazilərdə rusiyalı məhkum qadınlara rast gəlinir.

Rusiya hökuməti hələ ki, bu məlumatla bağlı heç bir açıqlama verməyib.

Ümumiyyətlə isə Rusiya Ukraynaya müdaxiləsində məhkumlardan artıq 13 aydır ki, istifadə edir.

İndi məhkumlarla Müdafiə Nazirliyi məşğul olur

Wagner özəl hərbi şirkətinin Ukraynada döyüşən qüvvələrinin böyük bir qismini məhz koloniyalardan səfərbər olunmuş məhkumlar təşkil edir.

Onlar tamamilə əfv olunmalarının və ya məhkumluq müddətlərinin azaldılması müqabilində Ukraynada döyüşmək üçün kontraktlar imzalayıblar.

Məhkumlar adətən cəbhənin ən qızğın yerlərinə göndərilirlər və buna görə də onların arasında itkilər daha böyükdür.

Wagner məhkumların səfərbərliyini ötən aydan dayandırdığını bildirsə də, bəzi məlumatlara görə indi bu işlə Müdafiə Nazirliyinin özü məşğul olur.

Amma qeyd olunur ki, qadın məhkumların Ukraynaya hansı məqsədlə göndərildiyi hələ ki, aydın deyil.

Məhkumlarla dolu qatar

Martın 13-də Ukrayna silahlı qüvvələrinin baş qərargahı bildirmişdi ki, məhkumları daşıyan qatar Donetsk regionunda müşahidə olunub.

Həmin məlumata görə həmin qatarın bir vaqonu qadın məhkumlar üçün ayrılmışdı.

Romanova IStories təhqiqat saytına deyib ki, o belə tədbirlər barədə hələ ötən ilin axırlarında eşidib.

Onun sözlərinə görə qadın məhkumlar Rusiyanın cənubundakı islah-əmək müəssisələrindən aparılır.

Bu yaxınlarda həmin müəssisələrdən Ukraynaya 100-dək qadın aparıldığı xəbər verilmişdi.

Bundan əvvəl Romanova demişdi ki, Rusiyanın Müdafiə Nazirliyi məhkumları ən azı iki islah-əmək koloniyasından səfərbər edir.

Bunlar Volqoqrad və Kemerovo regionlarındakı həbsxanalardır. Səfərbər olunanların kişi və ya qadın olduğu məlum deyil.

Priqojinin oxuduğu məktub

Ötən dekabrda Wagner şirkətinin təsisçisi Yevgeni Priqojin Sverdlovsk regionunun bir deputatından aldığı məktubu açıqlamışdı.

Həmin millət vəkili yazırdı ki, bir qrup qadın məhkum tibb bacısı və ya dəmir yolu siqnalçısı, habelə digər işlərdə çalışmaları üçün Ukraynaya göndərilmələrini rica edir.

Bu məktubun mövcudluğu müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Qərb rəsmiləri bildirilər ki, Wagner qrupu məhkum döyüşçülərdən Baxmut şəhərinin ələ keçirilməsi üçün istifadə edir.

Ukrayna əsgərləri deyirlər ki, onların mövqelərinə on minlərlə muzdlu axın-axın hücum edir.

XS
SM
MD
LG