Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:20

Rusiya Ukraynaya yenidən dron zərbələri endirir


Volodimir Zelenski Zaporojyedə, 27 mart, 2023-cü il
Volodimir Zelenski Zaporojyedə, 27 mart, 2023-cü il

Rusiya Kiyev və ətrafına İran istehsalı dronlarla yeni zərbələr dalğası endirib, ancaq Ukraynanın havadan müdafiə sistemi onların hamısını vurub. İtkilər barədə məlumat yoxdur. Məlumatı Ukrayna ordusu martın 27-də yayıb. Bu arada şərqi Donetsk vilayətindəki Baxmut şəhərində və ətrafında ağır döyüşlərin getdiyi bildirilir.

Martın 27-də bir sıra vilayətlərdə hava həyəcanı səslənib. Baş qərargahın gündəlik bülletenində deyilir ki, Rusiya Ukraynaya havadan zərbələr üçün 15 Şahid-136 hücum dronlarından istifadə edib, ancaq onların 14-ü vurulub.

Kiyev yaxınlığında 12 dron vurulub

“Ukraynanın bütün ərazisinə raket və havadan zərbələr ehtimalı yüksəkdir”, – Baş Qərargah xəbərdarlıq edir.

Kiyev Şəhər Hərbi administrasiyasının başçısı Sergey Popkonun dediyinə görə, ötən gecə Ukrayna paytaxtı yaxınlığında 12 dron vurulub.

Kiyevin meri Vitali Kliçko isə paytaxtın iki rayonunda partlayışlar olduğunu bildirib, itki yoxdur. Vurulmuş dronun qalıqları bir rayonda yanğına səbəb olub.

Bu arada şərqi Donetsk vilayətində bir neçə cəbhədə döyüşlər gedir. Ukrayna qüvvələri son 24 saat ərzində 62 hücumu dəf etdiklərini bildirirlər. Rusiya qüvvələri Baxmut şəhərinə hücum ardınca hücum həyata keçirirlər.

Rusiya ordusunun Ukraynanın nəzarətində olan Marinka və Avdiyevka şəhərlərini də atəşə tutması xəbərləri gəlir.

Zelenski Zaporojyedə olub

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye vilayətində cəbhə xəttinə qəfil səfər edib, BMT-nin nüvə agentliyinin başçısı Rafael Qrossi ilə görüşərək Avropada ən böyük nüvə enerjisi stansiyasının mühafizəsini müzakirə edib.

Zelenski martın 27-də Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısına deyib ki, stansiya Rusiyanın nəzarətində olduğundan orada təhlükəsizliyi bərpa etmək mümkün deyil. O, Qrossinin diqqətini stansiyadakı heyətin daim Rusiya qüvvələrinin təzyiqi altında olmasına çəkib.

Qrossi bəyanatında bildirib ki, Zelenski ilə görüşdə agentliyin Ukraynanın nüvə obyektlərinə tam dəstəyini ifadə edib.

Zelenskinin idarəsi isə prezidentin martın 27-də Zaporojyedə “cəbhə xəttində” olan əsgərlərlə görüşdüyünü bildirib.

Almaniyanın Kansleri Olaf Şoltsun açıqlamasına görə, ölkəsi Ukraynaya vəd olunan müasir Leopard döyüş tanklarından 18-ni artıq çatdırıb.

XS
SM
MD
LG